tenzile rustemxanli esas

“Bölgələrdə, xüsusilə mədəniyyət sahəsində kifayət qədər ciddi problemlərimiz var. Düşünürəm ki, bu problemlər zamanla aradan qaldırılacaq. Bununla yanaşı, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği istiqamətində son dövrlər Mədəniyyət Nazirliyi çox ciddi işlər görür”.

Bu istiqamətdə atılan addımlardan biri də müxtəlif ölkələrdə səfirliklərimizlə birgə Mədəniyyət nümayəndəliklərinin açılmasıdır. Bu nümayəndəliklər kifayət qədər mühüm işlər həyata keçirirlər.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Özbəkistanda, Türkmənistanda, Türkiyədə və digər ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərin dəfələrlə şahidi olub:

“Bu nümayəndəliklər bəzən səfirliklərimiz qədər fəal çalışır və Azərbaycan mədəniyyətini təbliğ edirlər.

Azərbaycanın yaxın tarixində baş vermiş böyük Zəfərimizin ildönümünü ayın 8-də qeyd etdik. Bir millət olaraq bu tarixi böyük qürur hissi ilə yad edirik. Həmin Zəfərin mahiyyətini özündə əks etdirən, o günləri bizə çatdıran “44” filmi Azərbaycan xalqının, ordusunun və Ali Baş Komandanının xüsusilə Şuşanın azadlığı uğrunda gedən mübarizədə göstərdiyi qəhrəmanlığı nümayiş etdirirdi. Filmdə şəhidlərimizə və onların ailələrinə böyük ehtiram ifadə olunurdu.

Burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Bəlkə də əvvəllər belə göstəricilər olub, ancaq ilk dəfədir ki, iki həftə ərzində bir filmin 122 min izləyiciyə çatdığının şahidi oluram. Düşünürəm ki, Azərbaycan kimi bir ölkədə bu, kifayət qədər yüksək göstəricidir. Film tarixi şüurun formalaşdırılması və tariximizin öyrədilməsi baxımından ən qısa və səmərəli vasitələrdən biridir. Ona görə də bu sahələrə maliyyə vəsaitinin ayrılması çox vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: