“Əvvəlki hökumət gündəliyimizdə Şuşanın geri qaytarılmasını da qeyd etmişdik, amma Ermənistan vətəndaşları bizi bu məsələni yenidən nəzərdən keçirməyə məcbur etdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan bildirib ki, əvvəlki hökumət ənənəvi erməni ideologiyası ilə qurulmuşdu:
“2021-ci il seçkilərində biz Mülki Müqavilə Partiyasının daşnak ideologiyası yönümlü xəttini müəyyənləşdirdik. Seçkiqabağı proqramımızda Şuşanın və Hadrutun “geri qaytarılması” haqqında yazmışdıq, “Üçüncü Respublika” ideologiyasının bütün müddəaları seçkiqabağı şüarda qeyd olunmuşdu. Lakin seçkiqabağı kampaniya zamanı çox əhəmiyyətli və vacib bir şey baş verdi: Ermənistan vətəndaşları, qayğıkeş analarımız bizi, xüsusən də məni bütün bu ideologiyanı və konsepsiyanı yenidən nəzərdən keçirməyə məcbur etdi.
Əvvəlki gündəliyimizin özü hibrid proqram idi: bir tərəfdən yeni məzmuna, yəni sülh gündəliyinə malik idi, digər tərəfdən isə köhnə ideoloji məzmun ora daxil edilmişdi. Bugünkü proqramın özəlliyi ondan ibarətdir ki, tamamilə Real Ermənistan ideologiyasına və “Dördüncü Respublika” vizyonuna əsaslanır. Yaşlı və orta nəslin bütün siyasi xadimləri Qarabağ hərəkatının nəslindəndir. Lakin artıq Dördüncü Respublika dövrünə başlayırıq və strategiyamız tamamilə dəyişib”.
Ayşən Mustafa
Globalinfo.az