Qərbin Ukrayna haqda çoxillik planı: Fransa və Almaniya Rusiya ilə məxfi anlaşmada

“Avropanın hədəfi Rusiya ilə anlaşıb ABŞ-ın təsirindən imtina etmək və qlobal güc mərkəzlərindən biri olmaqdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, hələ 2014-cü ildən sonra Ukrayna münaqişəsi ilə bağlı yaradılan Normand formatında Donbas separatçılarını tərəf kimi qəbul etdirərək, Moskvanın xeyrinə Kiyevi aldatmışdılar:

“Bu gün baş verənlər Zelenskiyə qalmış mirasdır, doğrudur, ölkəsini müharibədən yayındıra bilərdi, amma Maydan hadisələrindən sonra Kiyevdə çox şeyi Qərb həll edirdi və Poroşenko da, Zelenski də bəzi məsələlərə məcbur qaldılar. Hətta Zelenski Türkiyə vasitəçiliyi ilə müharibədən yayınmaq gedişi də etdi.

Xüsusilə Qarabağ münaqişəsinin həllindən sonra bu təcrübədən istifadə etmək məsələsi var idi, burada Ərdoğanla Əliyev rol oynaya bilərdi. Ukraynanın Türk Dövlətləri Təşkilatına üzvlüyü məsələsi də bundan qaynaqlanırdı. Amma nəticə etibarilə, nail ola bilmədi. İndi Ukrayna nə qədər ağrılı qəbul edilsə də, poliqona çevrilib. Avropanın hədəfi Ukrayna torpaqlarının hesabına olsa da, öz təhlükəsizlik sistemini qurmaq və NATO çətirini zəiflətməkdir. Rusiyanın hədəfi qlobal güc olaraq qəbul edilmək, yaxud ən azı postsovet məkanında güc mərkəzi kimi tanınmaqdır. ABŞ-ın hədəfi isə fikrimcə, həm Avropa, həm Çindir”.

Ekspert hesab edir ki, Rusiya Ukraynaya hücum etməklə ABŞ-ın əlinə oynayıb:

“Çoxları hesab edir ki, bu, Vaşinqtonun Moskvanı vaxtilə Əfqanıstanda etdiyi kimi tələyə salmasıdır. Müharibə meydanındakı vəziyyətə baxdıqda həqiqətən də belə görünür. Amma müharibədən öncə Fransa və Almaniya Rusiyanın ABŞ/NATO-dan istədiyi təhükəsizlik müqaviləsini verirdi. Söhbət Donbasa status, eləcə də Ukraynaya neytral statusun verilməsindən gedir. Bütün kartlar Rusiyanın xeyrinə olduğu halda, Moskva bundan imtina edərək, Ukraynaya hücum etdi və belə demək mümkünsə, öz “ayağına sıxdı”.

Asif Nərimanlı

Məsələ NATO-nun genişlənməsi, yaxud Ukraynanın Şimal Alyansına qəbul edilməsi deyildi. Hər kəs bilir ki, Ukraynanı NATO-ya qəbul etməyəcəkdilər, bundan sonra qəbul edəcəkləri belə sual altındadır. Fikrimcə, bu yeni dünya düzəni adlanan qlobal proseslərin tərkib hissəsidir. Avropa Çinlə birlikdə böyüyür və ABŞ/NATO cəbhəsi zəifləyirdi, Çinin güc olmaq perspektivi böyüyürdü. Avropa da Çinlə birlikdə hərəkət edərək, çoxqütblü dünya sisteminin yaranmasını həyata keçirir, qlobal güc mərkəzlərindən birinə çevrilməyi planlaşdırırdı. Avropanın öz ordusunun yaradılması və s. kimi məsələlər bundan qaynaqlanırdı.

NATO-nun yenidən əsas təhlükəsizlik çətiri olması, ABŞ-ın Avropada təsir gücünü bərpa etməsi üçün kənar təhlükəyə ehtiyac var idi. Çin kənar təhlükə kimi qəbul olunmurdu, o zaman, Rusiya təhlükəsi ilə NATO-nun yaranma fəlsəfəsini diriltdilər və Avropanın planı arxa plana keçdi. Bu şəraiti yaradan Rusiyanın birdən çox planı var. Rusiya çoxqütblü dünyada öz yerini almağa çalışır, o cümlədən, böyüyən Çini onunla hesablaşmağa məcbur edir. İstisna deyil ki, Ukrayna müharibəsinin masada müzakirəsi zamanı Rusiyaya istədiyinin hamısını olmasa da, müəyyən qismi veriləcək. Bu, xüsusilə postsovet məkanında güc mərkəzi kimi qəbul edilmək ola bilər. ABŞ da istəyinə tam olmasa da müəyyən qədər nail olub”.

A.Nərimanlı qeyd edib ki, proses hələ yeni başlayır, yəni daşlar indi qarışdırılır və hadisələrin inkişafında zaman-zaman tarazlıqlar pozulacaq:

“Əgər müharibənin əvvəlində ABŞ daha həlledici oyunçu idisə, indi müəyyən qədər Çinin önə çıxması müşahidə edilir, o cümlədən, Fransa və Almaniyanın timsalında Avropa yenidən toparlanmağa çalışır. Fransanın “Ukrayna əraziləri hesabına Rusiya ilə anlaşmaq” istəyi də müharibənin başlanmasından öncə həyata keçirmək istədiyi plana yenidən cəhd etməkdir. Fransa və Almaniya Rusiyanın da maraqlarının nəzərə alındığı təhlükəsizlik sistemini qurmaq istəyirlər. 2024-cü ildə ABŞ-da prezident seçkilərinin keçirilməsi ərəfəsində tarazlıq xüsusilə pozula, Avropa və Çin daha çox ön plana çıxa bilər.

Müharibənin uzanması da əslində geosiyasi mübarizədə hələ qalibin müəyyən edilməməsidir. Burada Ukrayna geosiyasi mübarizənin poliqonuna çevrilmiş ölkədir. Kiyev üçün yeganə ümid Rusiyaya qalib gəlməkdən keçir, əks təqdirdə, müharibənin istənilən mərhələsində danışıqlar masası qurulacaqsa, ərazi itkisi ilə üzləşəcək”.

Turan Rzayev
Globalinfo.az