Sosial şəbəkələrdə Qız qalasından yayılan görüntülər yeni müzakirələrə səbəb olub. Belə ki, abidəni ziyarət edən şəxs tarixi tikilinin quruluşu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Bildirilir ki, qalanın aşağı hissəsində nəhəng daş konstruksiya görünür və bir neçə ton ağırlığında olduğu ehtimal edilən iri daş iki sütunun üzərində dayanır. Diqqətlə baxanda bunun sanki aşağıdakı tikilinin giriş hissəsi və ya qapısı olduğu təəssüratı yaranır. Bəzi fərziyyələrə görə, Bakının altında müxtəlif dövrlərə aid qədim yaşayış qatları və tikililər mövcud olub. Tarix boyu Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində müəyyən ərazilərin su altında qalması, sonradan isə onların üzərində yeni yaşayış məskənlərinin salınması ehtimal edilir.
İddialar nə dərəcədə realdır? Belə tarixi faktlar varmı?
Globalinfo.az-a danışan AMEA-nın əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, əslində bizim bu gün Qız qalasının tarixi təkcə XII əsrlə məhdudlaşmır:
“Mövcud elmi yanaşmaya görə, qalanın əsas tikinti mərhələsi XII əsrə aid edilir. Lakin bir sıra tədqiqatçılar onun daha qədim dövrlərdə mövcud olduğunu və sonrakı əsrlərdə yenidən qurulduğunu da istisna etmirlər. Belə hesab olunur ki, bu tikili vaxtilə Bakı körfəzinə daxil olan və buradan keçən gəmilərə nəzarət məqsədilə istifadə olunub. Həmçinin Xəzər dənizinin səviyyəsinin müxtəlif dövrlərdə dəyişməsi ilə bağlı fərziyyələr də mövcuddur. Bəzi mülahizələrə görə, qədim dövrlərdə Xəzərin coğrafiyası indiki dövrdən fərqli olub və bu da bölgənin müdafiə və nəzarət sistemində belə tikililərin əhəmiyyətini artırıb. Bu baxımdan Qız qalasının sadəcə yaşayış binası deyil, daha çox müdafiə və müşahidə funksiyası daşıyan gözətçi qülləsi olduğu ehtimal edilir. Qala kompleksinin müdafiə sisteminin mühüm elementi kimi fəaliyyət göstərməsi barədə fikirlər də mövcuddur”.
Faiq Ələkbərli
Tarixçi-alim bildirib ki, abidənin ilkin əsaslarının daha qədim, hətta eramızdan əvvəl VI-V əsrlərə gedib çıxması barədə də müxtəlif elmi mülahizələr irəli sürülür:
“Lakin bu məsələ ilə bağlı elmi ictimaiyyətdə yekdil mövqe yoxdur və araşdırmalar davam edir. Qalanın Qız qalası adlandırılması və bununla bağlı xalq arasında yayılan rəvayətlər, o cümlədən xanın qızı ilə bağlı məşhur əfsanə daha çox folklor nümunəsidir və tarixi fakt kimi qəbul edilmir. Bu abidənin əsl təyinatı və ilkin adı barədə isə müxtəlif elmi yanaşmalar mövcuddur. Bu mövzuda tədqiqatlar hələ də davam edir”.
Ləman İmran
Globalinfo.az