Məlum olduğu kimi, “Neftçi” PFK-nın keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Onun intihar etdiyi barədə məlumatlar yayılıb. İddialara görə, buna səbəb Almaniyada yaşayan azərbaycanlı blogerlərdən birinin onun ünvanına səsləndirdiyi təhqiramiz fikirlər olub.
Bəs bir şəxsi intihar həddinə çatdıranları hansı cəza gözləyir?
Globalinfo.az-a danışan vəkil Elvin Əliyev bildirib ki, müasir dövrdə psixoloji və kiberzorakılıq bəzən fiziki zorakılıq qədər ağır nəticələrə səbəb ola bilir:
“Buna görə də qanunvericilik bir şəxsi intihar həddinə çatdıran hərəkətləri hüquqi baxımdan ciddi cinayət hesab edir. Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya digər cəhətlərdən asılı olan şəxsi amansız rəftar, ləyaqətinin mütəmadi alçaldılması, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyəti yaradır”.
Elvin Əliyev
Vəkilin sözlərinə görə, şəxsi intihar həddinə çatdıran kəslər azadlıqdan məhrum edilə bilər:
“Bu halda təqsirli bilinən şəxs məhkəmənin hökmü ilə həmin maddənin sanksiyasına uyğun olaraq 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Sosial şəbəkələrdə təhqir, təhdid, şantaj və ya davamlı psixoloji təzyiq də müəyyən hallarda intihara çatdırma kimi qiymətləndirilir”.
Zaira Akifqızı
Globalinfo.az