Sabiq nazir bahalığın səbəblərini açıqladı: “Qiymətləri enməyə qoymayan onlardır”

Bazarlarda yerli məhsullar kifayət qədərdir. Məsələn, yağ, süd və süd məhsulları, meyvə-tərəvəz, ət və digər ərzaqlar. Buna baxmayaraq maaşlrın az olduğu bir zamanda qiymətlər sözün əsl mənasında cib yandırır. Maraqlıdır, yerli məhsulların qiymətini vətəndaşların maaşına uyğun tənzimləmək mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, bazar qiymətləri tənzimləyən ən doğru məkandır.

Onun sözlərinə görə, qiymətlərin reallığını pozan əsas məqam bazarlarda ciddi monopoliyanın olmasıdır:

“İri bazarlarda bir çox məhsulların qiyməti əsasən, topdansatışı həyata keçirən monopolistlər tərəfindən razılaşdırılaraq müəyyən olunur. Topdan satış sahəsində qiymətlərin bu şəkildə tənzimlənməsinin nəticəsidir ki, Bakı şəhərindəki böyük bazarlarda məhsulların qiymətləri adətən yüksək və bütün bazar üzrə demək olar ki, eyni səviyyədə olur. Sanki bazarda satıcılar öz aralarında qiymət sövdələşməsi aparıblar. Normal halda bazarda eyni məhsulların qiymətində kəskin fərqlər ola bilir. Məsələn, Bakı şəhərində “Yaşıl bazar” adlanan bazarda demək olar ki, satıcıların 99 faizi topdan satıcılar və ya bir-birindən mal alıb satan adi alverçilərdən ibarətdir. Yəni istehsalçı bu bazara öz məhsulu ilə çıxa bilmir. Bu səbəbdən də bazar bir qrup daimi satıcılar tərəfindən idarə olunur”.

Fikrət Yusifov

F.Yusifov deyib ki, bazar dediyimiz məkanın fəaliyyət prinsipi bu şəkildə deformasiya edilirsə – yəni orada istehsalçılar deyil, alverçilər dominantlıq edirlərsə, o bazarda vəziyyət həmişə belə olacaq:

“Bakının “8-ci kilometr” adlanan ərazisində yerləşən bazarda fərqli durum var. Bura əsasən məhsul istehsal edən fermerlər və ya həyətyanı sahəsində məhsul yetişdirən fiziki şəxslər öz istehsal məhsullarını çıxara bilirlər. O səbəbdən də bu bazarda qiymətlər çox ucuzdur. Haqqında danışdığımız bu iki bazar arasında eyni məhsulların qiymətində bəzən 2-3 dəfə fərq olur”.

İqtisadçının sözlərinə görə, bazarlarda məhsulların qiymətinin baha olmasının bir başqa ciddi səbəbi də istehsal olunan məhsulların bazarlara çatdırılmasındakı çətinliklərlə bağlıdır:

“Bu sahədə işlərin mükəmməl formada təşkil edilməsinə böyük ehtiyac var. Regionlarda fermerlərdən və kənddə həyətyanı sahəsində məhsul yetişdirən insanlardan anında bu məhsulları tədarük edib, bazarlara çatdırmaq sahəsində ciddi problemlər yaşanır. Fermer və ya fiziki şəxs bəzən yetişdirdiyi məhsulu vaxtında sata bilmədiyi üçün onu sadəcə məhv edir. Məhsulun qablaşdırılması, bazarlara çatdırılması və satışının düzgün təşkil edilməsi kimi zəncirvari prosesi pozan neqativ məqamlar da az deyil. Bütün bu problemlərin həllinə kompleks yanaşım olmalıdır. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməli və yerli xüsusiyyətlər nəzərə alınmaqla onlardan istifadə olunmalıdır. Yerlərdə kiçik və orta emal müəssisələrinin qurulmasına çalışmalıyıq. Belə müəssisələri qurmaq istəyən iş adamlarına xüsusi dövlət dəstəyi – güzəştli kreditlər şəkilində təklif olunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az