Paşinyanın Əliyevdən istədiyi rəqəm – İrəvanın yeni gülünc oyunu

“Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışı Azərbaycana qarşı şər-böhtan xarakterli idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyanın qeyd etdiyi məqamların bir çoxu əsassızdır:

“44 günlük İkinci Qarabağ müharibəsi və ordumuzun keçirdiyi uğurlu lokal antiterror tədbirləri Paşinyana qarşı ciddi bir təzyiq yaradıb. Xüsusilə də Qarabağdan öz xoşu ilə Ermənistana köçən ermənilər Paşinyana qəzəblidir. Məhz buna görə də Paşinyan çıxışlarında özünü sülhpərvər, Rusiyanı, Azərbaycanı isə destruktiv göstərir.

Misal üçün, Paşinyan qeyd edir ki, KTMT Ermənistanı tək qoydu. Sual yaranır, Azərbaycan nə vaxt Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərində hərbi əməliyyat keçirdi ki, KTMT Ermənistanın yardım çağırışına cavab versin?

Qabil Hüseynli

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatları özünün ərazilərində keçirdi. KTMT-nin heç bir üzvü Qarabağı Ermənistanın ərazi bütövlüyü olaraq qəbul etmir. Digər tərəfdən, Paşinyan unudub ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistana təmənnasız 500 tona yaxın silah yardımı edib. Rusiya Ermənistana ballistik başlıqlı “İsgəndər” raketlərini belə vermişdi. Belə olan təqdirdə Paşinyanın iradları əhəmiyyətsizdir”.

Politoloq deyib ki, Paşinyanın Qarabağ ermənilərinin ərazini tərk etməsinə beynəlxalq ictimaiyyətin səssiz qalmasına təəccüblənməsi də anlaşılan deyil:

“Azərbaycan nə bu gün, nə də keçmişdə erməniləri Qarabağdan qovmayıb. Lokal antiterror tədbirlərindən sonra onlar özləri xoşluqla ərazini tərk etdi. Onlara heç bir süni maneə yaradılmadığı kimi, qalmaları üçün israr edilmədi. Çünki hər iki variantda da erməni lobbisi və diasporu bundan istifadə edə bilərdi. Beynəlxalq missiyanın Qarabağa gəlib vəziyyətlə yerindəcə tanış olması da kimin haqlı olduğunu bir daha sübut etdi”.

Paşinyanın çıxışındakı bir digər əsassız məsələ də Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaqdan ehtiyat etməsidir:

“Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır. Burada konkret rəqəmin qeyd edilməsi heç nəyi dəyişmir. Yəni hər kəsə bəllidir ki, Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri 29.800 kvadrat kilometrdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu açıq şəkildə dilə gətirib. Hətta təklif edildi ki, Gürcüstanda üçtərəfli görüş keçirilsin. Ermənistan buna razı olmadığı kimi sülh ilə yaxından-uzaqdan əlaqəsi olmayan Fransanı prosesə daxil etmək istəyir. Göründüyü kimi, Paşinyanın iddiaları əsassız və məntiqsizdir”.

Turan Rzayev
Globalinfo.az