Müasir dünyada rəqəmsallaşma və konvergensiya fonunda qlobal idarəetmə modellərinin yenilənməsi zərurətə çevrilib. Azərbaycan da bu çağırışlara uyğun olaraq, media sahəsində institusional islahatlara bir neçə il öncə start verib. Hər dəfə media sahəsində islahatlar aparılarkən ölkəmizə qarşı qərəzli və əsassız kampaniya halını alan fəaliyyətlərə start verilir.
Bu dəfə isə, Azərbaycan Respublikasının Milli Məclisində Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxdıqdan sonra xarici dairələrdən və fondlardan maliyyələşən, Azərbaycanın informasiya məkanında fəaliyyət göstərən bəzi media orqanları, habelə “Sərhədsiz Reportyorlar” (RSF) kimi təşkilatlar yeni iddialarla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana qarşı yönəltməyə başladılar.
Faktyoxla RSF və onun kimi düşünən bir sıra media təşkilatları və orqanları tərəfindən səsləndirilən iddiaları təhlil edərək onların ölkənin daxili inkişaf dinamikasını və qlobal çağırışları nəzərə almayan yanaşma olduğunu müəyyən edib, təşkilatın 29 iyun tarixli “Azərbaycan: İnformasiya Nazirliyi 2.0-a doğru” adlı bəyanat-məqaləsində iddia etdiyi məqamlara aydınlıq gətirib. Eyni zamanda, Aİ-yə üzv ölkələrdə və bir sıra qərb dövlətlərində mövcud olan oxşar tənzimləyici qurumların fəaliyyətini təhlil edib.
I iddia – Azərbaycan hakimiyyəti görünməmiş səlahiyyətlərə malik “super-tənzimləyici” qurum yaradır
Bu ifadə məsələnin mahiyyətini düzgün əks etdirmir. Söhbət yeni səlahiyyətlərin ixtira edilməsindən deyil, artıq mövcud olan iki qurumun – Media İnkişafı Agentliyi və Audiovizual Şuranın inzibati baxımdan sadələşdirilməsindən gedir. Paralel aparatların saxlanılması təkrarlanan xərclər, üst-üstə düşən səlahiyyət sahələri və media subyektləri üçün əlavə bürokratik yük deməkdir. Vahid qurum modeli isə dövlət büdcəsinə qənaət etməklə yanaşı, “vahid pəncərə” prinsipini tətbiq edir: bir media subyekti artıq iki fərqli qurumla ayrı-ayrılıqda əlaqə saxlamaq məcburiyyətində qalmır, bütün prosesləri tək struktur vasitəsilə həll edir. Bu, dünya təcrübəsində sınanmış, rasional idarəçilik modelidir və bir sıra ölkələr məhz media landşaftının rəqəmsallaşması səbəbindən oxşar konsolidasiya addımları atıb.
II iddia – Bu, müstəqil tənzimləyici deyil, icraedici hakimiyyətə xidmət edən nəzarət mərkəzidir
RSF-in bu iddiası zəif əsasa malikdir, çünki onun məntiqi ardıcıl tətbiq edilmir. Əgər bir qurumun dövlət büdcəsindən maliyyələşməsi və rəhbərinin dövlət başçısı tərəfindən təyin edilməsi onu avtomatik olaraq “icraedici hakimiyyətinin aləti” edirsə, bu meyar RSF-in özünə də şamil olunmalıdır. RSF müxtəlif dövlətlərdən, dövlətlərə bağlı qurumlardan və fondlardan maliyyə dəstəyi alır, ən böyük donoru isə Fransadır. Bu faktın əsasında RSF-in öz fəaliyyətini müstəqil medianın müdafiəsi yox, Fransanın “yumşaq güc” siyasətinin bir aləti kimi şərh etmək tamamilə məntiqlidir. [faktyoxla] Əgər dövlət büdcəsindən maliyyələşmə bir qurumu şübhə altına salırsa, eyni məntiq RSF-yə də aid edilə bilər. Digər tərəfdən, yeni yaranacaq qurumda qərarların kollegial formada qəbul edilməsi formal tabeçilik iddiasını da zəiflədir. Hər dövlət öz geosiyasi və geoiqtisadi reallıqlarına uyğun addımlar atır və Azərbaycanın timsalında bu, tam təbii bir prosesdir.
III iddia – Tənzimləmə siyasi hakimiyyəti möhkəmləndirmək məqsədilə deyil, plüralizmi qorumaq üçün olmalıdır
“Siyasi hakimiyyəti möhkəmləndirmək” iddiası faktlarla üst-üstə düşmür, çünki mövcud dəstək artıq maksimum həddə yaxındır və bunu gücləndirməyə ehtiyac yoxdur. Qarabağ zəfərindən sonra Prezident İlham Əliyevin rəhbərliyinə xalqın etimadı tarixi zirvədədir. Media İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısı üzrə keçirdiyi sorğuya görə (1210 respondent, üzbəüz müsahibə, ±3% xəta əmsalı), Prezidentə etimad səviyyəsi 87,7 faiz, fəaliyyətinin müsbət qiymətləndirilməsi 93,6 faiz təşkil edir; respondentlərin 91,5 faizi bazar günü seçki olsaydı ona səs verəcəyini, 81,9 faizi isə onu alternativsiz lider hesab etdiyini bildirib. Bu qədər yüksək və möhkəm ictimai dəstəyin mövcud olduğu şəraitdə, kiçik bir inzibati islahatın “siyasi hakimiyyəti möhkəmləndirmək” məqsədi daşıdığını iddia etmək ən azından məntiqsizlikdir. [media].
IV iddia – İnstitusional mərkəzləşmə sürətlənib
Bu proses təbii və zəruri bir inkişafdır. 2002-ci ildə Audiovizual Şuranın, 2021-ci ildə Media İnkişafı Agentliyinin yaradılması, 2026-cı ildə isə Sosial Tədqiqatlar Mərkəzinin inteqrasiyası mətbuat, yayım media və rəqəmsal platformalar arasındakı sərhədlərin praktiki olaraq artıq mövcud olmadığı reallığa dövlətin adekvat cavabıdır. Ayrı-ayrı, pərakəndə qurumlarla bu sürətlə dəyişən mühiti effektiv tənzimləmək mümkün deyil. Vahid struktur həm sürətli qərar qəbulunu, həm də vahid strateji yanaşmanı təmin edir. Bu, dünyada rəqəmsal transformasiyaya uyğunlaşan bir çox tənzimləyici sistemin keçdiyi yoldur. Media landşaftının rəqəmsallaşması fonunda requlyator qurumlarını konsolidasiya edən digər nümunələr də var, ona görə bu addım təbii olaraq normal hesab edilir.
V iddia – Müstəqil jurnalistlərə qarşı repressiya güclənib, Azərbaycan 171-ci yerdədir
RSF-nin “müstəqil jurnalist” adlandırdığı şəxslərin böyük əksəriyyəti əslində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret maddələrinə görə mühakimə olunublar. Jurnalist vəsiqəsinin mövcudluğu heç kimi cinayət məsuliyyətindən azad etmir. Adıçəkilən media qurumları qeyri-şəffaf maliyyələşmə və qeyri-qanuni fəaliyyətlərinə görə Azərbaycanın rəsmi informasiya məkanında fəaliyyət göstərmə hüququna malik deyillər, buna baxmayaraq, qeyri-rəsmi kanallarla fəaliyyətlərini davam etdirirlər.
O ki qaldı Azərbaycanın 171-ci yerdə olmasına, RSF-in reytinq metodologiyası özü də ciddi sual altındadır: təşkilat bir tərəfdən bu qurumların xaricdən maliyyələşməsini problem kimi qaldırır, digər tərəfdən isə onları “müstəqil jurnalist” adlandıraraq öz-özünü təkzib edir. Üstəlik, RSF-in ikili standartları göz qabağındadır. Məsələn, Fransanın “CNews” telekanalına qarşı öz tənzimləyicisi Arcom-un gördüyü addımlara RSF-nin reaksiyası ilə Azərbaycana qarşı mövqeyi arasında açıq uyğunsuzluq var.
VI iddia – 2001-ci ildə ləğv edilmiş Mətbuat və İnformasiya Nazirliyinin geri dönüşü
Bu paralel tarixi baxımdan yanlışdır. Mətbuat və İnformasiya Nazirliyi 1993-cü ildə (Prezident Əbülfəz Elçibəyin 18 may 1993-cü il tarixli, 608 nömrəli Fərmanı ilə) Dövlət Mətbuat Komitəsinin transformasiyası nəticəsində yaradılıb, 2001-ci ildə isə Prezident Heydər Əliyevin 19 aprel 1993-cü il tarixli, 470 nömrəli Fərmanı ilə ləğv edilib. O vaxtdan bəri media və yayım sahəsini tənzimləyən qurumlar formal müstəqil status daşıyır və qərarlar kollegial qaydada qəbul edilir. Rəhbərlərin dövlət başçısı tərəfindən təyin edilməsi bu müstəqilliyə mane olan amil deyil, əksinə bir çox ölkədə tənzimləyici qurumların rəhbərləri dövlət başçısı və ya hökumət tərəfindən təyin edilir, bu, beynəlxalq təcrübədə geniş yayılmış normal bir prosedurdur.
VII iddia – Nəzarət rəqəmsal platformaları (YouTube, Telegram, Facebook, Instagram) da əhatə edəcək
Bu, tamamilə əsaslı və zəruri bir addımdır. Dünyanın müxtəlif nöqtələrində dezinformasiya və sintetik media kampaniyaları məhz bu platformalar üzərindən yayılır və bir sıra ölkələr artıq bunun ciddi xaosa səbəb olduğunu görüb. Milli təhlükəsizlik baxımından Azərbaycan da bu təhlükələrdən kənarda deyil, ona görə sosial media seqmentinin monitorinqi təbii bir dövlət funksiyasıdır. Maraqlıdır ki, RSF öz bəyanatında bu qədər illərdir tənqid hədəfinə çevirdiyi “X” (keçmiş Twitter) platformasının adını heç çəkməyib. Bu, təşkilatın seçmə və qərəzli yanaşmasının daha bir sübutudur.
