Qalib Salahzadə: “O istəməsə, kimsə həccə gedə bilməz”

Həcc ziyarətinin qiyməti ilə bağlı ictimaiyyətdə müzakirələr səngimir. Cəmiyyət bir nəfər üçün nəzərdə tutulan ziyarət paketinin 5850 dollara (9945 manat) olmasını şiddətlə qınayır. Bəziləri isə həmin məbləğə ziyarətə getməkdənsə, ehtiyaclı şəxsə yardım etmənin daha çox savab olduğunu deyir.

Mövzunu Globalinfo.az-a şərh edən sabiq deputat, Bilgəh kəndinin ağsaqqalı Hacı Qalib Salahzadə qiymətin Qafqaz Müsəlmanları İdarəsindən asılı olmadığını deyib.

Onun sözlərinə görə, qiymətin 10 min manata çatması Səudiyyə Ərəbistanında olan bahalıqla bağlıdır:

“1990-cı ildən 2023-cü ilə qədər hər il həcc ziyarətinə getmişəm. Son dəfə də 2 ay bundan əvvəl getmişdim. Bu dəfə yaşıma görə hər kəslə gedə bilməyəcəm, amma alınarsa payız aylarında Ümrə ziyarətinə (kiçik həcc ziyarəti) təkrar getməyi düşünürəm. Qiymətə gəldikdə isə qeyd edim ki, ziyarətin baha və ya ucuz olmasını bizim dövlət, dini qurum tənzimləmir. Səudiyyə Ərəbistanı ildən-ilə qiyməti artırır. Bizimkilər istəsələr də nəsə edə bilməzlər. Orada olan bahalaşmaya görə, avtomotik bizdə də qiymətlər artmış olur. Vaxt var idi içməyə heç su tapılmırdı, bu gün isə şərait yüksək səviyyədədir. Ona görə də qiyməti artırırlar”.

Q.Salahzadə deyib ki, əgər Allah istəməsə bir kimsə ziyarətə gedə bilməz:

“Hər kəs özünə görə haqlı fikir səsləndirir. Biri deyir, yardım edərdi, digəri deyir, getmək onun da haqqıdır. Lakin bir şeyi dəqiq bilmək lazımdır ki, həcc ziyarətinə hər kəs gedə bilməz, bunu gərək Allah istəsin. Adam tanıyırıq ki, pulu var, ziyarətə gedə bilmir, adam da var, kasıbdır, amma ziyarətə gedir. Kimisə buna görə qınamaq olmaz”.

Qeyd edək ki, Hacı Qalib Salahzadə bu ilin sentyabr-oktyabr aylarında 35-ci dəfə həcc ziyarətinə getməyi planlaşdırır.

Zaira Akifqızı
Globalinfo.az