WhatsApp Image 2026 03 19 at 10.55.23

Martın 27-də Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında münasibətlərin qurulmasının 34-cü ildönümü olacaq. 1992-ci ildən qurulan münasibətlər bu gün də uğurla davam edir.

Globalinfo.az bu münasibətlə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə söhbətləşib.

Sözügedən müsahibəni təqdim edirik:

– Cənab Səfir, müsahibəyə razılaşdığınız üçün təşəkkür edirik.

– Mən təşəkkür edirəm. Bura Kubanın Azərbaycandakı səfirliyidir. Səfirlik kiçik olsa da, müsahibə öncəsi sizə bir-iki şey göstərmək istəyirəm.

– Əlbəttə, buyurun.

Səfir bizi girişdəki fotolarla tanış edir:

– Birinci foto cənab Prezident İlham Əliyevin etimadnaməmi qəbul etdiyi andır. İkinci fotoda isə cənab Fidel Kastro (sabiq Kuba lideri – red.) ilə birlikdəyəm.

WhatsApp Image 2026 03 19 at 10.35.06

– Kubanın əfsanəvi qəhrəmanı Fidel Kastro haqda çox oxumuşam.

– Burada mən daha gəncəm. Hətta saqqalım da var (gülür).

Səfir bizə kubalı rəssamların çəkdiyi və Kubanın müxtəlif tarixi binaları və məkanlarını əks etdirən tabloları göstərir. Daha sonra müsahibəyə başlaya biləcəyimizi deyir:

– Bəzi qeydlər aparacağım üçün qarşımda bu vərəqlər olacaq. Bu müsahibə mənim üçün çox önəmlidir. Ona görə də çox ciddi hazırlaşmışam. Qeyd edim ki, mən 1978–1983-cü illərdə Ukraynanın Lvov şəhərində jurnalistika təhsili almışam. 1994-cü ildən sonra isə XİN-də işləməyə başlamışam. Həmişə Kuba XİN ilə mətbuat arasında fəaliyyət göstərmişəm. Kubada Beynəlxalq Mətbuat Mərkəzi adlanan yer var. Kubada olduğum dövrlərdə də o mərkəzin direktoru kimi məsləhətçi olmuşam. Kubadakı xarici mətbuatla işləyirəm. Kubada 100-dən çox jurnalist var və onlar daimi akkreditasiyadadırlar. Belə kiçik ölkə üçün bu say çoxdur. Elə olur ki, 400–500 jurnalist gəlib-gedir. Kuba hər zaman xəbərdir. Kubaya həmişə lupa ilə baxırlar.

– Cənab Səfir, Azərbaycan və Kuba arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Kuba-Azərbaycan münasibətləri demək olar ki, Azərbaycanın tam müstəqillik əldə etdiyi dövrə təsadüf edir. 27 mart 1992-ci tarixində Kuba və Azərbaycan arasında diplomatik münasibətlər quruldu və bu yaxınlarda biz münasibətlərin qurulmasının 34-cü ilini qeyd edəcəyik.

Son illərdə səhiyyə, siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafı daha çox diqqət çəkir. 18–19 il öncə Bakıda ilk dəfə səfirliyimizi açdıq. Artıq üç ilə yaxındır ki, Azərbaycanın Havanada səfirliyi fəaliyyət göstərir. Onu da deyim ki, Azərbaycanın Kubadakı səfirliyi açılana qədər də diplomatik nümayəndəliyi var idi. Səfir isə Nyu-Yorkda BMT nümayəndəliyində idi.

Azərbaycan ilə Kuba arasında münasibətlər inkişaf etdikcə Azərbaycan Kubada səfirlik açmağa qərara gəldi. Hazırda Kubada Azərbaycanın səfiri fəaliyyət göstərir. Yeri gəlmişkən, cənab Ruslan Rzayev sizinlə eyni soyadı daşıyır (gülür).

WhatsApp Image 2026 03 19 at 10.35.06 1

– Maraqlı təsadüfdür.

– Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Mən düşünürəm ki, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsi 2020-ci il, COVID-19 pandemiyasına təsadüf edir. 2020-ci ilin 13 iyul tarixində Azərbaycana 115 kubalı mütəxəssis gəldi. İşlərin çoxluğu səbəbindən Azərbaycan yeni briqadanın gəlməsini də xahiş etdi. Bu briqada isə 120 tibb işçisindən ibarət idi. Bu o deməkdir ki, il yarım ərzində 240-a yaxın tibb işçisi Azərbaycana kömək edib. Bu, Azərbaycan xalqı üçün çox önəmli hal idi. Çünki azərbaycanlıların sağlamlığına kömək edirdilər. Bizim həkimlərimiz Azərbaycanda 1000-ə yaxın həyatı xilas etməyi bacarıb. Mənim üçün bu hadisə iki ölkə arasında diplomatik və siyasi münasibətlərin pik həddidir.

