Prezidentin Xankəndidə vurduğu geopolitik qol – “2024-cü ildə…”

Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qarabağ” – “MOİK” qarşılaşmasında topu oyuna daxil etməsi ictimaiyyətdə fərqli prizmalardan dəyərləndirilir.

Ekspertlər bildirirlər ki, İlham Əliyevin Xankəndidə vurduğu geopolitik top (qol) regionda və Qərbdə fərqli formalarda assosiasiya olunacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev rəmzi qol vurdu: “Əslində, o qolu 2020-ci ildə vurub. 44 günlük Vətən müharibəsində Azərbaycan bütün arenalarda ən böyük qələbəsini qazandı.

2020-ci ildən sonra ölkəmizə qarşı daha intensiv addımlar atıldı. Lakin 3 il ərzində bir nəticə əldə edə bilmədilər. Azərbaycan beynəlxalq səhədə və xarici siyasətdə qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail olur.

Əlimusa İbrahimov

Rəmzi geopolitik qol da qələbə qolu idi. Ermənistan və Azərbaycana qarşı dayanan qüvvələrə vurulan qol…

Bundan sonra Azərbaycana qarşı hər hansı təzyiqin olacağını düşünmürəm. Olsa belə, dövlətimiz adekvat cavab verməyə qadirdir.

Qərb və digər ölkələr 2024-cü ildən etibarən də Azərbaycanın ortaya qoyduğu geosiyasi reallıqla barışmalı olacaqlar”.

Safura Bənnayeva
Globalinfo.az