Media və Yayım Şurası təcrübəsi başqa harada var və necə işləyir?
Azərbaycanda yaradılması nəzərdə tutulan Media və Yayım Şurası qlobal miqyasda qəbul olunmuş və bir çox inkişaf etmiş ölkədə uğurla tətbiq edilən “Konvergent (Birləşmiş) Media Tənzimləyicisi” modelinə əsaslanır.
Əvvəllər ölkələr mətbuat (çap), televiziya/radio (audiovizual) və internet mediasını ayrı-ayrı qurumlarla tənzimləyirdilər. Lakin rəqəmsallaşma nəticəsində bu sahələr birləşdiyi üçün (məsələn, bir qəzet həm video yayır, həm onlayn xəbər yazır, həm də podkast təqdim edir), dünya ölkələri idarəetməni tək bir “super-tənzimləyici” altında cəmləşdirməyə başlayıblar.
Dünyada bu modelin ən uğurlu və tanınmış analoqları aşağıdakı ölkələrdə mövcuddur:
1. Böyük Britaniya – Ofcom (Office of Communications)
Dünyada bu sistemin ən klassik və nüfuzlu nümunəsi “Ofcom”-dur. 2003-cü ildə Böyük Britaniya parlamenti beş fərqli tənzimləyici qurumu (Televiziya Standartları Komissiyası, Müstəqil Televiziya Komissiyası, Radio Qurumu və s.) ləğv edərək “Ofcom”-u yaratdı.
Ofcom həm ənənəvi TV və radioları, həm telekommunikasiya (internet, mobil rabitə) sektorunu, həm də rəqəmsal media platformalarını tənzimləyir. Son qanunvericilik dəyişiklikləri (Media Act) ilə Ofcom-a “Netflix”, “Amazon Prime” kimi qlobal striminq platformalarını və onlayn təhlükəsizlik qaydalarını nəzarətdə saxlamaq üçün əlavə böyük səlahiyyətlər verilmişdir.
2. Fransa – ARCOM (Autorité de régulation de la communication audiovisuelle et numérique)
Fransa da tam olaraq bu institusional birləşmə modelini seçib. 1 yanvar 2022-ci ildə ölkənin iki böyük qurumu – audiovizual tənzimləyici olan CSA ilə rəqəmsal məkanda müəllif hüquqlarını qoruyan HADOPI birləşdirilərək ARCOM yaradıldı.
ARCOM yalnız televiziya və radiolara deyil, həm də rəqəmsal platformalara (sosial şəbəkələr, axtarış sistemləri) birbaşa nəzarət edir. Qurumun əsas vəzifələrinə onlayn nifrət nitqi ilə mübarizə, dezinformasiyanın (fake news) qarşısının alınması və rəqəmsal platformaların məsuliyyətinin artırılması daxildir.
3. ABŞ – FCC (Federal Communications Commission)
Birləşmiş Ştatlarda FCC (Federal Rabitə Komissiyası) onilliklərdir ki, medianın və rabitənin vahid mərkəzdən tənzimlənməsi funksiyasını yerinə yetirir.
ABŞ-də ştatlararası və beynəlxalq səviyyədə televiziya, radio, peyk, kabel və genişzolaqlı internet üzərindən həyata keçirilən bütün yayımlar və media siyasəti bu vahid, kollegial komissiya tərəfindən idarə olunur.
4. Almaniya – KEK (Kommission zur Ermittlung der Konzentration im Medienbereich) və İnteqrasiya Olunmuş Media Qurumları
Almaniyanın media tənzimləmə sistemi çox maraqlı və spesifik bir modeldir, media tənzimlənməsi federal sistemə əsaslansa da, yanaşma vahiddir. Biznes və dövlət maraqlarının qarışmaması üçün bura çox ciddi nəzarət mexanizmləri qurulub. Ölkədə yayıma və rəqəmsal mühitə nəzarət edən media qurumları konsorsium şəklində fəaliyyət göstərir və xüsusilə rəqəmsal platformalarda (YouTube, sosial şəbəkələr) medianın konsentrasiyasına, qanunsuz kontentə vahid mərkəzdən nəzarət mexanizmlərinə malikdir.
KEK, böyük media şirkətlərinin və ya holdinqlərin rəqəmsal və ənənəvi yayım bazarında fikirlərin şaxələnməsinə (plüralizmə) mane olub-olmadığını yoxlayır. Əgər bir şirkət müəyyən bir auditoriya payını (adətən 30%-i) keçərsə və cəmiyyətin rəyinə təkbaşına güclü təsir göstərmək riski yaradarsa, KEK buna qarşı qərarlar qəbul edir.
