Ümumi statistikaya nəzər saldıqda görürük ki, hazırda ölkədə təxminən 1000 məsciddə dini xidmət göstərilmir.
Globalinfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, təyinat alan din xadimlərimizin təxminən üçdə birinin ümumiyyətlə dini təhsili yoxdur:
“Onların nə ali, nə də orta ixtisas dini təhsili var. Bütün bunlarla yanaşı, ölkədə xaricdə dini təhsil alaraq geri qayıdan şəxslərin sayı da ən azı 3500 nəfər civarındadır. Belə bir şəraitdə xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması prioritet istiqamətlərimizdən biridir. Nəzərə almalıyıq ki, xaricdə yaşayan soydaşlarımız indiyədək dini təhsil almaq üçün öz ölkələri ilə yanaşı, digər dövlətlərə də üz tutublar. Bu kateqoriyaya aid şəxslərin sayı yüzlərlədir”.
Sədr müavini deyib ki, hazırda qarşımızda duran əsas vəzifələrdən biri bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır:
“Azərbaycanda ali dini təhsil verən yeganə müəssisə Azərbaycan İlahiyyat İnstitutudur. Orta ixtisas dini təhsili isə institutun tabeliyində fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində verilir.
Müsbət məqam kimi qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunun ilk məzunları artıq ölkəmizdə fəaliyyət göstərirlər. Ümumilikdə, məzunlarımızdan təxminən 50-si ölkəmizdə müvafiq vəzifələrə təyin olunub.
Bununla yanaşı, sevindirici və qürurverici haldır ki, məzunlarımız xarici ölkələrdə də fəaliyyətə başlayıblar. Son bir ay ərzində Türkiyədə iki məzunumuz dini vəzifəyə təyin olunub. Belə ki, soydaşlarımızın ən çox üz tutduğu Xalqalı bölgəsində yerləşən Türkiyənin ən böyük məscidlərindən biri olan Zeynəbiyə məscidinə iki məzunumuz imam təyin edilib. Eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımızın mənəvi-dini mühitini nəzərə alaraq, məzunlarımızdan üçünün artıq bu ölkədə dini sahədə fəaliyyətə başlamasını da mühüm hadisə hesab edirəm”.
Safura Bənnayeva
Globalinfo.az