İqbal Ağazadənin də partiyası qeydiyyata alındı

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən Ümid Partiyasının yenidən təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nazirlik İqbal Ağazadənin rəhbərlik etdiyi partiyanın üzvlərinin reyestrini təsdiq edib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Dünən iki partiya – deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası dövlət qeydiyyatına alınıb.