Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən iclasını yenidən boykot edib. KTMT-nin Baş katibi Taalatbek Masadılkov Ermənistanın faktiki olaraq təşkilatdan çıxdığını bildirib.
Baş katib qeyd edib ki, Ermənistan KTMT-nin iclaslarına, qərarların qəbuluna və hərbi təlimlərinə qatılmır.
Ermənistanın boykotu, təşkilatdan uzaqlaşması Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə necə təsir edə bilər? Ermənistanın KTMT ilə münasibətlərindəki bu gərginlik regionda, xüsusilə Bakı-İrəvan münasibətlərində və təhlükəsizlik balansında hansı dəyişikliklərə səbəb olacaq?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi qələbəsindən sonra regionda geosiyasi alqoritmlər dəyişməyə başladı:
“Bu, Rusiya-Ermənistan münasibətlərinə də əhəmiyyətli dərəcədə təsir etdi. Məsələni hər nə qədər Ermənistanın xarici siyasət kursunun Qərbə meyillənməsi fonunda izah və təhlil etməyə çalışsalar da, Azərbaycanın proseslərdəki roluna və onun hansı addımlarla miqyas qazanmasına baxmaq lazımdır.
Azərbaycanın həyata keçirdiyi siyasət, xarici siyasətdəki ardıcıllıqlar və sistemli yanaşmalar Ermənistanın ümumi daxili və xarici siyasətinə təsir edir. Bu, regionda artıq Azərbaycanın dizaynedici rolla çıxış etməsinin göstəricisidir.
Birincisi, Azərbaycan bu gün Ermənistanda konstitusiya dəyişikliyi fonunda yeni bir siyasi nizamın müəllifi kimi çıxış etməyə başlayır.
İkincisi, Azərbaycan-Ermənistan ticarət əlaqələri regionda iqtisadi-ticari dinamikalara təsir edir. Hər nə qədər rəqəmlər kiçik olsa da, onun arxasında dayanan niyyətləri oxuduqda Bakının bu münasibətlər sistemindəki hansı məqamları hədəflədiyi aydın görünə bilər.
Üçüncüsü isə Ermənistanın Rusiya ilə münasibətlərindəki qırılmaların Azərbaycan məsələsi fonunda hansı dəyər və ya izah olunası məqamlarla diqqət çəkdiyidir”.
Ekspert deyib ki, Azərbaycan regionda həm bəzən Rusiya daxilindəki bəzi münasibətlərə təsir edə bilir, həm də Ermənistanın ümumi yeni formulunu müəyyən edir:
“Misal üçün, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycan ilə sülh gündəliyi və s. Digər tərəfdən, Azərbaycan ABŞ-İran müharibəsi fonunda izlədiyi kursla bütün bu alqoritmlərə təsir mexanizmlərini qoruyub saxlamağa çalışır.

Aqşin Kərimov
Bunlar böyük hadisələrdir və KTMT-nin funksionallığını itirməsi fonunda Ermənistanın həmin təşkilatdan ayrılması onu göstərir ki, Bakı-İrəvan münasibətlərindəki sülh dinamikası regiondakı güc balansına təsir etməkdədir.
Bir anın içində baş verə biləcək hadisələrlə geosiyasi mövqelər ölçülmür. Bunlar illərlə formalaşmış strategiyalardır. Rusiya bu strategiyalarını baza üzərindən yeniləyərək regiona müdaxilə imkanlarını genişləndirir. Hələ Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsinə diqqət çəkmək bir qədər tezdir”.
Analitik hesab edir ki, Azərbaycanın yürütdüyü siyasət fonunda Rusiyanın regionda təsir imkanlarının nə qədər aşağı düşdüyü və ya bu məsələnin hansı dərəcədə özünü göstərdiyi ciddi şəkildə müzakirə oluna bilər:
“Rusiya amilinin geosiyasi ambisiyalarının zəifləməsi və ya onunla bərabər bir nəticəyə gəlməsi Ermənistanın yürütdüyü kursdan asılı deyil. Bu, daha çox Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsidir. Digər tərəfdən, Azərbaycanın Qərblə, Çinlə və Rusiya ilə münasibətləri artıq regionda müəyyən balanslaşdırıcı tarazlıq yarada bilir.
Hələ də postsovet regionunda strategiyalar yenilənir. Yeni beynəlxalq və regional oyunçuların baxışlarının yenilənməsi prosesi baş verir. Azərbaycan həmin yenilənmələr fonunda öz strategiyalarını başqa bir səviyyəyə qaldırır. Onu da modifikasiya edərək regional şəraitə uyğun bir siyasət həyata keçirir.
Hələ birbaşa, tez bir zamanda hansısa oyunçunun mövqeyinin dəyişməsindən, regiondan çıxmasından danışmaq üçün tezdir”.
Turan Rzayev
Globalinfo.az