Qazaxda mağaza və yardımçı tikili yandı: Xəsarət alanlar var

Qazax rayon Aşağı Salahlı kəndində evə bitişik mağaza, yardımçı tikili və hamam otağı yanıb, xəsarət alanlar var.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, 1961-ci il təvəllüdlü Ş.Nəbiyeva məxsus ümumi sahəsi 400 kvadratmetr olan evə bitişik olan 40 kvadratmetrdə mağaza, 20 kvadratmetrdə hamam otağı və 40 kvadratmetr yardımçı tikili yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində həmin ünvanda təmir işləri görən, 1971-ci il təvəllüdlü H.Mustafayev müxtəlif yanıq xəsarətləri alıb. Daha bir nəfər, 2007-ci il təvəllüdlü İ.Hacıyev isə ayağından kəsici dəmir parçasının batması nəticəsində xəsarət alıb.

Hər ikisi xəstəxanaya aparılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.