Almaniyada media tənzimlənməsi mərkəzi dövlətə yox, 16 federal torpağa (əyalətə) məxsusdur (Landesmedienanstalten (Federal Torpaqların Media Qurumları)). Hər torpağın özünün müstəqil media qurumu var. Lakin onlar rəqəmsal dövrlə ayaqlaşmaq üçün ZAK (Zentrale Kommission für Aufsicht) adlı vahid koordinasiya mərkəzində birləşirlər.
Böyük texnologiya nəhənglərinin (YouTube, TikTok, Meta və s.) tənzimlənməsi Almaniyada iki əsas qanunla tənzimlənir:
- NetzDG (Şəbəkə Təhlükəsizliyi Qanunu): Sosial şəbəkələrdə nifrət nitqi, saxta xəbərlər və qanunsuz kontentlərin 24 saat ərzində silinməsini tələb edən və bu məsələdə vahid mərkəzdən idarə olunan sərt bir mexanizmdir.
- MStV (Media Dövlət Müqaviləsi): Bu müqavilə ənənəvi televiziya qaydalarını rəqəmsal platformalara və blogerlərə də şamil edir. Yəni böyük auditoriyası olan bir “YouTube” kanalı və ya yayımçı da eynilə televiziya kimi lisenziyalaşdırma və məzmun qaydalarına tabe olur.
Almaniya modeli göstərir ki, medianın tənzimlənməsi struktur olaraq regional (federal) hissələrə bölünsə də, internetin sərhədsiz təbiətinə görə qərarlar və rəqəmsal nəzarət mexanizmləri tamamilə vahid və mərkəzləşdirilmiş xarakter daşıyır.
5. Avstraliya – ACMA modeli
Avstraliyanın ACMA (Australian Communications and Media Authority) modeli, dünyada media və kommunikasiyanın tənzimlənməsində vahid tənzimləyici konsepsiyasının ən uğurlu və ilkin nümunələrindən biridir.
2005-ci ilə qədər Avstraliyada telekommunikasiya (telefon, xətlər) və yayım (TV, radio) ayrı-ayrı qurumlar tərəfindən idarə olunurdu. Lakin internetin inkişafı ilə TV-nin internetə, telefonun isə media alətinə çevrildiyini görən dövlət, iki böyük qurumu birləşdirərək ACMA-nı yaratdı. Beləcə, dünyada ilk dəfə media və texnologiya tək bir mərkəzdən idarə olunmağa başladı.
ACMA-nın səlahiyyət dairəsi olduqca genişdir və demək olar ki, rəqəmsal və analoq siqnal ötürən hər şeyi əhatə edir:
- Ənənəvi media: Televiziya və radioların lisenziyalaşdırılması, yayım qaydaları və proqram standartları.
- Telekommunikasiya: Mobil və sabit rabitə operatorları, internet provayderlər, peyk rabitəsi və radio tezliklərin (spektr) satışı/idarə edilməsi.
- Rəqəmsal mühit və kibertəhlükəsizlik: Spam mesajlar (SMS və e-mail), onlayn qumar oyunları və qanunsuz internet məzmunları ilə mübarizə.
Son illərdə ACMA-nın səlahiyyətləri böyük texnologiya şirkətlərini (Google, Meta, TikTok və s.) də əhatə edəcək şəkildə daha da gücləndirilmişdir.
Avstraliyada rəqəmsal platformaların dezinformasiya (saxta xəbərlər) ilə mübarizə aparması üçün xüsusi davranış məcəlləsi var. ACMA-ya verilən yeni səlahiyyətlərə görə, əgər sosial şəbəkələr bu məsələdə zəiflik nümayiş etdirsələr, ACMA onlara qarşı məcburi və sərt sanksiyalar (qlobal gəlirlərinin 5%-nə qədər cərimə) tətbiq edə bilər.
ACMA fərdi paylaşımları tək-tək silmir və ya senzura tətbiq etmir. O, birbaşa platformaların daxili alqoritmlərini və hesabatlılığını yoxlayır ki, cəmiyyətə ciddi ziyan vuran saxta xəbərlərin yayılmasının qarşısı sistemli şəkildə alınsın.
Avstraliyada rəqəmsal mühitdə fərdlərin (xüsusilə uşaqların) onlayn təhlükəsizliyini qorumaq üçün ACMA ilə sıx tərəfdaşlıq edən “eSafety Commissioner” adlı xüsusi və müstəqil bir ofis də fəaliyyət göstərir. Bu iki qurum birlikdə rəqəmsal dünyada həm medianın keyfiyyətini, həm də vətəndaşların təhlükəsizliyini təmin edir.
Avstraliyanın ACMA modeli göstərir ki, texnologiyalar birləşdikcə, onları tənzimləyən qanunlar və qurumlar da tək bir dam altında birləşməlidir. Bu, həm dövlət idarəçiliyində çevikliyi artırır, həm də rəqəmsal nəhənglərlə (Big Tech) mübarizədə dövlətin əlini gücləndirir.
