Putin, Ərdoğan və Əsəd arasında görüş gözlənilir – TARİX

Suriya və Türkiyə liderləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işləri başa çatdırdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Rusiya Federasiyası prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

O qeyd edib ki, Suriya ilə Türkiyə arasında normallaşma prosesi səngiməyib, əksinə, “hər ay irəliləyir”.

Rusiya prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, əvvəlcə ekspertlər səviyyəsində görüş olub, daha sonra müdafiə nazirləri, daha sonra isə xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqlar baş tutub. Onlar öz müavinlərinə yol xəritəsi üzərində işləməyi tapşırıblar. Hazırda yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv iş aparılır.

“Tərəflər bu işi başa çatdırdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Suriya və Türkiyə liderləri Ərdoğan və Əsəd arasında görüş təşkil etmək üçün onun nəticələri barədə prezidentlərə məlumat veriləcək”, – Lavrentyev bildirib.