“Prius”u polislərin üzərinə sürən şəxsdən xəbər var – VİDEO

Bu ilin aprelində Nəsimi rayonunda “Prius” markalı avtomobili polislərin üzərinə sürən 36 yaşlı Rauf Qurbanovun məhkəməsi başlayır.

Rayon prokurorluğundan Globalinfo.az-a verilən məlumata görə, istintaqla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi “Toyota” markalı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən  Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.