Prezidentin Xankəndi açıqlaması: Hindistandan Fransaya kimi verilən mühüm mesaj

“Müzəffər Ali Baş komandan Prezident İlham Əliyev Xankəndidə çıxışı zamanı mühüm mesajlar verdi. Bu mesajlar təkcə hərbi, siyasi, təhlükəsizlik istiqamətində deyil, həm də regionda sülh, təhlükəsizlik mühitinin formalaşmasına hesablanmışdı”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident çıxışanda regionda sülh və təhlükəsizliyə mane olan, gərginliyi artıran bütün qüvvələri hədəfə götürmüşdü:

“Xüsusilə bu, güc mərkəzlərinə müəyyən ismarışlar verildi. Məsələ ondadır ki, regionda gərginliyin yaradılması revanşizm əhval-ruhiyyəsini gücləndirən, eləcə də Ermənistana silah-sursat verən güc mərkəzləri mövcuddur. Hindistan Fransa kimi ölkələr buna misal ola bilər.

İlyas Hüseynov

Bu ölkələr Ermənistanı silahlandırmağa cəhd göstərir, habelə Azərbaycanla yeni hərbi toqquşmalara sövq edir. Bu da bilavasitə Cənubi Qafqazın təhlükəsizlik sisteminə mənfi təsir göstərir.

Eyni zamanda cənab prezident öz çıxışında bildirdi ki, Azərbaycan ordusu öz gücünü, qüdrətini həm Vətən müharibəsində, həm də lokal antiterror əməliyyatları zamanı göstərdi. Bu gün faktiki olaraq, Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Bütün ölkə ərazisində konstitusion hüquqlarımız təmin edilib.

Bundan sonra biz sülh istəyirik. Sabitlik niyyətindədir. Bütün yarana biləcək problemi danışıqlar yolu ilə həll etməkdə maraqlıyıq. Ermənistan ilə sülh müqaviləsinin imzalanması gərəklidir.

Prezident həm də bu məqamları qeyd edib bildirdi ki, sülhə mane olacaq istənilən qüvvəyə qarşı mübarizə aparılacaq”.

Turan Rzayev
Globalinfo.az