Ermənistan Baş naziri Nikol Paşinyan Parisə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb. Sözügedən görüşdən fotonu N.Paşinyan Feysbuk hesabında paylaşıb.
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan və onun siyasi elitası daim havadar, sponsor axtarışındadır:
“İrəvan daha çox ABŞ seçkilərində Kamala Harrisin qələbəsinə ümid edirdi, lakin bu baş tutmadı. Ona görə də Paşinyan indi D.Trampla yaxınlaşmağa çalışır.
Tofiq Zülfüqarov
Ümumiyyətlə, Paşinyanın Fransaya səfər etməsi təbiidir. İrəvan Parislə onsuz da isti münasibətlərə malikdir. Lakin liderlərin fotosuna görə narahat olmağa dəyməz. Paşinyan bununla daha çox daxili auditoriyasına mesaj verir. Trampın Ermənistan üçün xüsusi nə isə edəcəyini düşünmürəm. Fransanın da bu yöndə təsir gücü yoxdur. Hər halda Trampın necə siyasət izləyəcəyini yanvardan sonra biləcəyik”.
Turan Rzayev
Globalinfo.az