6. Avropa İttifaqı: Avropada media subyektləri Aİ Audiovizual Tənzimləyicilər Siyasəti çərçivəsində, həmçinin vahid rəqəmsal bazarı tənzimləyən Rəqəmsal Xidmətlər Qanunu (DSA) və Rəqəmsal Bazarlar Qanunu (DMA) ilə idarə olunur. Avropa Media Azadlığı Aktı (EMFA) isə manipulyasiya və xarici təsirlərə qarşı ciddi mülkiyyət və kapital limitləri müəyyən edir.
Digər ölkələr:
Qeyd edəcəyimiz Avropa ölkələri də medianın rəqəmsallaşması və sərhədlərin itməsi (konvergensiya) fonunda da pərakəndə tənzimləmə sistemlərindən imtina edərək “vahid tənzimləyici” (converged regulator) modelinə keçiblər.
Bu ölkələrdəki vahid qurumların qısa xülasəsi və əsas funksiyaları aşağıdakı kimidir:
a) Avstriya – RTR (Rundfunk und Telekom Regulierungs-GmbH)
Avstriyada yayım (TV, radio), telekommunikasiya və rəqəmsal media sahələrinə nəzarət tək bir dam altında – RTR və onun nəzdindəki müstəqil media şurası (KommAustria) tərəfindən idarə olunur.
RTR təkcə lisenziya vermir, həm də rəqəmsal platformalarda (sosial şəbəkələrdə) nifrət nitqi və dezinformasiya ilə mübarizəyə dair qanunların icrasına birbaşa nəzarət edir.
b) Belçika – Regional Vahid Modellər (məs. VRM)
Belçika federal dövlət olduğu üçün media tənzimlənməsi dil icmalarına görə bölünür. Məsələn, Flamand (holland dilli) icmasında VRM (Vlaamse Regulator voor de Media) fəaliyyət göstərir.
Bu qurum fərqli media növlərini ayrıca yox, vahid mərkəzdən idarə edir. O, həm ənənəvi TV-ləri, həm də yerli video-blogerləri, rəqəmsal yayımçıları eyni media qanunvericiliyi çərçivəsində tənzimləyir.
c) Bolqarıstan – CEM (Council for Electronic Media)
Bolqarıstanda CEM (Elektron Media Şurası) həm dövlət, həm də özəl audiovisual media xidmətlərini (TV, radio, internet üzərindən yayım platformaları) tənzimləyən vahid ictimai qurumdur.
Avropa İttifaqının Audiovizual Media Xidmətləri Direktivinə (AVMSD) uyğun olaraq, CEM son illərdə internet platformalarında yerləşdirilən və uşaqların psixologiyasına zərər vura biləcək qanunsuz kontentlərin monitorinqini xeyli gücləndirib.
d) Danimarka – Slots-og Kulturstyrelsen (Mədəniyyət və Saraylar Agentliyi)
Danimarkada media tənzimlənməsi bu xüsusi dövlət agentliyinin və onun nəzdindəki Radio və Televiziya Şurasının (Radio- og tv-nævnet) əlində cəmləşib.
Bu vahid struktur həm media azadlığını və plüralizmi qorumaq üçün dövlət subsidiyalarının (maliyyə dəstəyinin) ədalətli paylanmasına baxır, həm də rəqəmsal medianın yayım standartlarına cavab verməsini təmin edir.
e) Finlandiya – Traficom (Nəqliyyat və Rabitə Agentliyi)
Finlandiya bəlkə də texnologiya və medianı ən radikal şəkildə birləşdirən ölkələrdən biridir. Ölkədə media, internet, telekommunikasiya və hətta nəqliyyat sistemləri Traficom adlı nəhəng super-agentlikdə birləşdirilib.
Traficom kibertəhlükəsizlik, tezliklərin idarə olunması, TV/radio yayımları və onlayn media platformalarının fəaliyyətinə tamamilə vahid bir mərkəzdən nəzarət edir.
Bu Avropa modelləri sübut edir ki, medianın ənənəvi (kağız, analoq) və rəqəmsal (smartfon, internet) olaraq iki fərqli qütbə bölünməsi dövrü bitib. Dövlətlər tənzimləmənin effektivliyini artırmaq, resurslara qənaət etmək və “Big Tech” (böyük texnologiya şirkətləri) qarşısında vahid hüquqi cəbhə formalaşdırmaq üçün bu idarəetmə funksiyalarını tək bir güclü şura və ya agentlikdə birləşdirirlər.
Avropa Audiovizual Media Xidmətləri Direktivi (AVMSD)
Avropa İttifaqının Audiovizual Media Xidmətləri Direktivi Avropa İttifaqında audiovizual medianın (TV, radio, video-on-demand, video paylaşım platformaları) vahid tənzimlənməsi üçün əsas hüquqi sənəddir.
