tel eviv baki ankara 1 scaled 1 900x596 2

Azərbaycanın İsrail üzərində müəyyən diplomatik təsir imkanlarının olması yenidən diqqət mərkəzinə gəlib. Bakının Təl-Əvivlə yaxın münasibətləri fonunda bəzi məsələlərdə mövqe bildirmək və dialoqa təsir göstərmək imkanları Türkiyə-İsrail münasibətlərinin gələcəyi baxımından da müzakirə edilir.

Xüsusilə Azərbaycanın İsrailin qondarma “erməni soyqırımı” layihəsi ilə bağlı mövqeyinin qarşısının alınmasında rol oynadığına dair fikirlər bu məsələyə yeni prizmadan yanaşmağa vadar edir.

Azərbaycanın İsraillə mövcud əlaqələri Ankara ilə Təl-Əviv arasında münasibətlərin yenidən qurulması üçün vasitəçi rolunda istifadə oluna bilərmi? Bakıda iki ölkə diplomatlarının görüşü və daha geniş anlaşma ehtimalı nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, İsrail ilə Türkiyə arasında vəziyyətin gərginləşməsi, tərəflərin zaman-zaman bir-birinə qarşı ittihamlar səsləndirməsi narahatlıq doğurur:

Azərbaycan tərəfi hər zaman tərəfləri uzlaşdırmağa çalışıb. Bundan öncə də gərginlik pik həddə çatanda Bakı diplomatik təmaslarını artıraraq tərəfləri yaxınlaşdırmağa çalışmışdı. Bu təmaslar nəticəsində müəyyən müddət ərzində tərəflər arasında gərginlik səngidi. Hətta İsrail prezidentinin Türkiyəyə səfəri də baş tutdu.

Azərbaycan İsraillə strateji tərəfdaş, Türkiyə ilə isə qardaş və müttəfiq ölkə münasibətlərinə malikdir. Yaxın Şərqdə baş verən proseslər Türkiyə və İsrailin mövqeləri arasında ziddiyyətlər yaradır. Təəssüf ki, hər iki ölkənin regional maraqları bəzən qarşı tərəf haqqında mənfi obrazın formalaşdırılmasını da zəruri edir. Yəni dövlətlər müəyyən hallarda düşmən obrazı yaradaraq bir çox məsələləri onun üzərinə yükləyirlər. Belə olan halda isə diplomatik fəaliyyətin nəticə verməsi çətinləşir.

Xeyal besirov 900x521 2
Xəyal Bəşirov

Qondarma “soyqırımı” məsələsi hər kəsə, o cümlədən İsrailə də məlumdur ki, siyasi məqsədlərlə istifadə olunan bir mövzudur və zamanında bəzi böyük güclərin gündəmə gətirdiyi iddialara əsaslanır. Lakin bu hadisə bir daha göstərdi ki, Türkiyə üçün qırmızı xətt olan məsələlər Azərbaycan üçün də qırmızı xətdir. Bakı strateji tərəfdaşı olsa belə, bu kimi məsələlərdə susmayıb və bundan sonra da susmayacaq.

Azərbaycan bundan əvvəl də tərəflər arasında danışıqların aparılmasına töhfə verib. Hesab edirəm ki, bu gün də pərdəarxası təmaslar davam edir və proses bu istiqamətdə inkişaf edərsə, yeni görüşlərin keçirilməsi mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: