Azərbaycanın şimal qonşusu Rusiya ilə münasibətləri mövzusu aktuallığını daim qoruyub saxlayır. Xüsusilə son dönəmdə Qarabağda baş verən gərginlik fonunda bu məsələ yenidən gündəmə gətirilir.
Bəzi rəylərə görə, Kremllə münasibətlərimiz göründüyündən daha pisdir. Digər rəylərdə isə deyilir ki, əksinə, üzdə savaşırmış kimi görünsək də, əslində münasibət yaxşıdır.
Həm regional güc, həm də dünyanın supergücü olan Rusiya Federasiyası ilə münasibətlərimiz hansı vəziyyətdədir?
Politoloq Qabil Hüseynli Globalinfo.az-a bildirib ki, Azərbaycan kiçik dövlətdir və əvvəl Sovet İttifaqında rusların himayəsi altında olub:
“Rusiya hazırda Federasiya və imperiyadır, Cənubi Qafqazda maraqları var. Biz çalışmışıq ki, Rusiya-Azərbaycan münasibətləri qaydasında, problemsiz olsun. Rusiya buna necə yanaşıb, onu söyləmək çətindir. Elə bu səbəbdən də ötən il fevralın 22-də, Ukraynaya hücum etməyinə iki gün qalmış Moskvada Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı (sənədin tam və dəqiq adı: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə). Yəni bizim münasibətlərimiz kağız üzərində strateji müttəfiqlik səviyyəsindədir”.
Ekspertin sözlərinə görə, Rusiya elə ölkədir ki, bəzən qəbul etdiyi sənədlərə, beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmır:
“Bəzən Rusiya hakimiyyətinin qollarından birinə, məsələn, qanunvericilik orqanına daxil olan deputat və ya hər hansı universitetin aparıcı mütəxəssisi Azərbaycan haqqında xoşagəlməz sözlər, təhdidlər səsləndirir. Məsələn, son bir həftədə Azərbaycanın ünvanına üç nəfər şəxs ciddi təhdidlər səsləndirib. Bunu Rusiya dövlətinin xarici siyasət xətti kimi qəbul etmirəm. Çünki Rusiya ilə Azərbaycan arasında ciddi strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə var. Bu müqavilə Rusiya siyasi xəttində anti-Azərbaycan siyasətinin yeridilməsinə izn vermir. Amma Rusiyada erməni dairələri var. Onlar Rusiya hakimiyyətinin müəyyən qollarına təsir edib, anti-Azərbaycan mövqeyinə yönləndirə bilirlər”.
Gülnar Səlimova