“Sərhəd toqquşmasının qarşısını almaq mümkün olmayacaq” – Eskalasiya təhlükəsi

ABŞ və Qərbdən son zamanlar tez-tez Azərbaycan-Ermənistan sərhədində toqquşma olacağına dair proqnozlar eşidilir. Paralel olaraq Ermənistanın aktiv şəkildə silahlandırılması Bakının narazılığına səbəb olur.

Rəsmi Bakı dəfələrlə Azərbaycanın sülhə hazır olduğunu bəyan edib. Noyabrın 30-u isə sərhəddə iki ölkənin demarkasiya komissiyasının nümayəndələri arasında görüş olacaq. Sülh prosesinin dalana dirəndiyi bir zamanda ikitərəfli görüşün keçirilməsi diqqətləri yenidən müqavilənin imzalanma ehtimalına yönəldib.

Bəs Cənubi Qafqazda növbəti eskalasiya mümkündürmü? Doğurdan da müharibə baş verə bilərmi? Öncədən təklif olunan, Azərbaycanın dəstəklədiyi Tbilisi masasında sülh danışıqlarının keçirilməsi indiki zamanda mümkün görünürmü? Sərhəddə keçiriləcək görüş prosesin gedişatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov sərhəddə eskalasiyanın baş verməsi ilə bağlı iddiaları dəyərləndirib:

“Azərbaycan-Ermənistan şərti dövlət sərhədində toqquşma hallarının baş verməsi hər zaman mümkündür. Nəzərə almaq lazımdır ki, bu gün şərti dövlət sərhədində Avropa İttifaqının müşahidəçi missiyası adlı bir qruplaşma da var. Onlar Ermənistan ordusunu təxribata belə sövq edə bilərlər. Hətta bu təxribatlar ordu daxilində müxtəlif dövlətlərə xidmət edən şəxslərin əli ilə də törədilə bilər. Əsas odur ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoq məsələsi hazırda gündəmə gəlib. Yəni, sərhədlərin delimitasiya və demarkasiyası aktiv mövzudur. Bunun reallaşması dialoqa təsir edən mühüm hadisə kimi dəyərləndirilə bilər”.


Samir Hümbətov

Politoloq toqquşma ehtimallarının yalnız bir şəkildə aradan qalxa biləcəyini deyib:

“Azərbaycan və Ermənistan liderləri, xarici işlər nazirləri, yaxud digər məsul nümayəndələri arasında birbaşa dialoq əsasında görüşün keçirilməsi ehtimalı var. Bakı bunu dəstəkləyir. Prosesin bu cür irəliləməsi İrəvan üçün də yaxşıdır. Kənar güclərin mövcudluğu şəraitində regiona sülhün gəlməsi çox çətin görünür. Nə qədər ki, imkan var, şərait yaranıb, Azərbaycan qədər Ermənistan da bunda maraqlı olmalı və fürsətdən yararlanmalıdır. İkili görüşün baş tutması ciddi əhəmiyyətə malikdir. Əks halda sərhəddə baş verə biləcək hadisələrin, toqquşmaların qarşısını heç bir şəkildə almaq mümkün olmayacaq. Nəticədə çox çətin və ağlasığmaz hadisələr baş verə bilər. Proseslərin sonrakı gedişatında stabilləşmə ola bilər, amma risk də var. Bənzər təcrübə əvvəl də yaşanıb. Hələ 1999-cu ildə Ulu öndər Heydər Əliyev Naxçıvanda, Sədərək rayonunda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşmüşdü”.

Ayşən Mustafa
Globalinfo.az