Direktiv ilk dəfə 2010-cu ildə qəbul edilib, 2018-ci ildə əsaslı şəkildə yenilənib (Directive 2018/1808). Hal-hazırda 2026-cı ildə növbəti qiymətləndirmə və yenilənmə prosesi gedir.
Əsas məqsədləri Milli qanunvericiliklərin Avropa səviyyəsində koordinasiyası (uyğunlaşdırılması), medianın azadlığını, plüralizmini və rəqabətini qorumaqla yanaşı, vətəndaşları zərərli məzmunlardan qorumaq, rəqəmsal transformasiyaya (onlayn platformalar, Netflix, YouTube və s.) uyğunlaşma, Avropa mədəniyyətinin və yerli məzmunun dəstəklənməsidir.
Əsas müddəalar və tələblər:
- Məzmun standartları:
- Nifrət nitqi, zorakılıq, terror təbliğatı və diskriminasiyanın qadağan edilməsi.
- Uşaqların və yetkinlik yaşına çatmayanların qorunması (vaxt məhdudiyyətləri, xəbərdarlıqlar).
- Reklam, sponsorluq və məhsul yerləşdirilməsi qaydaları.
- Avropa və müstəqil əsərlərin təbliği:
- Video-on-demand platformalarında kataloqların ən azı 30%-i Avropa əsərlərindən ibarət olmalıdır.
- Bu əsərlərin görünürlüyünün təmin edilməsi.
- Video paylaşım platformalarına (VSP) nəzarət (2018 yenilənməsi ilə gücləndirilib): “YouTube”, “TikTok” kimi platformalar zərərli məzmuna qarşı tədbirlər görməlidir.
- Əlçatanlıq: Əlilliyi olan şəxslər üçün subtitrlər, audio təsvir, işarə dili və s.
- Milli tənzimləyicilərin müstəqilliyi: Hər ölkədə müstəqil regulator (Ofcom, ARCOM kimi) olmalıdır.
Ofcom (Böyük Britaniya) və ARCOM (Fransa) bu Direktivin milli səviyyədə icrasını həyata keçirən qurumlardır. Hər ikisi vahid tənzimləyici kimi AVMSD-nin tələblərini (məzmun qaydaları, Avropa məzmun kvotası, onlayn təhlükəsizlik) tətbiq edir. Bu, Azərbaycanın Media və Yayım Şurasının yaradılmasında istinad edilən modellərin Avropa standartlarına uyğunluğunu göstərir.
Azərbaycan Avropa İttifaqı üzvü olmasa da, “Media haqqında” Qanun və media islahatları çərçivəsində beynəlxalq təcrübəni (o cümlədən AVMSD prinsiplərini) nəzərə alır. Milli informasiya təhlükəsizliyi, yerli məzmunun dəstəklənməsi, dezinformasiyaya qarşı mübarizə və rəqəmsal platformalara yanaşma baxımından oxşarlıqlar var. Azərbaycanın Audiovizual Şurası və yeni Media və Yayım Şurası bu standartlara uyğunlaşma istiqamətində fəaliyyət göstərir.
Azərbaycan qanunvericiliyi ilə Avropa Audiovizual Media Xidmətləri Direktivi müqayisəsi
Azərbaycanın əsas sənədi — “Media haqqında” Qanun (2021-ci il, sonrakı dəyişikliklərlə) və Media və Yayım Şurasının yaradılması ilə bağlı yeniliklər beynəlxalq standartları (o cümlədən AVMSD) nəzərə alır, lakin ölkənin milli prioritetləri (informasiya təhlükəsizliyi, suverenlik) ilə uyğunlaşdırılır.
Oxşarlıqlar:
- Konvergensiya prinsipi: Hər ikisi çap, audiovizual və onlayn medianı vahid çərçivədə tənzimləyir.
- Vahid qurum modeli: AVMSD-nin tövsiyə etdiyi kimi Azərbaycan da funksiyaları bir qurumda (Media və Yayım Şurası) cəmləşdirir — bu, Ofcom və ARCOM modellərinə uyğundur.
- Qoruyucu mexanizmlər: Uşaqların qorunması, nifrət nitqinə qarşı mübarizə, dezinformasiya ilə mübarizə.
- Yerli məzmunun dəstəklənməsi: Avropa əsərləri kvotası kimi Azərbaycanda da milli məhsulun stimullaşdırılması prioritetdir.
Fərqlər və milli xüsusiyyətlər:
- AVMSD daha çox bazar rəqabəti və Avropa daxili azad ticarətə fokuslanır. Azərbaycan qanunvericiliyi isə milli suverenlik və informasiya təhlükəsizliyini ön plana çəkir (xüsusilə xarici təsirlərə qarşı).
- AVMSD-də tənzimləyicilərin müstəqilliyi daha sərt tələb olunur, Azərbaycanda isə kollegial modeldir.
- Reyestr, jurnalist vəsiqələri və maliyyə şəffaflığı mexanizmləri Azərbaycanda daha detallı tənzimlənir.
