Ukrayna dövləti ləğv edilə bilər – Ssenari işə düşür

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç ölkənin fəlakətə doğru getdiyini iddia edib. O, fikrini bir neçə amillə əsaslandırıb və Qərbin Ukraynaya yardım etmədiyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, ABŞ Ukraynaya yardımları dayandırmaq üzrədir:

“Bayden administrasiyası rəsmi Kiyevi özünün seçki maraqlarına qurban verir. Bundan başqa, Prezident seçkilərində Donald Tramp qalib gələrsə, ABŞ Ukraynanı Rusiyaya təslim edəcək.

Hazırda ABŞ Ukrayna savaşının maliyyə yükünü tamamilə Avropa İttifaqının üzərinə qoymağa çalışır. Aİ ölkələri isə anlayırlar ki, bu təşkilat Ukrayna savaşının yükünə uzun müddət tab gətirə bilməz. Hətta bəzi İttifaq ölkələri, xüsusilə də Macarıstan Ukraynaya dəstəyin dayandırılmasını tələb edir”.

Politoloq vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Aİ-yə ağır iqtisadi zərbələr vurmaqdadır:

Elçin Xalidbəyli

“Üstəlik, Rusiya sanksiyalara tab gətirsə də, İttifaq onun bumeranq effektinə duruş gətirməkdə çətinlik çəkir. Ancaq ABŞ kəşfiyyatının Avropa İttifaqı daxilində formalaşdırdığı “5-ci kolon” Ağ Evin təlimatlarını yerinə yetirir. Ona görə də hələlik Aİ Ukraynaya yardımların maliyyə yükünü təkbaşına çəkməli olacaq. Halbuki bu, uzun müddət davam edə bilməz.

Bütün bunlar Ukrayna savaşına birbaşa təsir göstərir. Hazırda Ukrayna ordusu yetərli hərbi resurslara malik olmadığına, Qərbin vəd etdiyi hərbi texnikanı ala bilmədiyinə görə müdafiə taktikasına keçmək məcburiyyətində qalıb. Belə davam edərsə, Rusiya Ukrayna savaşında qələbə qazana bilər. Hətta Qərbdə bəzi analitiklər indidən Rusiyanı savaşın qalibi hesab etdiklərini də gizlətmirlər.

Üstəlik, Kremlin ritorikası yenidən sərtləşib, sülh danışıqları üçün ağır şərtlər irəli sürür.

Bütün bunlar göstərir ki, Ukrayna dövlətçiliyi böyük və real təhlükə qarşısındadır. Çünki Rusiya qalib gəlsə, Ukraynanın ləğvinə cəhd edə bilər. Kreml bu məsələ ilə bağlı ABŞ və Qərbin mövqeyini almağa belə ehtiyac duymayacaq. Demək olar ki, tamamilə dağıdılmış Ukrayna isə Rusiyaya müqavimət göstərə bilməyəcək. Bu baxımdan hesab etmək olar ki, ABŞ və Qərb Ukrayna kimi önəmli bir dövləti fəlakətə düçar edib. Qərb Ukraynanı Rusiya ilə savaşa yönəldib, indi isə arxasından qaçır. Ukraynanın düşdüyü durum ABŞ və Qərbə ümid bəsləyən bütün ölkələrə örnək olmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az