Globalinfo.az Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə müsahibəni təqdim edir:
– Pənah bəy, hazırda nə işlə məşğulsunuz? Məşğul olduğunuz fəaliyyəti sözün klassik və praktik mənasında siyasət adlandırmaq mümkündürmü?
– Mən hazırda sözün həm klassik, həm praktik, ümumiyyətlə hər mənasında ən fəal siyasətçilərdən biriyəm. Siyasi fəaliyyətimin forması dəyişib. Partiya sədri deyiləm, AXP -nin (Azərbaycan Xalq Partiyasının -red.) sıravi üzvüyəm. Siyasi fəaliyyət imkanları xeyli azalsa da, baş verən beynəlxalq münasibətlərdən tutmuş tıxaclara qədər hadisələrə münasibət bildirilməsi və ya bildirilməməsi kimi formalardan istifadə edirəm. Televiziyalarda, müsahibələrdə məni sabiq baş nazir kimi təqdim edirlər, bu da siyasətdir. Üç-dörd kitab üzərində işləyirəm. Xalq hərəkatı, Elçibəy hakimiyyəti və sonrakı dövrlə bağlı mövzularda təsvir və təhlil, indiyədək aparılmış təhlillərə və təsvirlərə şərh xarakterli fikirləri də əks etdirən kitablar olacaq. Qismət olarsa, gələn il dərc etdirməyi düşünürəm. Hesab edirəm ki, buna da siyasi fəaliyyət forması kimi baxmaq olar. Siyasi ekspert kimi çıxış etmək üçün yaşım və təcrübəm kifayət edir. Bəzən soruşurlar ki, imkanlarımızdan istifadə olunurmu? Prinsip etibarilə olunur. Bir növ dərin siyasətlə məşğulam.
– Mənsub olduğunuz müxalifət düşərgəsində vəziyyət necədir? Əvvəllər müxalifət vaxtaşırı dinləmələr, dəyirmi masalar, ictimai müzakirələr, aksiyalar keçirirdi. Bu tədbirlər müxalifətin özünüifadə və siyasi mövcudluğunu qoruma metodu kimi də qəbul olunurdu. İndi bunların heç biri yoxdur. Buna ehtiyac hiss edilmir, yoxsa şərait yoxdur?
“Sahəyə yeni nəsil daxil olmaqdadır – bütün ümidlər ona bağlıdır”
– Dedim ki, dərin siyasətlə məşğulam. Yəni, deməli, həm də dərin siyasi müxalifətəm. Müxalifətin vəziyyəti ilə bağlı dedikləriniz ənənəvi siyasətin, ənənəvi siyasi müxalifətçiliyin bohranından, böhranının davam etməsindən xəbər verir. Əslində cəmiyyətdə mövcud vəziyyətdən və proseslərdən kifayət qədər fərdi və toplumsal narazılıq, psixoloji və ideoloji etiraz var. Lakin bu narazılığın və etirazın adekvat siyasi ifadəsi yoxdur. Bu ifadənin təbi şəkildə gerçəkləşməsinin qarşısı bütün hüquqi və qeyri-hüquqi vasitələrdən istifadə olunmaqla hakim siyasi strktur tərəfindən alınır, əsas budur, həm də ənənəvi müxalif siyasi strukturlara, siyasətçilərə bütövlükdə siyasətə etimad böhranı var. İqtidar ideoloqları və təbliğatçıları tərəfindən bu vəziyyət nailiyyət kimi qələmə verilir ki, kökündən yanlışdır. Bu, keçid mərhələsidir və müvəqqətidir. Keçid mərhələsi xeyli dərəcədə başa çatıb. Sahəyə indiki üçüncü nəsil daxil olub və daxil olmaqda davam edir. Bu nəsil bizdən sonrakı ikinci nəslin əsas etibarı ilə konformist və qorxudulmuş ovqatından fərqli olaraq hadisələrə, fərqli reaksiya və davranış normalarına, temperamentə malikdirlər. Bu nəsil 1980-90-cı illərin inqilabi alovlarında yanmayıblar, çətinlikləri və məhrumiyyətləri görməyiblər, yaşamayıblar, bənzər çətinliklərlə üzləşsələr buna dözüm göstərməyə hazır görünmürlər. Bu nəsil hərbi məğlubiyyət də yaşamayıb, müharibə udub indiki çərçivələrdə yaşamaq onu qane etmir, daha yaxşı həyat üçün xaricə getmək xəyalları qurmur, üstəlik indi getməyə yerlər də azalıb və demək olur ki, yoxdur, dünya yanır, bu nəsil Azərbaycan siyasi həyatına da təsir göstərib onu dəyişdirəcək.
