lavrov 9

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynada davamlı və ədalətli sülhə nail olmaq üçün danışıqlara hazırdır. Lakin Rusiya danışıqlar müddətində hərbi əməliyyatlara fasilə vermək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, Lavrov bu barədə BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxış edərkən danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi kimi, Moskva məhz davamlı və ədalətli sülhün əldə olunması üçün danışıqlara hazırdır.

Bununla yanaşı, Lavrov bildirib ki, əvvəlki təcrübəni nəzərə alan Rusiya danışıqlar zamanı hərbi əməliyyatlarda fasilə verməyəcək.

Rusiya XİN rəhbəri Avropa ölkələrinin isə belə bir fasilənin tərəfdarı olduğunu və bunun Ukraynanın hərbi arsenalını bərpa etməsinə vaxt qazandıracağını iddia edib.

Lavrov çıxışında Ukraynanın sərhədləri məsələsinə də toxunub. O, 1991-ci il sərhədləri ilə bağlı mövqeyini səsləndirib və Krımın istisna təşkil etdiyini bildirib.

Rusiya XİN rəhbəri həmçinin ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanmasında maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Jared Kuşnerin Moskvaya son səfəri zamanı Amerika tərəfi Ukrayna üzrə razılaşmanın əldə edilməsinə yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: