“Bandotdel”in tutduğu biznesmenə bəraət verildi

Bu ilin 14 iyun tarixində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulan və barəsində cinayət işi açılan Bakı şəhər Atatürk prospektində yerləşən “Qəbələ Təndir” restoranının icarədarı, iş adamı Rəşad Səmədovun məhkəməsi başa çatıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü iş adamı barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirləndirilib.

İttiham aktında bildirilib ki, Rəşad Səlimov icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda fərdi otaqların birində qumarxana təşkil edib. 14 iyun 2022-ci il tarixdə həmin kafenin 3 nömrəli otağında özü ilə birlikdə müştərilərə “Poker” qumar oyunları oynaması haqda polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda 3 nömrəli fərdi otağa baxış keçirilən zaman otaqda onların qumar oyunu oynamaları müəyyən edilib. Həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülüb.

Binəqədi rayon Məhkəməsi ibtidai istintaq tərəfindən açılmış cinayət işi üzrə cinayət əməli hesab edilən faktın sübuta yetirilməməsi qənaətinə gəlib. Bu səbəbdən məhkəmənin 15 dekabr 2022-ci il tarixli hökmü ilə iş adamı barəsində açılmış cinayət işi üzrə ona bəraət verilib.

Zaira Akifqızı
Globalinfo.az