Globalinfo.az deputat Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:
– Elçin bəy, Rusiya və Azərbaycan arasında soyuqluq davam edir. Hər nə qədər Tacikistanın paytaxtı Düşənbədə liderlərin son görüşü müsbət tonda keçsə də, Rusiya tərəfi Bakının AZAL təyyarəsinin qəzaya uğramasından sonra irəli sürdüyü tələbləri tam yerinə yetirmir. Kremlin bu mövqeyinin və gərginliyi uzatmaq istəyinin səbəbi nədir?
– Rusiyanın Azərbaycana və azərbaycanlılara münasibətdə sərgilədiyi dost olmayan və diskriminasiya xarakterli addımların çoxsaylı səbəbləri var. Bunlar Azərbaycanın Rusiyanın geosiyasi oyunlarında iştirak etməməsi, istisnasız olaraq milli maraqlara söykənən müstəqil siyasət yürütməsi, öz tərəfdaşlarını və müttəfiqlərini, yenə də milli maraqlarını əsas götürərək müəyyənləşdirməsi, ABŞ və Avropa İttifaqı (Aİ), eləcə də digər regional və qlobal oyunçularla münasibətlərini öz milli maraqları müstəvisindən inkişaf etdirməsi, rəsmi Moskvanın və digər kənar aktorların bölgədə reallaşdırmaq istədikləri və onların mənafeyinə xidmət edən layihələrinin gerçəkləşdirilməsinə imkan verməməsi, bölgədə sülh və əməkdaşlıq gündəliyini təqib etməsi, Türk Dövlətləri Təşkilatının (TDT) müstəqil qlobal güc mərkəzi kimi formalaşdırılması prosesində nümayiş etdirdiyi qətiyyətli mövqe, Azərbaycanın Türkiyə, Pakistan, Çin, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa dövlətləri ilə strateji müttəfiqlik və tərəfdaşlığını intensiv şəkildə inkişaf etdirməsi və ən əsası isə Türkiyə, Pakistan, Slovakiya və digər ölkələrlə birlikdə ən müasir, gələcəyə hesablanmış müdifə sənayesinin inkişafı istiqamətində əldə etdiyi nəticələrdir.
– Moskva tez-tez müttəfiqlikdən, tərəfdaşlıqdan danışır…
– Kremlin ənənəvi hikkəli neoimperialist baxış bucağı və qavrama, qəbullənmə ölçüsündə nəinki bərabərhüquqlu, ümumiyyətlə hüququ olan müttəfiq, tərəfdaş anlayışı yoxdur. Bu yanaşma və üslub qlobal siyasi münasibətlər sisteminin çağırışlarına uyğun olaraq şəkilləndirilsə də, “vəhşi” I Pyotrdan üzü bəri dəyişməyib. Klassik Rusiya siyasətində həm daxilə, həm də xaricə münasibətdə “pokornyaya sluqa” (müti kölə) anlayışı deformasiyaya uğrasa da, tamamilə sıradan çıxmayıb. Kreml mövcud siyasi reallıqların verdiyi imkanlara, şəraitə uyğun olaraq, nəinki MDB məkanına, az qala bütün dünyaya “təhkimçilik hüququ” müstəvisindən yanaşır. Müasir Rusiya siyasəti neosarizmlə neobolşevizmin qarışıq horrasıdır – bolşesarizm də adlandırmaq olar.
Rusiyanın situativ davranışlarının və pressinq siyasətinin davamlılığına gəldikdə isə, bu prosesin rəsmi Moskvanın özü üçün ciddi təhdidlər yarada biləcəyi ehtimalı kifayət qədər çoxdur.
– Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib və işə baxılması üçün məhkəməyə göndərilib. Məlum olub ki, Şıxlinski barəsində cinayət işini aparan müstəntiqlərdən biri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan A.S.-dir. Bundan başqa, Şıxlinskiyə qarşı ifadə verən şəxsin də Daxili İşlər Nazirliyinin erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyan olduğu bildirilir. Sizcə, bu qərar siyasi xarakter daşıyırmı?
– Rusiyada yaşayan azərbaycanlılara, xüsusilə də Azərbaycan diasporunun üzvlərinə qarşı diskriminasiya siyasətinin yürüdülməsi sistemli və məqsədyönlü xarakter daşıyır. Bu prosesdə Rusiyanın Daxili işlər nazirliyinin hansısa erməniəsilli əməkdaşının rol oynaması barədə iddialar isə azərbaycanlılara qarşı reallaşdırılan diskriminasiya xarakterli siyasətin əhəmiyyətsiz elementlərindən biri ola bilər.
Azərbaycanda adminstrativ və siyasi dayaqlarını – nüfuz müvəkkillərini itirən, yaxud onların ictimai rəyə təsir imkanlarının məhdudlaşdığını görən Rusiyanın siyasi dairələri federasiyanın vətəndaşı olan azərbaycanlılardan ölkəmizə qarşı istifadə etmək üçün müəyyən ssenarilər hazırlamaq niyyətində ola bilərlər. Biz 2013-cü ildə belə bir ssenarinin şahidi olmuşuq. Qənaətimə görə, Rusiyanın siyasi dairələri ilk növbədə Azərbaycana bağlı olan diaspor nümayəndələrini Moskvanın təbliğat prosesində yer ala biləcək şəxslərlə əvəz etmək, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan azərbaycanlılardan Azərbaycana qarşı təbliğat prosesində istifadə etmək istəyirlər.
– Ramiz Mehdiyev ətrafında cərəyan edən proseslər də diqqət çəkir.
– Ramiz Mehdiyev və istintaqın ortaya çıxaracağı şəxslər vasitəsilə ölkəmizdə yaratdıqları “müxalifət”in ifşa olunduğunu, həmçinin yerdə qalanların da ifşa olunacaqlarını bildikləri üçün Azərbaycandan kənarda, diaspor nümayəndələrindən istifadə etməklə Rusiya mərkəzli “müxalifət” yaratmaq niyyətinə düşmələri də mümkündür. Qeyd edim ki, Rusiyada yaşayan azərbaycanlıların əhəmiyyətli hissəsi həm Rusiya, həm də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir. Bu səbəbdən də Rusiya vətəndaşı olan azərbaycanlılar qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Zənnimcə, Rusiyada yaşayan həmvətənlərimizin vətəndaşlığı ilə bağlı məsələlər ciddi şəkildə araşdırılmalı və bununla bağlı müvafiq hüquqi addımlar atılmalıdır.

Elçin Mirzəbəyli
– Elçin bəy, bəzi ekspertlər hesab edirlər ki, Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsində sülhə nail olmaq cəhdlərindən sui-istifadə edir. Hətta Moskvanın özünü indidən qalib kimi görərək təsir dairəsində hesab etdiyi ölkələrə mesajlar göndərdiyi iddia olunur. Bu fonda Bakı ilə Moskva arasında soyuqluğun davam etməsi Azərbaycan üçün hansı riskləri yarada bilər?
– Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində heç vaxt maraqlı olmayıb və bu ölkənin təhlükəsizliyinə təhdid yarada biləcək, yaxud Moskvanın hüquqi maraqlarına zərbə vura biləcək hər hansı bir addım atmayıb. Əksinə, hər zaman şimal qonşumuza münasibətdə, əksər hallarda qarşı tərəfin yanlış addımlarına da məhəl qoymadan kifayət qədər təmkinli davranaraq qarşılıqlı əlaqələrin inkişafına səy göstərmişik. “Soyuq küləklər” isə hər zaman şimaldan “əsib”. Digər tərəfdən, Rusiyanın Ukraynada apardığı ədalətsiz, beynəlxalq hüquqa zidd müharibədə hansı nəticələri əldə etməsinə, yaxud edəcəyinə baxmayaraq, bu prosesin Moskvanın Cənubi Qafqaza, yaxud Mərkəzi Asiyaya münasibətdə hansısa yeni iddialarına yol açacağını düşünmürəm.
Ukraynada Rusiya, hazırda Vaşinqtonun yanaşmasını nəzərə alsaq, Avropa İttifaqını qarşısına alıb. Amma Cənubi Qafqazda və Mərkəzi Asiyada qüvvələr nisbəti fərqlidir və Moskvanın sözügedən istiqamətdə istənilən aqressiv davranışı onu ənənəvi tərəfdaşlarının dəstəyindən də məhrum edə bilər. Digər tərəfdən, Rusiya, hətta qələbəsini elan etsə də, uzunmüddətli müharibənin həm iqtisadi, həm də demoqrafik nəticələrinin aradan qaldırılmasına onillərlə vaxt lazım gələcək.
Risklər isə hər zaman olub və olacaq. Ümid edirəm, qarşıdakı qısa zaman kəsiyində Rusiyanın siyasi dairələri geosiyasi ilğımların boz-bulanıq görüntüləri arasından reallıqları və praqmatik siyasətin qarşılıqlı maraqlara xidmət edən elementlərini görməyi bacaracaqlar.
– Son illərdə Azərbaycanda Rusiyanın “5-ci kolonu”na ciddi zərbələr endirildiyi müşahidə olunur. Əvvəlcə antiterror əməliyyatı ilə separatçı qurumlar ləğv edildi, daha sonra Rusiya sülhməramlıları ölkəmizi tərk etdi. Şimal bölgəmizdə isə Dövlət Təhlükəsizliyi Xidmətinin uğurlu əməliyyatları nəticəsində radikal dini-etnik separatçı şəbəkələr zərərsizləşdirildi. Son olaraq Adnan Əhmədzadə və Ramiz Mehdiyev ətrafında baş verən hadisələr də Rusiyanın Azərbaycandakı təsir imkanlarına zərbə kimi qiymətləndirilir. Bütün bu proseslər fonunda Bakı Rusiya ilə imzalanmış Moskva Bəyannaməsinə yenidən baxa bilərmi?
– Bu bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı barədə niyyətlərini bəyan etmələridir. Əgər etmirlərsə, o zaman bu niyyət kağız üzərində qalır. Nəticə olaraq Moskva Bəyannaməsinə də yenidən baxmağa ehtiyac yoxdur.
Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az