Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. Sosial şəbəkədə mərhumun uşaq radioloqu kimi ixtisaslaşmış yeganə mütəxəssis olduğu deyilirdi.
İddialar doğrudursa, bundan sonra həmin xəstələrin taleyi necə olacaq?
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda ehtiyac duyulan ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün dövlət səviyyəsində xüsusi proqram həyata keçirilməlidir:
“Əhalinin təxminən 20-30 faizini uşaqlar təşkil edir və təəssüf ki, son illərdə onkoloji xəstəliklər daha erkən yaşlarda müşahidə olunur. Bu səbəbdən ən azı 5-10 uşaq onkoloqunun hazırlanması vacibdir. Həmin mütəxəssislər dövlət proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almalı, təcrübə keçməli, daha sonra ölkəyə qayıdaraq fəaliyyət göstərməlidirlər. “Əvəzedilməz kadr” anlayışı olmamalıdır”.
Sərdar Cəlaloğlu
ADP sədri bildirib ki, onkologiya sahəsində baş verən hadisələrlə bağlı dövlət təcili tədbirlər görməlidir:
“Onkoloji xəstələr ağır psixoloji vəziyyətdə olan həssas qrupdur. Xəstəliyini öyrənən insanlar çox vaxt dərin depressiyaya düşür, bəzən çıxılmazlıq hissi yaşayırlar. Bu səbəbdən həmin sahədə çalışan həkimlər yüksək peşəkarlıqla yanaşı, güclü etik və humanist dəyərlərə malik olmalıdırlar. Təəssüf ki, bəzi hallarda xəstələrin çarəsizliyindən sui-istifadə edilməsi halları olur. Bunun da qarşısı qəti şəkildə alınmalı, səhiyyə sistemində şəffaflıq və məsuliyyət gücləndirilməlidir. Xüsusilə onkologiya sahəsində çalışan həkimlərin əməkhaqqının 3-4 dəfə artırılması və məsuliyyətlərinin 10 qat gücləndirilməsi daha məqsədəuyğun olardı”.
Qeyd edək ki, Azərbaycanda son 14 ildə uşaqlar arasında onkoloji xəstəliklərin sayı təxminən 2 dəfə artıb və hər il yüzlərlə uşaqda yeni diaqnoz qoyulur, lakin onların böyük hissəsi müalicə alır və əksəriyyətində sağalma mümkündür.
Ləman İmran
Globalinfo.az