Paşinyanın Zəngəzur dəhlizinə alternativ “layihəsi” – İşin arxasında bu dövlətlərin marağı var

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumu diqqətçəkən məqamlar ilə yadda qaldı. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan “Sülhün kəsişməsi” adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib.

Paşinyan deyib ki, “Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni və insan əlaqələri ilə bağlıdır, bütün məsələlərin diplomatik və dialoq yolu ilə həlli üzrə təcrübəsi və ənənələri toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır”.

Maraqlıdır, onun təklif etdiyi yeni layihə nə qədər uğurludur? Rəsmi Bakı bununla razılaşacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Paşinyanın təklif etdiyi layihə ilk başdan müsbət görünsə də mahiyyəti tamam fərqlidir:

“İlk öncə onu qeyd edim ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb. Zəngəzur dəhlizi layihəsinin icra edilməməsinin yeganə səbəbi Ermənistanın sərgilədiyi mövqedir.

Paşinyan öhdəliklərindən boyun qaçırır. O, açıq şəkildə Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya edir. Təsadüfi deyil ki, Paşinyan yeni layihəni təqdim edərkən Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir”.

Aqşin Kərimov

Ekspertin sözlərinə görə, Paşinyan Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq layihəsində Rusiyanı kənara qoyur:

“Halbuki regionda Rusiyanın iştirakı olmadan belə layihələrin baş tutması çətindir. Üstəgəl, Paşinyan bunu Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda deyirsə bu, başqa oyunçuları Moskvaya qarşı qoymaq cəhdidir.

Paşinyanın regional dəmir yolları və avtomobil kommunikasiyaları ilə əlaqədar layihəsi Fars Körfəzi-Qara dəniz marşrutunun birləşdirilməsi üçün naqil tapmağa yönəlib. Bu isə Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin strateji əsasları ilə uyğunluq təşkil etmir. Elə İranın, Hindistanın da məqsədi Zəngəzur dəhlizi layihəsini kənarda qoymaq üçün Fars Körfəzi-Qara dəniz xəttini reallaşdırmaqdır.

Hazır Zəngəzur dəhlizi layihəsi var ikən Paşinyanın mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun və sair çəkilməsini istəməsi Ermənistanın qeyri-müəyyən proqramı kimi başa düşülməlidir.

Bu mənada Paşinyanın ideyasının reallaşacağı inandırıcı deyil, hətta baş nazirin təqdim etdiyi plan utopik xarakterdədir”.

Turan Rzayev
Globalinfo.az