İkincisi, Qarabağ müharibəsindəki qələbə və beynəlxalq aləmdə, ümumiləşdirsək xarici istiqamətdəki nailiyyətlər xarici siyasətin daxildə davamını tapmasını diktə edir, zəruri edir, şərtdir. Azərbaycan ideyasının, missiyasının yüksəlişi fonunda məntiqi olaraq daxili vəziyyət bu formada qala bilməz. Adətən deyilir ki, xarici siyasət daxili siyasətin davamıdır. İndi əksidir. Bizdə xarici siyasətin davamı olan daxili siyasət meydana gəlməlidir. Xarici siyasətin daxildə davamı zəruri şərtə çevrilib. Proses bu şəkildə inkişaf edərsə bunun zəruri əlamətlərindən biri ölkə daxili müxalifətin siyasi fəallığının yüksəlməsi olacaq. Müxalifətin siyasi fəallığı dedikdə yalnız mövcud müxalifət institutlarını və siyasətçiləri nəzərdə tutmuram. Siyasətə yeni nəslin gəlməsini, yeni baxışların, liderlərin formalaşmasını nəzərdə tuturam. Bizim borcumuz bu prosesin ölkə və gənclər, xüsusilə də üçüncü nəsil üçün daha sarsıntısız və uğurlu baş tutmasına nail olmaqdır. Ən müasir siyasi mədəniyyətlər səviyyəsində milli siyasətin formalaşdırılmasının forma və metodu gerçək, davamlı çoxpartiyalı siyasi sistemin yaradılmasını nəzərdə tutur. Bunun üçün öz növbəsində, ədalətli, azad siyasi rəqabət mühiti olmalıdır ki, təəssüf ki, bu yoxdur.
– Üçüncü nəslin fərqli psixologiyaya malik fərdlər olduğunu qeyd etdiniz. Bu nəsildən razısınızmı?
– Bütün ümidlər onlara bağlıdır. Həm də ona görə ki, bu nəsil bütün fərqliliyinə baxmayaraq milli köklərdən məhrum deyil. Bu köklərdən də qidalanan ağacın meyvələrinin nə qədər yaxşı olacağını görəcəyik.
“Bu cür yanaşma ilə gerçək siyasi dialoq yarana bilməzdi”
– Hakimiyyətlə münasibətiniz necədir? Təmaslar varmı? Əvvəllər siyasi partiya sədrlərinin Prezident Administrasiyası ilə əlaqələri daha sıx olurdu. Sanki son bir ildə buna ara verilib. Səbəb nədir? Müxalifətin artıq öz aktuallığını və faydalılığını itirməsidir, yoxsa başqa səbəblər var?
– Müxtəlif nəticələr çıxarmaq olar. Formal olaraq təmaslar məndə olan məlumatlara görə indi də davam edir. Lakin təşəbbüs dərinə işləmədi, yetərli nəticələr vermədi və yekunda, dayandı demək bəlkə ifrat olar, lakin durğunluq dərəcəsinə qədər yavaşıdı və axırıncı parlament seçkilərində belə demək olar ki, testdən keçmədi. Sizin sualınızdakı “müxalifətin aktuallığı və faydalılığı” anlayışı prosesə iqtidar dairələrinin yanaşmasını dəqiq ifadə edir. Bu cür yanaşma ilə gerçək siyasi dialoq yarana bilməzdi və təəssüf ki, yaranmadı. Ancaq müəyyən nailiyyətlər də oldu. Məncə bunların ən mühümü Vətən müharibəsində ölkə siyasi qüvvələrinin milli birlik və əməkdaşlığı oldu və 44 günlük müharibədə böyük qələbənin mənbələrindən biri də bu oldu. İqtidarla qeyri-iqtidar siyasi çevrə arasında münasibətlər müəyyən insani sima kəsb etdi və s. Neqativləri və pozitivləri ilə bir təcrübə oldu və bu təcrübə nəzərə alınaraq, o cümlədən onun neqativləri əsas götürülərək yeni prosesin başladılmasında istifadə oluna bilər. Mən bu istiqamətdə daha real və gerçəkçi bir prosesin başladılmasını mümkünsüz hesab etmirəm. Baxmayaraq ki, son illərdə ölkədə və dünyada gedən proseslər avtoritar meyilləri artırmışdı. Qaldırdığınız məsələ yalnız siyasi partiyalara, siyasi fəaliyyətə aid deyil, media səhəsində də bunu müşahidə etmək mümkündür. 2019-2020-ci illərdə başlayan müəyyən proseslər öz məntiqi sonuna çatmadı. Müharibə, pandemiya, beynəlxalq münasibətlərin xaosa daxil olması və sair bənzəri amillər istər-istəməz sözügedən məsələdə rol oynadı. Lakin ən yaxın dövrdə dünyada yenidən yumşaq gücün təsirinin artması gözlənilir.
“Yuxarıdan inqilabi xarakterli açılımların olacağına inananlar var”
– Nələri nəzərdə tutursunuz?
– Dünya siyasi sistemində də müəyyən dəyişikliklər olacaq. Azərbaycan da buna hazır olmalıdır. Bu proses nə qədər tez və əlverişli formada baş versə, yaxşı olar. İndi YAP-ın gözlənilən qurultayından, daha doğrusu Prezidentin həmin qurultayda gözlənilən çıxışı barədə söhbətlər gedir. Açığı yuxarıdan inqilabi xarakterli açılımların olacağına inananlar çox deyil, ancaq yox da deyil. Hazırda, o cümlədən hakim siyasi elitada nəsillərarası ziddiyyət və rəqabət ölkədaxili siyasi proseslərin vektorunu müəyyən edəcək əsas amillərdən biri kimi mövcuddur. Bu, təbii rəqabətdir və yaxın vaxtlarda baş verəcək proseslərə təsirini göstərəcək. Proseslər sarsıntılı, yoxsa idarə olunan məcrada gedəcək? Bu prosesə iqtidarın adekvat cavablar tapa blməsindən asılıdır. Proses isə gedir və onu dayandırmaq mümkün deyil, dayanmayacaq.
“Güclü dövlətin təkcə güclü iqtidarı yox, güclü müxalifəti olmalıdır”
– Bütövlükdə müxalifət liderlərindən biri olaraq mövcud iqtidara münasibətinizi hansı kateqoriya ilə müəyyənləşdirirsiniz: pozitiv, neqativ, neytral? Hara qədər hakimiyyətin qarşısındasınız, hara qədər yanındasınız?
– Azərbaycanın ümummilli maraqları var. Biz müharibə aparmışıq, əslində bu müharibə qurtarmayıb. İndinin özündə də müxtəlif qüvvələr tərəfindən Azərbaycan dövləti və millətinin mövcudluğunun təhdid edən əsaslarına qarşı savaşlar gedir. Bu məsələlərdə biz müxalifət deyilik və iqtidar bu təhdidlərə, savaşlara qarşı mübarizə apardığı bütün hallarda onunla birlikdəyik.
