Qərbin yeni ssenarisi: İranla Kürdüstan arasında gərginlik artacaq

İran ölkənin qərb və şimal-qərb sərhədlərinə zirehli texnika toplayır. Bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib. Bildirib ki, separatçı anti-İran terror qruplarının ölkənin şimal-qərbindəki hərəkatlarının ardınca, İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları ölkənin İraqla sərhəd bölgəsində öz qüvvələrini gücləndirərək təhlükəsizlik üçün bölgəyə zirehli texnika yerləşdirir.

Maraqlıdır, rəsmi Tehranın bu hazırlığının səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İranla İraq Kürdüstanı arasında gərginliyin artacağı gözlənilən idi:

“ABŞ İranı zəiflətmək üçün bu fürsəti əldən verməz. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir neçə gün əvvəl bildirmişdi ki, Tehran Bağdaddan İraqdakı silahlıları tərksilah etməyi tələb edib. Görünür, İraq bu tələbi yerinə yetirməyib. Gözlənilən də bu idi. Çünki Vaşinqton məhz həmin silahlılar vasitəsilə İrana təsir edir.

İraqın bu tələbi yerinə yetirmədiyinə görə İran sərhədə texnika yığmağa, necə deyərlər, təhlükəsizliyini təmin etməyə başlayıb. ABŞ və müttəfiqlərinə lazım olan da elə budur.

Yaxın günlərdə İranla İraq Kürdüstanı arasında silahlı toqquşmanın baş verəcəyi istisna deyil. Əgər bu baş verərsə, Qərbin maraqları növbəti dəfə təmin olunacaq. Qərbin həmin situasiyadan istifadə edərək Kürdüstanı silahlandırması da mümkündür.

Beləliklə, Rusiyadan sonra Qərbin növbəti hədəfinin İran olduğuna dair heç bir şübhə yoxdur”.

Turan Rzayev
Globalinfo.az