Rusiyanın hədəsinə Xocalı cavabı – Kremlə Qarabağdan göndərilən ismarış

Hər kəs Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ötən bazar günü yaydığı bəyanata rəsmi Bakının necə cavab verəcəyini maraqla gözləyirdi. Bu cavab verilməmiş, Moskvadan daha bir bəyanat-açıqlama aldıq. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın iyulun 20-də mətbuat konfransında Qarabağla, oradakı Rusiya sülhməramlıları haqda fikirləri yayıldı. Moskva mövqeyindən nəinki geri çəkilmişdi, əksinə, bir addım da qabağa gəlmişdi.

Zaxarovanın bəyanatının müzakirəsinin ən qızğın vaxtında Prezident İlham Əliyevin Xocalıya getdiyi xəbəri və o xəbəri müşayiət edən fotolar yayıldı. Ölkə başçısı Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.

Xocalı rayonu, 20 iyul 2023-cü il

İndiki situasiyada bu səfər çox ciddi siyasi mahiyyət daşıyır. Ola bilsin, ölkə başçısının həmin kəndlərə gedəcəyi daha əvvəldən planlaşdırılıb. Amma indiyə təsadüf etməsi çox yaxşı oldu.

Xocalı qətliamı Rusiyanın Qarabağdakı 366-cı motoatıcı alayının dəstəyi və iştirakı ilə törədilib. Rusiya ordusu heç vaxt sülhməramlı olmayıb, olmayacq da. Qarabağda qətliamda iştirak etmiş, soyqırım əməliyyatına birbaşa dəstək vermiş, işğala kömək etmiş ordu necə sülh təminatçısı ola bilər?! Rusların siyasəti də, hərbisi də dağıdıcıdı, qabadı, işğala xidmət edir. Amma Azərbaycan və Türkiyə ordularının sülh missiyası hər zaman uğurla sınaqdan çıxıb. Tarixdə bunun örnəyi var. 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi böyük bir qətliamı dayandırdı. 1918-ci ilin mart soyqırımında erməni daşnak qüvvələri ilə bolşeviklər əlbir olub Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalini kütləvi şəkildə qətlə yetiriblər. Yalnız Qafqaz İslam Ordusunun gəlişindən sonra bu qətliam durdurulub.

2020-ci ildə Türkiyənin siyasi-diplomatik dəstəyi Qarabağ müharibəsinin qələbə ilə və ədalətli şəkildə başa çatmasına öz töhfəsini verdi. Bir daha sübut edildi ki, Azərbaycan və Türkiyə orduları işğalçı deyillər. Sülh və əmin-amanlıq təminatçısı, yaradıcısıdırlar.

Rusiya 20-ci əsrin əvvəlində olduğu kimi sonlarında da Azərbaycana qarşı işğalçı müharibədə tərəf oldu. 1990-93-cü illər aralığında baş verənlər tarixin və hər birimizin yaddaşında dərin izlər buraxıb. 20 yanvar 1990-cı ildə Sovet ordusu Bakıda dinc əhalini gülləboran etdi. 131 mülkü vətəndaşımız öldürüldü. Sonrakı illərdə Qarabağda, ətraf rayonlarda rus hərbçilər ermənilərə silah-sursat, texnika, kəşfiyyat məlumatı və s. dəstəyi verib, azərbaycanlıların üstünə göndərirdi. Qarabağ münaqişəsinin qızışmasında Rusiyanın danılmaz “xidmətləri” var.

Bu gün Rusiya yenə də ənənəvi ampluasındadır. Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır, bəyanat verir, ultimativ tonda danışmağa meyl göstərir. Bu azmış kimi Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə bu xətti davam etdirir. Maria da o qədər cuşa gəlib, elə həyəcanlanıb, dəxli olmadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə verdiyi bəyanata öz aləmində cavab verib. Deyib ki, “Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiya sülhməramlı kontingenti Qarabağ münaqişəsi zonasına (müvəqqəti – red.) yerləşdirilib”.

Bunlar anlamır ki, Türkiyənin hansısa sənəddə imzasının olmaması onu proseslərdən kənarda qoymur. Türkiyə Azərbaycandan tərəfdir. Strateji müttəfiqimizdir. Şuşa Bəyannaməsində imzası var! Daha nə olmalıdır?! Üstəlik, bu bölgənin lider dövlətlərindəndir. Onun razı olmadığı heç nə həyata vəsiqə qazana bilmir. NATO-da söz sahibi, iradə yiyəsi olan bir dövlətə Zaxarova qafa tutur. Qarabağ məsələsində heç bir qüvvə prosesləri Azərbaycanın əleyhinə dəyişdirə bilməz. Buna nə biz imkan verərik, nə qardaşımız və müttəfiqimiz olan Türkiyə. Hazırkı geopolitik düzən, beynəlxalq birliyin maraqları də bu sürəcin başlamasına razı olmaz.

İndiki mərhələdə Rusiya ilə savaşacaq, mübahisə edəcək vaxtımız yoxdur. Amma sözün bütün mənalarında sərhədimizi keçsə, cavabı ən sərt formada veriləcək. Necə ki indiyə kimi verilib.

Prezident İlham Əliyev Xocalıdan sonra Daşaltı kəndinə, Şuşa şəhərinə gedib. Ölkə başçısı hazırda ordadır.

 

Daşaltı kəndi, 21 iyul 2023-cü il

Azərbaycanın Daşaltı ilə bağlı da yaraları var. 1992-ci ilin yanvar ayında o kənddə Azərbaycanın igid oğulları rus-erməni hərbi birləşmələrinin pusqusuna düşürülərək şəhid ediliblər. 1992-ci ilin may ayında Şuşanın işğalında da Rusiyanın 366-cı polku erməni işğalçılarına yaxından dəstək verib. Bütün faciələrimizdə Rusiyanın, rus ordusunun əli, izi var. Bu qədər pisliklərə rəğmən biz normal qonşuluq münasibətlərindən yana olduğumuzu hər addımda bəyan edirik. Amma Rusiya ənənəvi imperiya xislətindən, işğalçı mahiyyətindən əl çəkmək fikrində olmadığını göstərir.

Şuşa şəhəri, 21 iyul, 2023-cü il

Eldirsə, biz də layiq olduğu cavabı verdik. İlham Əliyevin Xocalı rayonu ərazisinə səfəri, Daşaltıya getməsi, Şuşaya baş çəkməsi Rusiyaya, onun rəhbəri Vladimir Putinə ən tutarlı cavab sayılmalıdır. Vaxtilə bu torpaqların işğalında bilavasitə iştirak etmiş, azərbaycanlıların qətlində erməni quldurlarına hər tərəfli dəstək vermiş Rusiyaya Azərbaycan prezidenti bədən dili bunu dedi: “Burdayam. Bir vaxtlar sənin işğal edib, xaraba qoyduğun torpaqları azad etmişəm, indi də ev-ev, kənd-kənd, şəhər-şəhər yenidən qururam. Ordun da, diplomatiyan da, hədən də vız gəlir”.

Azər Ayxan
Globalinfo.az