IMG 3099

Rusiya Prezidenti Vladimir Putinin nüvə silahlarının idarə olunması sistemi ilə əlaqəli xüsusi çamadanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüntülənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Life” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov Putinin köməkçisinin əlindəki qara çamadana diqqət yetirib. O, bunun nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulan xüsusi cihaz olub-olmadığını soruşub. Köməkçi isə “Bəli, məhz odur” cavabını verib.

Qeyd edək ki, “Çeqet” adlanan nüvə çamadanı Rusiyanın “Kazbek” strateji idarəetmə sisteminin portativ terminalıdır. Bu cihaz prezidentlə ölkənin ali hərbi komandanlığı arasında qorunan rabitəni təmin edir və nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsinə imkan yaradır.

Bununla belə, nüvə çamadanı raketləri birbaşa işə salmaq funksiyasına malik deyil. Prezidentin müvafiq əmri əvvəlcə Baş Qərargaha ötürülür, daha sonra isə müəyyən edilən idarəetmə zənciri üzrə icraya yönləndirilir.

Bu sistem sayəsində Rusiya prezidenti ölkə ərazisində və ya xaricdə qalmasından asılı olmayaraq nüvə silahından istifadə ilə bağlı müvafiq əmrlər verə bilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: