Paşinyan vahimə içində: İrəvan Moskvanın “qaynar qazan”ına atılır?

Bir müddət öncə Avropa İttifaqına yaxın “EU reporter” saytı “Ermənistan Putinin Ukrayna müharibəsindəki logistika mərkəzidir?” başlıqlı məqalə yayımladı.

Məqalədə Rusiyanın sanksiya tətbiq edilən mallarını erməni şirkətləri vasitəsilə Gürcüstan üzərindən beynəlxalq bazarlara çıxardığı qeyd olunur. ABŞ-ın artıq aylardır bu erməni şirkətlərini “qara siyahı”ya salmaq üçün sənəd topladığı iddia edilir.

Aİ və ABŞ-ın Rusiyaya qarşı regionda Ermənistanı əlində tutmağa və bölgəyə onun vasitəsilə daxil olmağa çalışdığı bir zamanda bu addım necə dəyərləndirilməlidir?

Prosesi Globalinfo.az-a dəyərləndirən politoloq Sultan Zahidov Rusiyaya görə Ermənistana daha öncə də xəbərdarlıq edildiyini deyib:

“Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda yardım etməsi məsələsi artıq bir neçə ildir ki, gündəmdədir. Xatırlatmaq lazımdır ki, təxminən ötən ilin bu zamanlarında ABŞ-ın Xəzinədarlıq Departamenti Ermənistanın bir neçə şirkətini “qara siyahı”ya salmış, onlara qarşı sanksiya tətbiq etmişdi. Çünki bu şirkətlər qadağan olunmuş materialları Ermənistandan Rusiyaya ötürürdülər. Təxminən 5-6 ay öncə bir sıra məşhur mənbələrə əsasən Ermənistan ABŞ və Avropa İttifaqından əldə etdiyi yarımkeçiriciləri, texniki cihazları, eyni zamanda çipləri Rusiyaya ötürməkdə ittiham olunmuşdu. Qeyd etmək lazımdır ki, Rusiya həmin cihazlardan, elektrik qurğularından müxtəlif növ hərbi vasitələr hazırlayaraq onlardan Ukraynaya qarşı istifadə etmişdi. