Rusiya Prezidenti Vladimir Putinin rus dilinə həssas yanaşması diqqət çəkir. Hətta açıqlamalarının birində demişdi ki, rus dilində danışan hər kəs Moskva üçün rus hesab olunacaq. Bundan başqa, Putin Bakıya səfəri zamanı Prezident İlham Əliyevə Azərbaycanda rus sektorunun inkişafına görə təşəkkür edib.
Sirr deyil ki, Rusiyanın Ukraynaya qəzəbinin bir səbəbi də məhz bu ölkənin təhsil müəssisələrində rus sektorlarının bağlanmasıdır.
Maraqlıdır, Putinin rus dilinə həssas yanaşmasının səbəbi nədir?
Mövzunu Globalinfo.az-a şərh edən VI çağırış Milli Məclis deputatı Bəhruz Məhərrəmov deyib ki, Rusiya köklü dövlətçilik ənənələri olan, böyük siyasi və mədəni irsə sahib dövlətdir.
Onun sözlərinə görə, rus dili artıq iki əsrə yaxındır ki, beynəlxalq statusa malikdir və xüsusilə Avrasiyada mühüm ünsiyyət vasitəsidir:
“Əlbəttə, bu, Rusiya üçün böyük üstünlükdür və Moskva təbii olaraq bu prosesdə hansısa geriləməni arzu etməz. Ümumiyyətlə, hər bir beynəlxalq subyekt kimi Rusiyanın da maraqları var. Bu maraqların təmini üsullarından biri sağlam, bərabərhüquqlu tərəfdaşlıq formatına nail olmaqdır. Rus dili ortaq ünsiyyət vasitəsi kimi bu formatın realizəsində əvəzsiz imkanlar yaradır. Prezident Vladimir Putin də məhz qeyd olunan kontekstdən haqlı olaraq bu məsələyə həssas strateji amil kimi yanaşır.
Azərbaycanda rus dilinin inkişafına gəlincə, aydındır ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir və bu prinsipial istiqamətdə alternativ barədə danışmaq olmaz. Hələ 22 sentyabr 1993-cü ildə Prezident səlahiyyətlərini həyata keçirən Ümummili lider Heydər Əliyev Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə bizim uzun bir dövr ərzində dünya mədəniyyətinə, dünya elminə Rusiya, rus dili, rus mədəniyyəti vasitəsilə çıxdığımızı demiş və indi bunlardan imtina etməyin lazım olmadığını bildirmişdi”.
Bəhruz Məhərrəmov
B.Məhərrəmov qeyd edib ki, müstəqil siyasi və iqtisadi güc kimi Azərbaycan özünün suverne haqlarını, milli maraqlarını rəhbər tutaraq Rusiya ilə tərəfdaşlığa, o cümlədən bu əməkdaşlığa töhfə verən meyarlara xüsusi diqqət yetirir:
“Bu çərçivədə əlaqələrimizi daha da möhkəmləndirən rus dilinə pozitiv münasibət mövcuddur. Eyni zamanda onu da bildirməliyik ki, qeyd olunan təhsil ocaqlarında başqa ölkənin yox, məhz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin proqramı əsasında təhsil verilir və tədrisdə milli ideologiya hakimdir. Yəni Prezident İlham Əliyev yeni reallıq yaradan böyük siyasi düha kimi bu məsələdə də maraqlarımızı ehtiva edən, şimal qonşumuzla münasibətlərə xələl gətirməyən həll yolu ortaya qoyub. Vladimir Putin özü də dəfələrlə bu münasibətə görə möhtərəm Prezidentə və Azərbaycan xalqına təşəkkür edib”.
Zaira Akifqızı
Globalinfo.az