Azərbaycan “Media haqqında” Qanunu və yeni Şura AVMSD-nin əsas prinsiplərini (vahid tənzimləmə, rəqəmsal uyğunlaşma, məzmun standartları) milli reallıqlara uyğunlaşdıraraq qəbul edir. Bu, beynəlxalq standartlara inteqrasiya ilə yanaşı, ölkənin informasiya məkanını qorumaq strategiyasının bir hissəsidir.
ERGA-nın rolu (European Regulators Group for Audiovisual Media Services)
ERGA — Avropa İttifaqı çərçivəsində audiovizual media tənzimləyicilərinin əməkdaşlıq qrupudur. AVMSD (Audiovisual Media Services Directive) çərçivəsində yaradılmış mühüm mexanizmdir.
ERGA — AVMSD-nin “praktik qolu”dur. O, fərdi ölkələrin tənzimləyicilərini birləşdirərək Avropa miqyasında vahid və səmərəli media tənzimlənməsini təmin edir.
Əsas məqsədi Milli tənzimləyicilər (Ofcom, ARCOM, Azərbaycanın Audiovizual Şurası kimi qurumlar) arasında əlaqələndirmə, ən yaxşı təcrübə mübadiləsi və vahid yanaşma formalaşdırmaq və AVMSD-nin ardıcıl və effektiv tətbiqini təmin etməkdir.
Əsas funksiyaları və rolu
- Məsləhətçi rol:
- Avropa Komissiyasına AVMSD-nin tətbiqi, yenilənməsi və monitorinqi ilə bağlı rəsmi məsləhətlər
- Rəqəmsal platformaların tənzimlənməsi, dezinformasiya, plüralizm və əlçatanlıq kimi aktual məsələlərdə tövsiyələr hazırlayır.
- Əməkdaşlıq və koordinasiya:
- Milli tənzimləyicilər arasında informasiya mübadiləsini təşkil edir.
- “Ölkə mənşəyi” prinsipinin düzgün işləməsini izləyir (bir ölkədə lisenziyalı xidmətin digər ölkələrdə problemsiz yayımı).
- Çətin məsələlərdə (xüsusilə platformalarla bağlı) birgə mövqe formalaşdırır.
- Monitorinq və hesabatlılıq:
- AVMSD-nin icrasını qiymətləndirir.
- Video-paylaşım platformalarının (VSP) öhdəliklərinin yerinə yetirilməsini izləyir.
- Beynəlxalq əməkdaşlıq:
- Digər regional və beynəlxalq qruplarla (məsələn, REFRAM – fransızdilli ölkələr) əməkdaşlıq edir.
- Avropa İttifaqı xaricindəki ölkələrlə (namizəd ölkələr və ya tərəfdaşlar) təcrübə mübadiləsini dəstəkləyir.
Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, Media və Yayım Şurasının yaradılması ilə ERGA-nın fəaliyyət modelindən (vahid tənzimləyici, kollegial idarəetmə, beynəlxalq əməkdaşlıq) yararlanır. Belə qurumlar Avropada medianın konvergensiyası və rəqəmsal çağırışlara cavab vermək üçün ən effektiv mexanizm kimi qiymətləndirilir.
Sonda bir daha “Sərhədsiz Reportyorlar”ın qərəzli bəyanat/məqaləsinə qayıdaq.
Qeyd etdik ki, RSF təşkilatının “Azerbaijan: towards a Ministry of Information 2.0” adlı məqaləsi Azərbaycanda media sahəsində aparılan islahatları, xüsusilə Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsini tənqid edir. Lakin məqaləni ölkə daxilindəki rəsmi mövqe və islahatların məzmunu kontekstində nəzərdən keçirdikdə tamamilə fərqli mənzərə yaranır:
1. Vətən müharibəsindən sonra media islahatlarının prioritetliyi
RSF məqaləsi islahatları “administrativ dəyişiklik” kimi qələmə versə də, bu proses Zəfərdən dərhal sonra Prezident İlham Əliyevin media sahəsində dərin islahatlar təşəbbüsü ilə birbaşa bağlıdır. Bu, medianın inkişafının dövlət üçün strateji prioritet olduğunu göstərir. Müharibədən sonra informasiya mühitinin möhkəmləndirilməsi zərurəti ölkənin qələbəsini beynəlxalq arenada daha effektiv çatdırmaq baxımından da vacibdir.
2. Müstəqil jurnalistikanın inkişafı prioritetdir.
Prezident İlham Əliyev müstəqil jurnalistikanın inkişafını informasiya siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib. RSF-nin “nəzarət” iddiası ilə əksinə, aparılan islahatlar media subyektlərinin rəqabətə davamlılığını artırmağa, onların iqtisadi müstəqilliyini təmin etməyə və peşəkar standartları yüksəltməyə yönəlib.
3. “Media haqqında” Qanunun rolu.
