“Çağdaş idarəçilikdə vətəndaş cəmiyyəti institutlarının rolu yalnız ayrı-ayrı sosial layihələrin icrası ilə məhdudlaşmır. Söhbət hökumətdənkənar sektorda dövlətin əsas dayaqlarından birini təşkil edən, eyni zamanda dövlət proqramlarının həyata keçirilməsində fəal iştirak edən institutlardan gedir. Bu baxımdan, dövlətin qeyri-hökumət təşkilatlarına dəstək mexanizmlərinin təkmilləşdirilməsi müsbət qiymətləndirilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, ölkədə siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafı baxımından siyasi partiyalara dəstəyin davamlı və sabit saxlanılması da mühüm əhəmiyyət daşıyır. Bu dəstək siyasi partiyaların inkişafına töhfə verməklə yanaşı, siyasi institutların fəaliyyətində şəffaflığın təmin olunmasına da kömək edir:
“Bu dəfə də 6 milyon manat büdcə vəsaiti ayrılır. Hesab edirəm ki, bu, partiyaların həm təşkilatlanma, həm də fəaliyyət istiqamətlərini gücləndirməsi baxımından kifayət qədər əhəmiyyətli məbləğdir. Düşünürük ki, vətəndaş cəmiyyətinə ayrılan maliyyə vəsaitinin həcmi ilə yanaşı, onun bölgüsü, əlçatanlığı və nəticəliliyi də diqqət mərkəzində saxlanmalıdır. Xüsusilə bölgələrdə fəaliyyət göstərən ictimai birliklərin imkanlarının genişləndirilməsi vacibdir. İctimai təşkilatların əsasən Bakıda cəmləşməsi onların regionların inkişafına verə biləcəyi töhfəni müəyyən dərəcədə məhdudlaşdırır. Buna görə də bölgələrdə fəaliyyət göstərən təşkilatların imkanlarının və rolunun artırılmasına ehtiyac var”.
Deputat qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlər istiqamətində 22,8 milyon manat vəsait nəzərdə tutulur:
“Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin ilkin dövlət büdcəsində də bu göstərici təxminən 22,8 milyon manat təşkil edib. Bu isə həmin istiqamətdə maliyyələşmənin sabit saxlanıldığını göstərir. Son həftələrdə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı baş verən hadisələr bir daha təsdiqlədi ki, dünyəvi dövlət prinsiplərinin cəmiyyətdə sistemli şəkildə təbliği və qorunması üçün məqsədyönlü maliyyə mexanizmlərinin yaradılmasına ehtiyac var. Hökumət bu məsələni də diqqətdə saxlamalı və müvafiq addımlar atmalıdır.
İlk növbədə, vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyinin ünvanlılığı və nəticəliliyi artırılmalıdır. İkincisi, bölgələrdə fəaliyyət göstərən ictimai birliklərin maliyyə və təşkilati imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Üçüncüsü, həmkarlar ittifaqlarının sosial tərəfdaşlıq sistemində iştirakı müasir əmək bazarının tələblərinə uyğun gücləndirilməlidir. Dördüncüsü, dini icmaların maarifləndirici və sosial həmrəyliyə xidmət edən fəaliyyəti təşviq olunmalı, din-dövlət münasibətlərinin Azərbaycan modeli ardıcıl şəkildə inkişaf etdirilməlidir.
Nəhayət, ictimai birliklərə və dini qurumlara yönəldilən dövlət vəsaitlərinin bölgüsü və əldə olunan nəticələr barədə daha əhatəli məlumatların təqdim edilməsi parlament nəzarəti və ictimai hesabatlılıq baxımından faydalı olardı”.
Safura Bənnayeva
Globalinfo.az