Eyni zamanda dövlətçiliyimizin qurucu əsası istiqlal və hürriyyət üzvi vəhdətindən ibarətdir. Hürriyyət olan yerdə insanlıq olur. Ədalət, rifah içində, azad yaşamaq, layiq olduğu ən çağdaş siyasi mədəniyyətlər səviyyəsində dövlət və hüquq sisteminə malik olmaq Azərbaycan insanının, vətəndaşının haqqıdır. Burada kimin müxalifət, kimin iqtidar olmasından söhbət getmir. Güclü dövlətin təkcə güclü iqtidarı yox, güclü müxalifəti olmalıdır. Güclü dövlətdə siyasi məhbus olmamalıdır. Ədalətsiz, qeyri-bərabər seçkilər, seçki saxtalaşdırmaları olmamaıdır. Azərbaycanda Bakı kimi şəhərin bələdiyyəsi yoxdur. Böyük şəhər seçkili yerli özünüidarəetmə orqanına malik deyil. Rayonların bəzilərində də heç kim bələdiyyə sədrini və üzvlərini tanımır. Bunlar sadəcə kağız üzərində mövcuddur. Belə idarəetmədə tıxaclar da olacaq, mənzil problemi də və s. Belə hallara necə tərəfdar olmaq olar?
Bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının, nazirliklərin sözdə saytları var. Nə üçün qərarlar, protokollar, hesabatlar, məsələn gəlirləri, xərcləri necə olub, toplanan vergilər, büdcədən ayrılan vəsait hara sərf edilib barədə məlumatlar, hesabatlar orda olmur ki, aşkarlıq və real ictimai nəzarət mümkün olsun. Siyasi partiyalardan illik maliyyə hesabatları bütün xırdalığına qədər istənilib dərc edilməsi tələb olunur, ancaq bu orqanların fəaliyyəti pərdə altında qalır və yalnız bəzi məhkəmələrdə məlum olur ki, 6 armudu stəkana 20 min manat ödənilib, əvvəl görülmüş işlər yeni iş kimi tenderə çıxarılır, vəsait yeyilir və s.
Seçkilər məsələsi də çox ciddi problemlərdəndir. Ən ciddi problemdir. Bu yaxınlarda Mərkəzi Seçki Komissiyası təşkil olunmalı idi. Məlum oldu ki, kağız üzərində də olsa, müxalifət partiyalarına yerlər ayrılmalıdır. Baxdım ki, siyahıda bir çox partiya yox idi. Parlamentdə təmsil olunan partiyaların nümayəndələri yox idi. Maraqlandıq. Çox acınacaqlı cavablar aldıq. Bu cür texniki sahədə də situasiya belədir.
Bu sahələrdə sistem xarakterli problemlər var, hesab edirəm bu problemlərin mövcudluğu səbəbləri həm də mövcud iqtidarın siyasəti ilə bağlıdır, onun siyasi komandası bu problemlər üçün məsuliyyət daşıyır və bu səbəbdən həmin siyasətə və komandaya müxalifətdəyəm.
“Türkiyə Ermənistanla sərhədə qoşun yeritdi”
– Bu günlərdə Kaşif Kozinoğlu məsələsi gündəmə gəldi. Onun mərhum Əbülfəz Elçibəylə fotosu yayıldı. Siz bu haqda qısa da olsa, saytımıza açıqlama verdiniz. Amma bizi maraqlandıran bir məqam var. Deyilir ki, Türkiyənin o vaxtkı iqtidarı Azərbaycanda ordu quruculuğuna dəstək verib – bura mütəxəssislərin göndərilməsi, təlimlərin keçirilməsi və s. daxildir. Amma Kəlbəcərin işğal edildiyi ərəfədə Əbülfəz Elçibəy Ankaradan vertolyot istəyib və bundan imtina edilib. O özü bu faktı Türkiyə telekanallarından birinə verdiyi müsahibədə açıq şəkildə söyləyib. Yaxud Süleyman Dəmirəlin göstərişi ilə Ermənistana hansısa iqtisadi dəstək verilib. Bu ziddiyyəti necə izah etmək olar?
