“Əbu-Dabidə keçirilən görüşdə Rusiya nümayəndə heyətinə rəhbərlik edən, Prezident Vladimir Putinin köməkçisi və yaxın adamı Vladimir Medinski görüşdən sonra dövlət televiziyasına müsahibəsində deyib ki, Rusiya əsgərinin çəkməsinin dəydiyi yer artıq Rusiya torpağıdır və Rusiya əsgəri ayağının dəydiyi ərazidən heç vaxt geri çəkilmir. Rus şovinistlərinin bu iddiası, təbliğatı absurd olduğu qədər də yalandır”.
Globalinfo.az xəbər verir ki, bu barədə REAL partiyasının sədri Natiq Cəfərli deyib.
“Rus əsgəri ayağı dəydiyi yerlərdən onlarla dəfə qovulub-çıxarılıb. Uzun-uzadı tarixə ekskurs etməyə lüzum da görmürəm, son 80-90 ilə baxaq:
1) Rusiya ordusu Şərqi Avropadan qovuldu,
2) Baltikyani ölkələrdən çəkildi,
3) Kubadan, Suriyadan qaçdı,
4) Azərbaycandan son 35 ildə 2 dəfə çıxmağa məcbur oldu.
Yəni, Ukraynada, bu gün bombaladıqları Çerkask vilayətində doğulub, uşaqlığını indi xaraba qoyduqları ölkədə keçirən V.Medinski, guya, tarixçidir. Bu gün Rusiya məktəblərində onun da müəllifi olduğu dərsliklərdən istifadə edilir, amma nə tarixini bilir, nə də çağdaş dünyaya uyğun kafaya sahibdir”.
Əliyar Xəlil
Globalinfo.az