Xudafərin görüşü haqda arzuolunmaz ssenari: İrandakı qruplar hazırlıq içində – İDDİA

“Əliyevlə Rəisinin Xudafərində gözlənilən görüşü burada inşa edilən Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimini keçirmək məqsədi daşısa da, görüşün siyasi məqsədləri daha böyükdür”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu görüş Bakı və Tehran arasında körpülərin yenidən bərpa edilməsinin başlanğıcı ola bilər:

“44 günlük müharibədən sonra iki ölkə lideri ilk dəfə birbaşa görüşür. Bundan əvvəl müxtəlif platformalarda bir araya gəlsələr də, heç vaxt belə bir görüş olmayıb. Bakının konstruktiv mövqeyi, Tehranın istəkləri, münasibətlərin normallaşması perspektivinin olduğunu deməyə əsas verir. Lakin İranın Azərbaycanla münasibətlərində həlledici qüvvə təkcə rəsmi Tehran deyil.

İran daxilində SEPAH başda olmaqla müxtəlif qruplar anti-Azərbaycan mövqeyindədir və bu qüvvələr mütəmadi olaraq, Bakı-Tehran xəttində çatların yaranmasına səbəb olacaq addımlar atırlar. Azərbaycan daxilində İrana bağlı şəbəkə də əsasən dini-klerikal dairələrə bağlı olanlardır. İranla münasibətlər normallaşsa da, bu şəbəkəyə qarşı mübarizə dayanmayacaq, çünki təcrübə göstərir ki, onlar neytrallaşdırılmayacağı təqdirdə, daim problemlər yarana bilər. Talış əsilli vətəndaşlarımızın adından danışmağa iddia edən xainlərin İranda qondarma “prezident” kimi qəbul edilmələri, “şimali talışıstan” kimi iddialarla Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmalarının arxasında da fikrimcə, Bakıya qarşı olan məlum qüvvələr dayanır. İranla münasibətlərin normallaşması imkanları yarandıqda bu qüvvələr müəyyən addımlar atırlar.

Tehrandakı səfirliyimizə qarşı terror hücumundan öncə Əliyevlə Rəisinin Ankarada mümkün görüşü gündəmə gəlmişdi, bu terror aktı ilə prosesi pozdular. Fikrimcə, İranda Azərbaycana qarşı keçirilən tədbirlər və ərazi bütövlüyümüzlə bağlı iddialar indiki məqamda Bakı-Tehran münasibətlərinin normallaşmasını baltalamağa hesablanıb. Bu məsələdə iş rəsmi Tehranın üzərinə düşür. Əgər İran siyasi isteblişmentində Azərbaycana qarşı olan qüvvələri neytrallaşdıra bilməsələr, münasibətlərin perspektivi daim risk altında olacaq”.

Turan Rzayev
Globalinfo.az