Qadınlarımız Milli Biznes Gündəliyini necə yazdılar? – FOTOLAR

Sahibkar, müstəqil, rəqabət, əzmkar, risk alan, dinamik, idarəçilik, mübariz…Əla sözlərdir, hər biri özündə geniş imkanları və motivasiyaları ifadə edir. Amma səmimi olaq – toplumda daha çox kişi etiketləri kimi qəbul edilir. Təəssüf ki, qadınlar sadaladığımız epitetlərə uyğun gələndə, “kişi kimi qadındır!” – deyə bəzən “tərifləyirik” hətta. Amma bu kütlə əzbərini pozmaqda israrlı olan qadınlarımız da az deyil. Onların bir qrupu maraqlı ideya ətrafında güclərini birləşdirərək, dünyada geniş yayılan və səmərəliliyi ilə seçilən platformanın Azərbaycan nümunəsini yaradıblar: Qadınların Milli Biznes Gündəliyini. Gəlin 30 iyun 2021 – ci ildə start götürən bu ictimai təşəbbüsün tarixçəsinə birlikdə nəzər salaq.

“Uğuru xəyal etmədim, onun üçün var gücümlə çalışdım”

Estee Lauderin bu fikrini özündə tam təcəssüm etdirən qadınlar öz ölkələrində Qadınların Milli Biznes Gündəliyinə (QMBG) imza atmaq üçün çox çalışırlar. Məsələn, Moldovada, Nigeriyada iş hədəfləri yüksək olan, xəyallarına yelkən açan, cəsur qadınlar, təşkilatlar güclərini çoxdan birləşdiriblər. Maliyyə imkanlarına çıxışların əlçatanlığına, karyera yüksəlişində kişilərlə bərabər şərtlər qazanılmasına, analara verilən sosial ödəmələrin həyat şərtlərinə uyğunlaşdırılmasına, gənc qızların inkişaf naminə motivasiya edilməsinə və daha nələr-nələrə nail olmaq üçün QMBG atılacaq addımları dəqiq göstərən, dövlətlə özəl sektor arasında birbaşa dialoqa aparan uğurlu platforma kimi qəbul edilir. 2 il əvvəl sıra bizə də gəldi. Həm də Qafqaz ölkələri arasında ilk olaraq, məhz Azərbaycan inisiativ göstərərək qabaqcıl oldu.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyilə başlanan bu yola Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Biznes Qadınları Şəbəkəsi və “İşgüzar Qadınlar İnkişaf Naminə” İB-nin təcrübələrini paylaşmaq istəyən, gələcəyi düşünən təəssübkeş qadınları körpü saldılar. Azərbaycanın digər qadınları da xəyallarını gerçəkləşdirə bilsinlər deyə…

Qadınlarımız gündəlik deyil, tarix yazdılar…

2 il bizim lider qadınlar durmadan çalışdılar. Nəhayət,  3 noyabr 2022-ci il tarixdə QMBG tövsiyə sənədi ictimaiyyyətə, dövlət qurumlarına təqdim olundu. “İçində nələr var?” – deyə soruşsanız, “Nələr yoxdur ki?” sualına cavab vermək daha asan olar. Amma bunu QMBG-nin hazırlanmasında iştirak edən müsahibimizdən soruşduq.

Solmaz Əliyeva – Gənc Mühasiblər İctimai Birliyinin sədri 

Şəxsən mən həm Gənc Mühasiblər İctimai Birliyinin təmsilçisi olaraq, həm də fəal qadın kimi QMBG-nin hazırlanmasındakı roluma görə qürur duyuram. Bizim təşkilat 2000-ci ildən fəaliyyətdədir və bu günə qədər onlarla uğurlu layihəyə imza atıb. Sosial cəhətdən həssas qrupların peşə ixtisası, qadınlarda sahibkarlıq vərdişlərinin formalaşdırılması, gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərmişik. Amma bu dəfə digər təşkilatlarla yalnız gücümüzü deyil, xəyallarımızı da paylaşdıq. Etiraf edək ki, Azərbaycanda gender bərabərliyi qanunvericilik səviyyəsində nə qədər qorunsa da, qadınların məşğulluğuna müəyyən hüquqi, mental, bürokratik maneələr qalmaqdadır.  Odur ki, qadın sektorunda, iş mühitində mövcud çətinlikləri, qadınların cəmiyyətdə aktiv iştirakçılığını, dekret hüququndan tutmuş, mobbinqə, qadın top-menecerlərin sayının artırılmasına kimi çox şeyi müzakirə etdik. Qadınlarımıza bürokratik əngəlləri, stereotipləri aşmaq cəsarətini aşılamaq üçün çırpındıq həm də…Çünki biz qadın həmkalarımla sadəcə bir sənəd – gündəlik yazmaq üçün deyil, gündəmi dəyişmək üçün bir araya gəldik. Bunu reallaşdırmaqda bizi dəstəkləyən USAID-ə çox minnətdaram.

QMBG-ni 2 ilə tam yaratdıq. Onu qeyd edim ki, bundan sonrakı proses daha uzunmüddətli olacaq. Qarşıda dövlətlə işbirliyi sayəsində həyata keçiriləcək iqtisadi islahatlarda tövsiyə sənədindəki müddəaların önəmini, “həyat qurtaran” effektə malik olduğunu diqqətə çatdırmaq durur. Xüsusilə qadın sahibkarların maliyyəyə daha yaxşı çıxış imkanlarının olması baxımından dövlət dəstəyi xüsusi əhəmiyyət daşıyır. Tövsiyə sənədində yer alan fondların, maliyyə institutlarının yaradılması, qadınların rəhbərlik etdiyi startaplara investisiyaların cəlbi, kredit imkanlarının genişlənməsi ilə bağlı keçiriləcək islahatlar işləyən qadınların qarşılaşdıqları maneələri əhəmiyyətli dərəcədə azaldacaq. Biz sənəddən faydalanacaq qadınlarımızın yaxın gələcəkdə özlərinin təcrübələrindən çıxış edərək, “Gündəliyimizə” qatqılarını görmək istəyirik. Şəxsən mən və təşkilatımız dövlət orqanlarına, qərarverici şəxslərə bu tövsiyələri çatdırmaqda və həll yolunun tətbiqində əhəmiyyətli rol oynamaqda qərarlıyıq.

İlhamə Novruzova
Globalinfo.az