Saakaşvilinin Azərbaycanla bağlı açıqlamasının maraqlı səbəbi… – Politoloq

Ötən gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Feysbuk səhifəsində etdiyi paylaşım sosial şəbəkələrin Gürcüstan və Azərbaycan seqmentində ciddi müzakirəyə səbəb olub. Azərbaycanı “qardaş dövlət” adlandıran Saakaşvilinin sözlərinə görə, rəsmi Bakı Gürcüstanı ayaqda qalması üçün vacib olan infrastruktur və maliyyə imkanları ilə təmin edib.

Sitat:

“Yəqin ki, Azərbaycan o vaxt bizə göstərdiyi dəstəyindən özü danışmalıdır, amma bu, çox vacib məqamdır. Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Maraqlıdır, Saakaşvilinin indiki məqamda belə bir açıqlama verməsi nədən xəbər verir? O, azadlığa çıxmaq üçün rəsmi Bakıdan dəstək istəyir? Ümumiyyətlə, Azərbaycan Saakaşvilin azadlığa çıxması üçün rəsmi Tiflislə danışığa gedə bilərmi?

Elxan Şahinoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Saakaşvilinin məlum açıqlaması indiki məqamda təsadüfi deyil:

“O, hazırda həbsdədir və sağlamlıq problemləri var. Hətta bir müddət öncə sosial şəbəkələrdə paylaşılan videosu onun üzləşdiyi pis vəziyyətin real sübutu idi.
Saakaşvili üzləşdiyi vəziyyətdən çıxış yolu axtarır. Bu istiqamətdə onun məlum paylaşımını Bakıdan yardım kimi də qiymətləndirmək olar. Əlbəttə ki, bu, Gürcüstanın daxili məsələsidir və rəsmi Bakı heç bir ölkənin daxili işinə qarışmır. Lakin unutmaq olmaz ki, Mixail Saakaşvili Azərbaycanın dostu idi. Onun hakimiyyəti dövründə iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı.

O ki qaldı onun “Azərbaycan bizi yanacaq və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi” sözlərinə, hesab edirəm, bu, doğrudur. Məsələ ondadır ki, Rusiya 2008-ci ildə Gürcüstanın içərilərinə doğru daha çox soxulsaydı, bu, Azərbaycanın da təhlükəsizlik maraqlarına ciddi təhdid yaradacaqdı. Ona görə də Bakının Gürcüstana hərtərəfli dəstəyi vacib idi.

Fikrimcə, indiki məqamda Bakı və Tiflis arasında Saakaşvilinin vəziyyəti ilə bağlı müəyyən danışıqlar gedə bilər. Lakin bu, iki ölkə münasibətlərini korlamayacaq səviyyədə olmalıdır”.

Turan Rzayev
Globalinfo.az