Rusiya Xəzəri gizli raketlə “vurur”? – Ekspertdən fərqli versiya

Son günlər Xəzərin Rusiya və Qazaxıstan sektorunda 2 min 500 Xəzər suitisinin cəsədinin sahilə vurduğuna dair xəbərlər yayılıb. Adı Qırmızı kitaba düşəcək qədər sayı azalan suitilərin kütləvi ölümü təşviş doğurur.

Globalinfo.az bildirir ki, hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən müvafiq araşdırmalar aparılsa da, tanınmış uroloq-androloq Vasif İsmayıl maraqlı iddia ilə çıxış edib.

Belə ki, o, Xəzər suitilərinin kütləvi ölümünə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan strateji bombardmançı təyyarələrin buraxdığı X 22 və bu tərz raketlərin olduğunu qeyd edib:

“Təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində, Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. X 22 raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var –bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür. Raket yaşayış sahələrinə düşməsin deyə dəniz üzərindən atırlar.

Görünür, Rusiyanın keyfiyyətli raketləri qurtardığı üçün problemli X 22 raketlərini atmağa başladı və Xəzərə düşən nasaz raket sayı da artdı. Nəticədə Xəzər çirklənir, canlı təbiət də zərər görür”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, artıq Nabran və Xaçmaz rayonlarının, habelə İstisu qəsəbəsinin Xəzər sahillərində 17 suiti cəsədi aşkarlanıb:

“Suitilərin ölüm səbəbinin araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi və bizim mütəxəssislər tərəfindən nümunə götürülüb. Suitilərin hansı səbəbdən ölməsi ilə bağlı yekun informasiya ictimaiyyətə açıqlanacaq”.

Ekoloq Telman Zeynalov isə qeyd edib ki, Xəzər suitilərinin kütləvi ölümünün Rusiya-Ukrayna müharibəsi və ya qeyd edilən X 22 raketləri ilə heç bir əlaqəsi yoxdur:

“Bu, birbaşa Xəzər dənizinin çirklənməsi ilə əlaqəlidir. Xəzərə hər gün külli miqdarda tullantı atılır. Bu da öz növbəsində suyun çirklənməsinə səbəb olur. Dənizin çirklənməsi isə suitilərin ölümü ilə nəticələnir.

Xüsusilə Xəzər dənizinin Dağıstan sahillərində bu hal daha çox hiss edilir. Hətta Dağıstan sahillərində balıqlar belə ölür”.

Qeyd edək ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuata açıqlamasında Xəzər dənizinin sahilində aşkarlanan suitilərin (Phoca caspica) ölüm səbəbinin hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırıldığını bildirib.

Turan Rzayev
Globalinfo.az