WhatsApp Image 2024 09 19 at 12.00.47

“44 günlük müharibədə Azərbaycan Ordusunun İlham Əliyevin Ali Baş Komandanlığında nümayiş etdirdiyi hərbi uğurlar beynəlxalq hüququn müddəalarının icrasını təmin edən unikal hərbi-siyasi nümunədir”.

Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov deyib

O bildirib ki, hərbi analitika baxımından 300-dən çox yaşayış məntəqəsinin mürəkkəb relyef şəraitində, güclü istehkam maneələrini yararaq azad edilməsi Azərbaycanın müasir müharibə aparma taktikasına və yüksək texnoloji hazırlığa malik olduğunu sübut etdi:

“Bu hərbi zəncirin kulminasiya nöqtəsi olan Şuşanın azad edilməsi operativ-strateji müstəvidə müharibənin taleyini birdəfəlik həll etdi. Çünki Şuşa təkcə mənəvi-rəmzi mərkəz deyil, eyni zamanda bütün Qarabağ  coğrafiyasına nəzarət etməyə imkan verən hərbi-geosiyasi komanda yüksəkliyi idi. Bu şəhərin azad olunması qarşı tərəfin müqavimət imkanlarını sıfıra endirərək onun hərbi-operativ sistemini tamamilə iflic etdi.

Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz, şəhid verilmədən qaytarılması Azərbaycanın hərbi sahədəki mütləq üstünlüyünün siyasi və hüquqi müstəvidə böyük diplomatik qələbəyə çevrilməsinin birbaşa təzahürüdür. Hüquqi nəzəriyyədə bu durum tərəflərdən birinin digərinə öz siyasi iradəsini diktə etməsi kimi dəyərləndirilir. Məhz ədalətli mövqe, hərbi meydandakı qarşısıalınmaz güc və Ermənistan ordusunun tam darmadağın edilməsi düşməni kapitulyasiya şərtlərini qəbul etməyə məcbur etdi”.

behruz meherremov 13 900x600 1

Bəhruz Məhərrəmov

Deputatın sözlərinə görə, bu nəticə Azərbaycanın həm hərbi gücünün, həm də dövlət rəhbərliyinin siyasi-diplomatik manevr imkanlarının yüksək səviyyəsini nümayiş etdirdi:

“Müharibənin mənəvi-psixoloji və sosial-hüquqi tərəfi isə orduların daxili intizamında və dövlət-xalq birliyində özünü bariz şəkildə göstərdi. Azərbaycan Ordusunda bir nəfər də olsun fərarilik halının qeydə alınmaması müharibənin milli azadlıq və ədalətli xarakter daşıdığını, əsgər və zabitlərin yüksək vətənpərvərlik ruhunu və dövlətə sarsılmaz sədaqətini sübut edir. Əksinə, Ermənistan tərəfinin öz ordusunda 12 minə yaxın fərarinin olduğunu etiraf etməsi həmin ölkədə ideoloji-siyasi böhranın, dövlət institutlarına inamsızlığın və hərbi intizamın tam çökməsinin  göstəricisidir. Bu psixoloji və intizam fərqi hərbi münaqişələrdə hüquqi və mənəvi haqlılıq faktorunun döyüş ruhuna və yekun qələbəyə birbaşa təsirini aydın şəkildə ortaya qoyur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: