Qranadada dördtərəfli görüş: ərazi bütövlüyü məsələsi gündəmdə – VİDEO

İspaniyanın Qranada şəhərində Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında dördtərəfli görüş baş tutub.

Globalinfo.az xəbər verir ki, danışıqlar Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində keçirilib.

Qranadada Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında dördtərəfli görüşün yekunlarına dair bəyanat qəbul olunub.

Bəyanatda görüş iştirakçıları Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını qeyd ediblər.

Onlar SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr əsasında sərhədlərin delimitasiyası üzərində işin təcili aparılmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu xəritələr həm də sülh müqaviləsinin bağlanması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Sənəddə həmçinin regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin açılmasına çağırış əks olunub.

Xatırladaq ki, Azərbaycan Preizdenti İlham Əliyev görüşdə iştirakdan imtina edib.