Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-i Moskvada liderlər səviyyəsində baş tutacaq üçtərəfli görüşdən öncə İrəvanda mətbuat konfransı keçirib. Konfransda bir sıra məsələlərə toxunan N.Paşinyanın açıqlamaları erməni cəmiyyətində ciddi çaxnaşmaya səbəb olub. Belə ki, Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqlarını, bu illər ərzində xalqının doğru olmayan şüarlara inandırıldığını, hər nə olursa olsun, Azərbaycanla sülhə nail olmaq istədiyini bildirib.
N.Paşinyan sülh prosesi çərçivəsində Vaşinqton, Brüssel və Moskvada aparılan müzakirələri dəyərləndirib. O, mayın 25-də keçiriləcək görüşdən müsbət nəticə gözləmədiyini, iyunun 1-i Kişinyovda olacaq görüşə müəyyən qədər ümidli olduğunu deyib.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov bildirib ki, Nikol Paşinyanın bu ümidsiz çıxışı əslində psixoloji həmlədir:
Xəyal Bəşirov
“Bildiyimiz kimi, Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. Bu görüşdən öncə mayın 19-u xarici işlər nazirləri ilə müzakirələr aparıldı. Həmçinin bir müddət öncə Vaşinqtonda iki ölkənin XİN başçılarının bir neçə gün davam edən görüşü təşkil edildi. Ümumiyyətlə bütün bu danışıqlar ötən ilin oktyabrından başlayaraq Ermənistanın Fransa ilə birlikdə pozduğu təmasların bərpa olunması baxımından çox vacibdir. Təbii ki, sülh prosesində uğurun əldə olunması üçün Azərbaycanla Ermənistan arasında müəyyən təmasların olması gərəklidir. Sadəcə İrəvanın təxribat xarakterli məkrli siyasəti nəticəsində bu proses hələ ki, öz töhfəsini verə bilmir. Bizim əsas istəyimiz isə Ermənistanın nəhayət, özündə güc taparaq Azərbaycanla əlaqələrin yaradılmasına razı olmasıdır. Amma təəssüf ki, Ermənistan hələ ki, bu iqtidarı özündə tapa bilməyib. Məhz bu səbəblə prosesə başqa tərəflərin cəlb edilməsi, hər görüşdən sonra real nəticəyə istiqamətlənmiş addımlarla bağlı üzərinə düşən öhdəliklərdən boyun qaçırması prosesin bu günə kimi uzanmasına səbəb olub.
Baş nazir Nikol Paşinyanın hər dəfə görüşlərdən öncə müxtəlif fikirlər səsləndirməsi, amma daha sonra sərhəddə təxribat xarakterli addımlara yol verilməsi keçmiş münaqişə ilə bağlı mövcud olan bəzi problemlərin həlli və regionda sülhün əldə edilməsinə ciddi maneə yaradır. Paşinyan Vaşinqton görüşü öncəsi də eyni analoji fikri səsləndirmiş, bu müzakirədən hər hansı müsbət nəticənin əldə olunacağını düşünmədiyini demişdi. 25 may tarixində Moskvada keçiriləcək görüşdən öncə də eyni fikirləri dilə gətirir. Əslində bu, Paşinyanın Azərbaycanda və görüşü təşkil edəcək tərəfdə psixoloji olaraq ruh düşkünlüyü yaratmasına yönəlik addımıdır. Amma hər bir halda biz istənilən səmimi platformaya açıq, sülh sazişilə bağlı real addımlara hazır olduğumuzu daim diqqətə çatdırmışıq”.
Politoloq 25 mayda keçiriləcək görüşdə prosesin detalları və hər iki ölkəyə münasibətin dəqiqləşəcəyini bildirib:
“Düşünürəm ki, 25 may tarixində keçiriləcək bu görüşə qədər XİN rəhbərləri arasında baş tutan bir neçə görüşün məntiqi nəticəsi olaraq dövlət başçıları səviyyəsində hansısa addımların atılması qərarlaşdırıla bilər. Eyni zamanda Moskva platforması çərçivəsində keçirilmiş bütün görüşlərdə verilən bəyanatlara tərəflərin hansı şəkildə riayət etməsi ilə bağlı müzakirələrin aparılacağını da hesab edirəm. Beləliklə, bu görüşdə həm Azərbaycan, həm də Ermənistana münasibətdə vəziyyət dəqiqləşdiriləcək. Ermənistandan bu günə kimi imzalanmış dörd bəyanata uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə riayət etməməsinin səbəbinin nə olması ilə bağlı hesabat tələb edilməlidir.
Biz 10 Noyabr 2020-ci il tarixli bəyanat da daxil olmaqla Moskva platforması çərçivəsində ümumi dörd görüş keçirmişik. Bu görüşlərin nəticəsi olaraq səsləndirilən bəyanatlarda çox ciddi məqamlar öz əksini tapıb, bu sənədlərə əsasən rəsmi İrəvan üzərinə ciddi öhdəliklər görütürb. Hesab edirəm ki, Ermənistanın hazırda prosesi uzatmağa yönəlmiş addımları sülh müqaviləsinin imzlanmasına ciddi şəkildə maneə yaradır. Ermənistan əgər bu prosesi davam etdirəcək, ona beynəlxalq aləmdə beynəlxalq hüquqa uyğun olaraq təzyiqlər olmayacaqsa, sülh müqaviləsinin imzalanması məsələsi bu il də qeyri-real olaraq qalacaq. Prezident İlham Əliyev bu il Şuşada keçirilən konfransda çıxışı zamanı açıq şəkildə bəyan etdi ki, Ermənistan sülhü istəmirsə, Azərbaycan ondan bunun üçün nə isə xahiş etməyəcək. Çünki burada sülhə daha çox maraqlı olan tərəf İrəvan olmalıdır. Amma təəssüf ki, kapitulyasiyaya uğramasına baxmayaraq Ermənistandan çox qalib tərəf olan Azərbaycan bu istiqamətdə öz təşəbbüslərini ortaya qoyur. Amma Ermənistan hələ ki, bu təşəbbüslərə layiqli cavab vermir”.
Qeyd edək ki, Moskvada keçiriləcək görüşdən sonra sülh prosesi ilə bağlı fərqli platformalarda da görüşlərin baş tutacağı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az