Qanun ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunmasında praktik əhəmiyyətini artıq təsdiqləyib. RSF məqaləsi konvergensiya prosesini (çap, onlayn və audiovizual medianın sərhədlərinin silinməsi) qeyd etsə də, bu qlobal trendə uyğun vahid yanaşmanın zəruriliyini etiraf edir. Azərbaycan bu çağırışlara cavab olaraq çevik və kollegial mexanizmlər yaradır.
4. Media və Yayım Şurasının yaradılması – sistemli və kollegial yanaşma
Məqalədə iki qurumun (Audiovizual Şura və MEDİA Agentliyi) birləşdirilməsi “super-regulyator” kimi təqdim olunsa da, bu, əslində vahid institusional yanaşmanın nəticəsidir. Şuranın kollegial idarəetmə modelinə əsaslanması medianın müstəqilliyini və ictimai etimadı artıran demokratik mexanizmdir. Beynəlxalq təcrübədə (Böyük Britaniyanın Ofcom, Fransanın ARCOM modelləri) belə vahid qurumlar effektiv nəticə verir və Azərbaycan da bu modellərdən yararlanır.
5. Milli informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə
RSF “informasiya təhlükəsizliyi”ni nəzarət vasitəsi kimi görür. Halbuki rəqəmsal ekosistemdə dezinformasiya, xarici müdaxilə və informasiya məkanının çirkləndirilməsi riskləri artıb. Vahid qurum bu neqativ hallara mərkəzləşdirilmiş və effektiv cavab verməyə imkan yaradır, eyni zamanda yerli medianın inkişafını və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını stimullaşdırır.
6. Media Reyestri və praktiki addımlar
Qanun dəyişiklikləri çərçivəsində jurnalistlərin Media Reyestrinə daxil edilməsi və vəsiqələrin ödənişsiz verilməsi kimi addımlar peşəkar medianın inkişafına xidmət edir. Bu, şəffaflığı və sistemliliyi artırır.
Nəticə
RSF-in bəyanat-məqaləsi Azərbaycanla bağlı “ənənəvi hesabatlar”da olduğu kimi, islahatların müsbət məzmununu və qlobal çağırışlara uyğunluğunu görməzdən gələrək, yalnız “nəzarət” tezisində dayanır. Halbuki Vətən müharibəsindən sonra başlayan proses medianın rəqəmsal reallıqlara uyğunlaşdırılması, iqtisadi müstəqilliyinin gücləndirilməsi və milli informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Kollegial idarəetmə, beynəlxalq modellərə istinad və “Media haqqında” Qanunun rolu bu islahatların sistemli və müasir xarakterini təsdiqləyir.
Yuxarıda qeyd olunan fundamental beynəlxalq təcrübələr və hüquqi müqayisələr sübut edir ki, Azərbaycanda Media və Yayım Şurasının yaradılması xarici tənqidçilərin iddia etdiyi kimi “geriyə addım” və ya subyektiv nəzarət rıçaqı deyil, tam əksinə, qlobal rəqəmsal konvergensiyanın diktə etdiyi obyektiv və mütərəqqi bir zərurətdir.
“Sərhədsiz Reportyorlar” (RSF) kimi beynəlxalq təşkilatların irad sürdüyü “super-requlyator” yanaşması bu gün Böyük Britaniyanın Ofcom, Fransanın ARCOM, Avstraliyanın ACMA modellərində, həmçinin Avropa İttifaqının AVMSD direktivində uğurla tətbiq olunur. İnternetin sərhədləri sındırdığı, dezinformasiya və kibertəhdidlərin milli təhlükəsizlik probleminə çevrildiyi müasir dövrdə rəqəmsal platformaların, audiovizual və çap mediasının vahid mərkəzdən və kollegial idarə edilməsi dövlət idarəçiliyində çevikliyi təmin edən qlobal trenddir.
Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri milli informasiya məkanını xarici manipulyasiyalardan qorumaq və yerli medianın iqtisadi müstəqilliyini gücləndirməkdir. Bu kontekstdə həyata keçirilən institusional islahatlar:
- Media subyektləri üçün bürokratik maneələri azaldaraq “vahid pəncərə” prinsipini təmin edir;
- Jurnalistlərin hüquqi və peşəkar standartlarını qorumaq üçün şəffaf mexanizmlər (Media Reyestri) formalaşdırır;
- Xarici qərəzli fondlardan asılılığı aradan qaldıraraq daxili iqtisadi dayanıqlığı stimullaşdırır.
Sonda vurğulamaq lazımdır ki, RSF-nin “İnformasiya Nazirliyi 2.0” stereotipi, islahatların daxili inkişaf dinamikasını və Avropa standartlarına (ERGA, BEREC referenslərinə) uyğunlaşma xəttini görməzdən gələn səthi və birtərəfli yanaşmanın məhsuludur.
Azərbaycanın media islahatları qanunun aliliyinə, beynəlxalq innovativ təcrübəyə və milli suverenliyin qorunması strategiyasına əsaslanaraq gələcəyə yönəlmiş sistemli bir addımdır.