Bildiyiniz kimi, 60 ildən çoxdur ki, Kuba ABŞ blokadası altındadır. İqtisadi, ticari, maliyyə blokadası ilə Kuba üzləşir. Azərbaycan illərdir ki, BMT-də Kubanın blokadasının əleyhinə səs verir. Son illərdə iki ölkənin səhiyyə nazirlikləri arasında sıx işlər gedir. Havanada Azərbaycanın səhiyyə naziri Teymur Musayev tərəfindən 2023-cü ildə memorandum imzalanıb. Bu onu göstərir ki, iki ölkə səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Mən iki ölkə münasibətlərini iki sözlə ifadə edə bilərəm: qardaşlıq və əməkdaşlıq.

– Siz iki ölkə arasında hansı sahələrdə əməkdaşlığı daha real və perspektivli hesab edirsiniz?

– Tibb, biotexnologiya sahəsində ciddi perspektiv var. Söhbət həmçinin peşəkar kadrların yetişdirilməsi və mübadiləsindən gedir. Demək olar ki, il yarım–iki il öncə Azərbaycan və Kuba Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirildi.

Yeni Azərbaycan Partiyası ilə Kuba hakim partiyası arasında çox yaxşı münasibətlər qurulub. Daha dəqiq desəm, keçən ilin noyabr ayında YAP-ın vitse-prezidenti Tahir Budaqovun başçılığı ilə bir nümayəndə heyəti Kubaya səfər etmişdi. Bu səfərin vacibliyi ondan ibarətdir ki, T. Budaqov Kuba Prezidenti tərəfindən qarşılandı. Prezidentlə yanaşı parlament sədri, XİN və Kuba mərkəzi administrasiyasının digər nümayəndələri də T. Budaqov ilə görüşüb. Bu səfər çərçivəsində Kuba Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında bir razılıq əldə olundu.

– Sizcə, Azərbaycan–Kuba münasibətlərində inkişaf etdirilməli və ya gücləndirilməli olan məqamlar hansılardır?

– Havana və Bakı arasında konsulluq üzrə məsləhətləşmələr keçirilir. İki ölkə arasında münasibətlərdə inkişaf etdirilməli olan məqamlar da var. Turizm, biotexnologiya, elm və təhsil, idman, mədəniyyət dediyim sahələrdir. Bu sahələrdə daha böyük layihələr gözlənilir.

Səhiyyə sahəsində Kuba Azərbaycana çox böyük töhfələr verə bilər. Qeyd edim ki, Azərbaycan səhiyyə nazirinin Kubaya səfəri zamanı bizim səhiyyə naziri ölkənizə lazım ola biləcək bir sıra tibbi məhsullar göstərmişdi. Bu məhsullardan biri də Kubada patentləşdirilmiş ağciyər xərçənginə qarşı vaksindir. Bu xəstəliyin müəyyən mərhələsində vaksin sağalmaya xeyli kömək edir. Həmçinin bizdə diabet xəstələri üçün məhsullar var. Elə vaxtlar olur ki, diabetin kəskin olduğu hallarda bəzi ətrafların amputasiyası olur. Bizim bu dərmanımız o amputasiyanın qarşısını alır və yenidən dəri yaranmasına kömək edir.

WhatsApp Image 2026 03 19 at 10.35.07

Həm uşaqlarda, həm də böyüklərdə olan bir çox xəstəliklərə qarşı vaksinlərimiz mövcuddur. Pandemiya dövründə Kubanın imkanları yox idi ki, hamı tərəfindən əldə olunan vaksinləri əldə edə bilsin. Buna görə də Kuba 3 vaksin icad etdi. Bir növ, ABŞ-ın blokadası Kubada bir neçə sahənin inkişafına səbəb oldu.

Müsahibənin bu yerində cənab Səfir Kuba qəhvəsi içməyi təklif edir.

– Hesab edirəm, yeni şeylər dadmaqda fayda var. Kuba qəhvəsi bizim simvollarımızdandır. Kofe içərək müsahibəyə davam edə bilərik.

– Əlbəttə, cənab Səfir. Məmnuniyyətlə.

– Biz tibbi məhsullarla yanaşı həmin insan resurslarının formalaşdırılmasını təklif etmişik. Biz bu sahədə tibb işçilərinin mübadiləsini irəli sürmüşük. Bu çox böyük potensiala malik sahədir.

Həmçinin biz iki ölkə arasında turizmin inkişafı üçün addımlar atmışıq. Hər bir ölkə özünəməxsus turistik imkanlara sahibdir. İdman sahəsində isə idmançıların, məşqçilərin Azərbaycanda iştirakı mümkündür. Hətta bildiyim qədər, kubalı idmançılar bu gün Azərbaycan millisində iştirak edirlər. Fəxrlə deyə bilərik ki, kubalı boksçular, güləşçilər, cüdoçular Azərbaycanı olimpiadalarda təmsil edir.

Azərbaycanda Kuba siqarları son illərdə çox məşhurlaşıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanda Havana tütün klubu var. Təbii olaraq bu bir elit hobbidir. Lakin bütün Azərbaycanda Kuba siqarlarına marağın artdığını görmək olur. Havanada keçirilən festivalda Azərbaycan nümayəndələri də iştirak edir. Azərbaycanda Kuba tütününün satıldığı nöqtələr var. Eyni şəkildə Kuba romuna qarşı da maraq artıb. Bu, şəkər qamışından hazırlanan bir içkidir.

WhatsApp Image 2026 03 19 at 10.35.05

– Cənab Səfir, Kuba ilə bağlı dünyada müəyyən stereotiplər mövcuddur. Bəzən ölkənin qapalı və iqtisadi cəhətdən zəif olduğu deyilir. Reallıqda Kuba bu gün necə bir ölkədir?

– Çox maraqlı sualdır. 1959-cu ildə Kuba inqilabından sonra ABŞ Kubanı itirdiyi üçün zərər gördü. Kuba coğrafi baxımdan strateji nöqtədə yerləşir və müəyyən təbii ehtiyatları var. Biz müstəqilliyimizi əldə edəndən sonra ABŞ tərəfindən müəyyən sanksiyalara, blokadaya məruz qaldıq. Bu sanksiyaları biz maliyyə, ticarət və iqtisadi sahələrdə görürük. Bu blokada Kuba iqtisadiyyatının bütün sahələrində problemlərə səbəb oldu və təbii olaraq geriləmə baş verdi. Lakin bütün bunlara baxmayaraq biz mədəniyyətimizi, vətənpərvərliyimizi qoruyuruq.

Kuba bütün dünyaya açıq ölkədir. Yəni deyilənin əksinə qapalı deyil. Həm Latın Amerikası regionuna, həm də dünyaya böyük töhfələr verib. Bütün bu töhfələr isə çox çətinliklərlə əldə edilib. Biz bu gün dünyanın ən böyük güclərindən biri tərəfindən blokadaya məruz qalırıq. Dediyim kimi, Kubada 100 jurnalist yaşayır. Bu fakt belə onu deməyə əsas verir ki, Kubanın gizlədəcəyi heç nə yoxdur. Əgər bizim güclü internet şəbəkəmiz yoxdursa, səbəbi ABŞ-ın buna məhdudiyyət qoymasıdır.

Kuba turizmə açıq ölkədir. Ölkəmiz 4–5 milyona yaxın turist qəbul edə bilir. Son illərdə bu say azalıb. Çünki sanksiyalar artıb. Blokada Kuba infrastrukturuna da zərər vurur. Bizim neft, qaz kimi təbii resurslarımız çox azdır. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Kubada çox maraqlı bir məhdudiyyət var. Misal üçün, bir məhsulun istehsalının çox hissəsi ABŞ istehsalıdırsa, onu ölkəyə gətirə bilmərik. Yəni bu təkcə ABŞ və Kuba arasındakı problemlərdən irəli gəlmir.

Bilirsiniz, blokadanın nə olduğunu bəzən başa düşmək çətindir. Belə izah edim ki, ABŞ-a görə bəzən banklarda köçürmələr belə çətinlik yaradır. Buna görə də dünya ölkələri ilə ticarətdə çətinlik çəkirik. ABŞ bütün bu məsələlərdə mane olur. Bütün bunlar 67 ildən çoxdur baş verir. Elə bir dövr olub ki, şəkər qamışı qiymətləri dəyişdi və Kuba həmin məhsulu yaxşı qiymətə ixrac edə bilmədi.

SSRİ vaxtilə Kubaya çox kömək edirdi. 1990-cı ildə Kuba öz iqtisadiyyatını yenidən qurmalı oldu. Turizm yönəlinən sahələrdən biri idi. Beləcə Kubada turizm inkişaf etməyə başladı. Eyni zamanda səhiyyə, biotexnologiya sahələrində də inkişaf əldə etdik.

WhatsApp Image 2026 03 19 at 10.35.06 2

– Kuba dünyada kommunizmlə idarə olunan azsaylı ölkələrdəndir. Çin, Şimali Koreya, Vyetnam kimi ölkələr kommunizmlə idarə edilsə də, biri-birindən çox fərqlənir. Kuba kommunizmi nə ilə seçilir?

– Kuba kommunizmi tropik ruhludur, Kuba ruhludur. Misal üçün bizim ölkəmizdə özəl mülkiyyət, şəxsi şirkətlər ola bilər. Bizim kommunizm buna qarşı deyil. Nəqliyyat, aeroport, dəmir yolları kimi strateji sahələr dövlət nəzarətindədir. Lakin özəl sektor da var. Kubada ingilis, fransız, ispan mülkləri, otellər var.

Biz təkcə kommunist ölkələrlə deyil, bu sistemdən olmayan ölkələrlə də əməkdaşlıq edirik. Misal üçün Kubada mühüm nikel ehtiyatları var və biz Kanada ilə ortaq layihələr icra edirik.

Kubada repressiya, basqı yoxdur. Marksist-leninist ideologiyanı biz Kubaya inteqrasiya etmişik. Bura özümüzdən də dəyərlər qatmışıq. Bizim öz demokratiyamız var. Hər ölkənin öz reallıqları, öz demokratik dəyərləri var. Misal üçün elə ölkələr var ki, Azərbaycan demokratiyasını tənqid edirlər. Bunu hansı haqla edirlər? Əgər bir ölkə xoşbəxtdirsə, heç kəsin haqqı yoxdur ki, onu tənqid etsin. Ölkə öz lideri ilə, partiyası ilə xoşbəxtdirsə, belə də qalmalıdır.

Mən Azərbaycana çox hörmət edirəm. 4 ildir bu ölkədə yaşayıram. Deyə bilərəm ki, Azərbaycan nümunəvi ölkədir və dünyada bir çox ölkəyə örnək ola bilər. Ölkənizin özünəməxsus xarakteristikası var.

– Son vaxtlar ABŞ-Kuba münasibətlərində gərginlik müşahidə olunur. ABŞ Prezidenti Donald Trampın Kuba ilə mümkün danışıqlar barədə açıqlamalar verib. Hazırda iki ölkə arasında rəsmi və ya qeyri-rəsmi danışıqlar aparılırmı?

Globalinfo.az Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonla müsahibəni təqdim edir.

(Birinci hissə BURADA)

 ABŞ Prezidenti Donald Tramp Kuba ilə mümkün danışıqlar barədə açıqlamalar verib. Hazırda Kuba ilə ABŞ arasında rəsmi və ya qeyri-rəsmi danışıqlar aparılırmı?

– 29 yanvarda ABŞ prezidenti qərar qəbul etdi ki, Kubaya xaricdən bir damla belə yanacaq satıla bilməz. Bu siyasətlə açıq-aşkar Kubanı boğmağa çalışır. Əgər biz ABŞ-a baş əysək, bir növ öz müstəqilliyimizi, vətənimizi itirə bilərik. Tramp administrasiyasının əsas məqsədi Kubanı özününküləşdirməkdir. Hər səhər biz yeni bir təhdid ya da bu motivdə xəbərlə üzləşirik.

Biz ABŞ-ın nə etmək istədiyinin fərqindəyik. Kuba sülh içində yaşamaq istəyir. Amma biz öz suverenliyimizdən də imtina etmək niyyətində deyilik. Kuba prezidenti Migel Dias-Kanel yeni bir X paylaşımı edib. Paylaşım belədir: “ABŞ, demək olar ki, hər gün, Kubada konstitusion quruluşu zor gücü ilə devirməklə açıq şəkildə hədələyir. Və bunu biabırçı bir bəhanə ilə edir: onların altmış ildən artıq müddətdə təzyiq göstərdiyi və təcrid etməyə çalışdığı zəiflədilmiş iqtisadiyyatın çətin məhdudiyyətləri.

Onlar ölkəni, onun resurslarını, mülklərini və hətta boğmağa çalışdıqları iqtisadiyyatın özünü ələ keçirmək planlarını bəyan edir və buna can atırlar.