– Vertolyot məsələsinə aydınlıq gətirmək lazımdır. Həqiqətən, Əbülfəz Elçibəy Kəlbəcərin işğalından sonra jurnalistlərlə və xarici ölkə səfirlikləri nümayəndələri keçirdiyi mətbuat konfransı və görüşlərin birində belə bir ifadə işlədib. Amma bu, proseslərdə Türkiyənin iştirakı, Türkiyənin müharibəyə müdaxilə etməsi ilə bağlı Rusiya və Ermənistan tərəfindən aparılan antitürkiyə təbliğatına qarşı işlədilmişdi. O vaxt əslində vertolyota ehtiyacımız yox idi. Azərbaycanın Zabrat vertolyot limanında 30-a yaxın vertolyot var idi. Bir də düşünün həmin vaxt vertolyotlar Azərbaycana hansı yolla gətiriləcəkdi? İran üzərindən buna icazə yox idi. Ermənistandan səmasından mümkün deyildi.
– Bəs Türkiyənin həmin dövrdə Azərbaycana yardımı necə oldu?
– Türkiyə o dövrdə bizim istədiyimiz və arzu etdiyimiz səviyyədə olmasa da bizə real yardım göstərib. Türkiyə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağladı və bu sərhədlər bu günə qədər açılmayıb.
Türkiyə aprelin 8-də, Ankarada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının mənim də iştirak etdiyim toplantısının qərarı ilə Ermənistan sərhədlərinə qoşun hissələri yeritmək haqqında qərar qəbul etdi və hərbi təlim adı ilə hərəkat başladıldı. Azərbaycan ordusunun Murovda qəhrəman müqaviməti ilə yanaşı Yevlax – Gəncə istiqamətində rus-erməni silahlı qüvvələrinin irəliləməsinin dayandırılmasında Türkiyənin bu addımı çox ciddi rol oynadı. Vəziyyətin nizamlanması üçün əvvəl “Yeltsin planı”, sonra “üçlü təşəbbüs” (Türkiyə- ABŞ– Rusiya) adlı, Kəlbəcərin 20 iyun 1993-cü il tarixinə qədər erməni silahlı qüvvələrindən azad edilməsini nəzərdə tutan proses başladıldı və qərara bağlandı. Ölkədə başlanan hərbi qiyam həmin planın o vaxt pozulmasına səbəb oldu.
Bizim bir neçə min əsgər və zabitimiz bilavasitə Türkiyədə təlim keçirdi. Azərbaycan ordusunun formalaşdırılması üçün 1500 türk zabitin Azərbaycana göndərilməsi nəzərdə tutulurdu və s. Bu yaxınlarda Bakının azad olunmasının ildönümünü qeyd etdik: 1918-ci ildə Türkiyə Azərbaycanı və xalqını o dövrdəki erməni-rus daşnak-bolşevik soyqırımından, ümumiyyətlə, məhv olmaqdan necə xilas etmişdisə, oxşar hadisələr 1992-1993-cü illərdə də baş verib.
Bunun yekunu 2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində Türkiyənin yardımı və rolu oldu. Bu gün Azərbaycanın hər yerində şəhid məzarlıqları üzərində qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları “Türkiyə Azərbaycan üçün nə etdi” sualının ən bariz cavabıdır.
– Hazırda Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır. Düzdür, arada münasibətləri zədələməyə çalışan cəhdlər olur. Türkiyədə müəyyən qüvvələr mediada və sosial şəbəkələrdə Azərbaycan dövlətini hədəfə gətirən təxribatlara yol verir, əsassız yerə Azərbaycanı tənqid edirlər. Bunları epizod kimi dəyərləndirsək, üzərindən keçmək olar. Amma Ankara-Bakı müttəfiqliyinin paralelində bir başqa ittifaq da var – Türk Dövlətləri Təşkilatı. Rəsmi Bakı TDT-nin güclənməsində, daha da böyüməsində, siyasi, iqtisadi və hərbi cəhətdən konsolidasiyanın baş verməsində daha çox maraqlı görünür. Sizin müşahidələriniz hansı yöndədir?
(Ardı var)
Safura Bənnayeva, müxbir
İntiqam Əhmədov, foto
Globalinfo.az