Peykimizi hansı ölkə “vurub”? – “AzerSky” olayı haqda ekspertlərdən sensasion rəy

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi “AzerSky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. “Azərkosmos” və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də bu, mümkün olmayıb.

Hadisə sonrası irəli sürülən bir sıra fərqli versiyalar diqqət çəkir. Versiyalardan birinə görə, “AzerSky” hakker hücumuna məruz qalıb. Bu işin arxasında xarici ölkə xüsusi xidmət orqanlarının olması ehtimallarını aktuallaşdırır.

Maraqlıdır, AzerSky” istismar müddətindən 1 il tez missiyasını başa çatdırması nə ilə bağlıdır: Texniki problem, yoxsa hakker hücumu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, şübhəsiz ki, bu, təkcə siyasi yox, həm informasiya texnologiyaları, təhlükəsizliklə bağlı məsələdir:

Kənan Novruzov

“Əlbəttə, xüsusilə indiki həssas məqamda peykimizin sıradan çıxarılmasında kəşfiyyat məlumatlarının əldə olunmasında maraqlı olan tərəflər var. Amma əsas sual budur: mövcud təhlükəsizlik sistemi buna imkan verir, ya yox?

Məlum olduğu kimi, “AzerSky” yerin müşahidəsi baxımından, həmçinin açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.

Prezident İlham Əliyev də bir neçə dəfə peykin xüsusi əhəmiyyətindən danışıb, Vətən müharibəsindəki rolunu vurğulayıb. Bu mənada düşünmək olar ki, kimlərsə peyki sıradan çıxarmaq istəsin. Hər halda bu variant istisna deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə isə 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına 1 il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq:

Osman Gündüz

“Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir. “AzerSky” yerin müşahidəsi baxımından, həmçinin kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi.

“Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı.

“Azərkosmos” ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub.

Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.

Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub.

Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum təşkil edə bilərdi”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ilə ötən ilin sonunda “Azersky” peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 517 900 manat təşkil edib.

Turan Rzayev
Globalinfo.az