Bütün xalqa qarşı kollektiv cəza kimi tətbiq olunan bu cür amansız iqtisadi müharibəni yalnız bu yolla izah etmək olar.

Ən pis ssenari qarşısında Kuba bir həqiqətə arxalanır: istənilən xarici təcavüzkar sarsılmaz müqavimətlə qarşılaşacaq”.

Biz əslində belə çıxışları sevmirik. Bütün məsələlərin sülh yolu ilə həllini dəstəkləyirik. Biz ABŞ ilə dialoqa açığıq. Hətta keçən həftə prezidentimiz də qeyd etdi ki, dialoqa açığıq. Müəyyən razılığa danışıqlar yolu ilə gələ bilərik. Amma bu yeni bir şey də deyil. Kuba danışıqlara hər zaman hazır olduğunu bəyan edib. Lakin şərtimiz də bəllidir: danışıqlar bərabərhüquqlu olmalıdır.

Bizim də ABŞ-da bəyənmədiyimiz məqamlar var. Lakin biz onların daxili işlərinə qarışmırıq. Onların da bizə belə yanaşmasını istəyirik.

 Son illərdə Latın Amerikası və Yaxın Şərqdə baş verən geosiyasi hadisələr – xüsusilə ABŞ ilə bəzi ölkələr arasında yaranan gərginlik – Kuba tərəfindən necə qiymətləndirilir? Rəsmi Havananın bu proseslərə yanaşması necədir?

 ABŞ prezidenti Donald Tramp hazırda sözün əsl mənasında dünya siyasətini bir-birinə qarışdırıb. Misal üçün Fars körfəzində ölkələri bir-birinə qarışdırdı. Bundan başqa yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyatlar keçirildi. Nikaraquanı, Kubanı təhdid edir. ABŞ İrana hücum edib və bu ölkəni təhdid etməkdə davam edir. Bu da azmış kimi Qrenlandiya adasını tələb edir.

63becd15 0d66 4a55 a413 224500acd503

Bu, dünya siyasətində görünməmiş bir vəziyyətdir. Biz yenidən müharibə dolu dünyaya qayıtmışıq. ABŞ adını çəkdiyim ölkələri təhdid edə bilər, amma Kuba ilə bağlı yanılırlar. Kuba əsgərləri çox yaxşı döyüşə bilir. Onlar üzərinə düşən öhdəlikləri yaxşı bilirlər. Onlar öz vətənləri üçün əllərindən gələni edərlər. ABŞ Kubada istədiyini edə biləcəyini düşünürsə, yanılır. Kubada hər kəs vətəni üçün üzərinə düşəni edər.

Kuba sülhsevər ölkədir. Biz müharibə tərəfdarı deyilik. Lakin kubalılar vətənlərini hər şeydən çox sevirlər. ABŞ Kubaya sanksiyalar edərək insanları ayağa qaldırmağa çalışır. Hətta bu istiqamətdə Kubaya hücum etmək istəyir.

Biz ABŞ-la danışıqlara hazırıq. Lakin nə vətənimizi, nə suverenliyimizi itirmək danışıqlar şərtləri arasında yoxdur.

 Bir müddət əvvəl ABŞ bayrağı altında üzən və Florida qeydiyyatlı bir katerin Kuba sularına daxil olması və insidentlə nəticələnməsi barədə xəbərlər yayıldı. Kuba Prezidenti cənab Migel Dias-Kanel ölkənin suverenliyinin qətiyyətlə müdafiə olunacağını bildirdi. Sizcə, bu hadisə təxribat idi, yoxsa təəssüf doğuran insident?

– Bu gəmidə çoxlu sayda silah vardı. Bu silahları daşıyan gəmidə kubalılar da vardı. Hansı ki, onlar Kubaya qarşı öyrədilmişdi. Onlar ABŞ-a aid gəmi ilə bu insidenti etdilər. Həmin gəminin Kuba sularında 5 kubalı sərhədçi tərəfindən qarşısı alındı. Onlar ilk olaraq bizim sərhədçilərə atəş açdı. Hətta sərhədçilərimiz yaralandı. Təsəvvür edirsiniz, 5 Kuba sərhədçisi 10 ABŞ silahlısına qarşı özünü müdafiə etməyə çalışıb. Bu da onu göstərir ki, biz doğrudan da özümüzü müdafiə etmək iqtidarındayıq. Bəzi şəxslərin həyatını itirdiyi halda bizim ələ keçirdiklərimiz də var. Onlar bu gün həbs edilib və terrorizm ilə cinayət işi açılıb. Lakin araşdırmalar aparılır. Onu da deyim ki, biz prosesin şəffaflığı üçün ABŞ-dan FBI agenti dəvət etmişik. Bu, Kubanın jestidir.

 Bildiyiniz kimi, Azərbaycan  Ermənistan arasında sülh prosesi davam edir. Müsbət nəticələr əldə edilib. Kubanın bu prosesə yanaşması və mövqeyi necədir?

– Bizim üçün bu məsələ çox həssasdır. Kuba Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ərazi bütövlüyü və suverenlik bizim üçün mühüm iki termindir. Bu, beynəlxalq hüquqa və Kuba–Azərbaycan əlaqələrinə əsaslanan bir mövqedir. Kuba həmişə Azərbaycanın ərazilərini tanıyıb və ona dəstək olub. Qarabağın Azərbaycanın ərazisi olduğunu biz rəsmi səviyyədə tanıyırıq.

Biz Ermənistanın da ərazi bütövlüyünü tanıyırıq. Bunu ona görə deyirəm ki, hazırda gedən danışıqlar prosesini izləyir və prosesə hörmət edirik. Kuba müharibə tərəfdarı deyil və ölkələrin problemləri danışıqlar yolu ilə həll etməsinə inanır. Cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərini izləyirik. Sevinirik ki, bu düşmənçilik qurtarır. Çünki münaqişə davam etdikcə insanlar həyatını itirilir.

 Cənab səfir, işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağa səfər etmisiniz?

– Təəssüf ki, şəxsən oralara gedə bilməmişəm, amma Kuba nümayəndələri səfər edib. Kuba XİN nümayəndələri və jurnalistlər səfər edərək həmin yerlərdə olublar. Mən onlardan aparılan işlər və yenidənqurma ilə bağlı məlumat almışam. Düşünürəm ki, bu proses çox uğurla davam edir.

Lakin mən Naxçıvana səfər etmişəm. Bura çox möhtəşəm yerdir. Bu ərazi Heydər Əliyevin ailəsinin doğulduğu yerdir. Cənab Əliyev də burada dünyaya gəlib. Təəssüf ki, mən ora təyyarə ilə getmişəm. Mən Naxçıvanı Azərbaycanın maraqlı bir hissəsi kimi görürəm. Ora səfər etməyəndə oranın əhəmiyyəti bilinmir, lakin səfər etdikdən sonra necə dəyərli yer olduğu görünür. Mən Naxçıvanda bəzi yerlərdə olmuşam, buranın suyu çox müalicəvidir.

 Siz Naxçıvana təyyarə ilə getdiyinizi qeyd etdiniz. Lakin hazırda Ermənistan ərazisi ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru bağlantısının yaradılması üçün danışıqlar gedir. Zəngəzur dəhlizi Vaşinqton görüşündən sonra “Tramp yolu” adlanır. Siz bu yoldan keçərək Naxçıvana səfər edərsiniz?

52d26c45 b0d9 47b7 b5f1 0525eb2ba98c

– Çox yaxşı olardı. Mən Naxçıvana aparacaq hər yoldan getməyə hazıram. Missiyamı sonlandırmadan öncə Naxçıvana bir daha getmək istərdim.

 Cənab Səfir, bizi qəbul etdiyiniz və suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirəm.

– Mən təşəkkür edirəm. Sonda sizə bir şey göstərmək istəyirəm.

Səfirliyin çıxışına addımlayırıq. Maraqlı bir portret gözümüzə sataşır. Gələrkən buna diqqət etməmişdik. Səfir portreti göstərərək deyir:

– Bu portretdəki şəxs Kubanın milli qəhrəmanı Xose Martidir. Kuba–Azərbaycan Dostluq Assosiasiyasının sədri, rəssam Arif Hüseynov tərəfindən ərsəyə gətirilərək bizə hədiyyə edilib. Mən bu portretin girişdə olmasını qonaqlarımıza xüsusilə göstərirəm. Bu, Kuba milli qəhrəmanının azərbaycanlı rəssamın gözündən çəkilmiş halıdır. Diqqət etsəniz, portretdə Azərbaycan ornamentləri, naxışları var. Bu bizim üçün çox dəyərlidir.

Səfir sonda bir daha Azərbaycan xalqının Novruz və Ramazan bayramını təbrik edərək xoş arzularını bildirdi.

Söhbətləşdi: Turan Rzayev
Fotolar: İntiqam Əhmədov
Globalinfo.az

Paylaş: