Putini ayının hücumundan xilas etmiş mühafizəçi müdafiə naziri gətirilir – ŞOK İDDİA

Rusiyada baş verən dövlət çevrilişinə cəhddən sonra Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən kənarlaşdırılacağı haqda xəbərlər daha da intensivləşib. Onun yerinə kimin gətiriləcəyi isə məlum deyil. Artıq bu istiqamətdə bəzi məlumatlar yayılır. Bildirilir ki, Sergey Şoyqu istefaya göndərildikdən sonra onun yerini sürpriz bir şəxs tutacaq. Bu şəxs müdafiə nazirinin keçmiş müavini Aleksey Dyumindir.

Globalinfo.az xəbər verir ki, hazırda bu məsələ Moskvada ciddi müzakirə olunur.

“Vaqner” silahlı qruplaşmasına yaxın dairələrin məlumatına əsasən, iyunun 27-də Sergey Şoyqunun yerinə Aleksey Dyuminin təyinatı rəsmi şəkildə açıqlanacaq.

Aleksey Dyumin hazırda Tula vilayətinin qubernatorudur. O, Rusiya prezidentinin ən yaxın adamlarından hesab olunur. Dyumin bir müddət Vladimir Putinin baş mühafizəçisi vəzifəsini yerinə yetirib. Daha sonra Baş Qərargah rəisi və müdafiə nazirinin müavini vəzifələrinə təyin olunub. İddialara görə o, 2014-cü ildə Ukrayna Prezidenti Viktor Yanukoviçin təxliyəsini də təşkil edib.

Aleksey Dyumin bir müsahibəsində deyib ki, zamanında Vladimir Putini ayı hücumunda xilas edib.

Ayşən Mustafa
Globalinfo.az