ilham aliyev erdogan semimi

Prezident İlham Əliyevin Antalyaya səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa gəlişi Bakı-Ankara münasibətlərində son dövrlər yaranan gərginliyin aradan qaldırılması istiqamətində mühüm addımlar kimi qiymətləndirilir.

Hər iki liderin birgə mətbuat konfransında iki ölkənin arasına girmək istəyən qüvvələrə qarşı sərt mesajlar verməsi diqqət çəkib.

Bəs bu səfərlər münasibətləri tamamilə əvvəlki məcrasına qaytaracaqmı? Liderlərin xəbərdarlıq etdiyi qüvvələr kimlərdir və Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmaqda maraqlı olan tərəflər hansı məqsədləri güdür?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə və Azərbaycanın müasir tarixində bu, tərəflərin üzləşdiyi üçüncü belə böhran idi:

“Birinci böhran 1995-ci ildə, ikinci 2009-cu ildə, üçüncüsü isə 2026-cı ildə oldu. Hər birindən iki ölkə üzüağ çıxıb. İnanıram ki, bu böhrandan da üzüağ çıxdıq. Xüsusilə R.T.Ərdoğanın Zəfər Günü ilə bağlı Azərbaycana səfəri, daha sonra Prezident İlham Əliyevin COP31 sammiti üçün Türkiyəyə getməsi mühüm hadisələrdir. Bu böhranın böyük ölçüdə bitdiyini demək olar. Lakin bu, o demək deyil ki, gələcəkdə yenə nəsə olmayacaq.

Tərəflər arasında fikir ayrılığı yarana bilər. Əsas olan bu kimi situasiyalarda tərəflərin nələr edə bilməsidir. Qırmızı cizgilər aşılmadığı təqdirdə hesab edirəm ki, hər cür problemin öhdəsindən gəlmək mümkündür. Həm kənardan, həm də daxildən münasibətlərə zərər vermək istəyənlər var. Blogerlər xüsusilə ağızlarına gələni yaza bilərlər. Önəmli olan koordinasiyadır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: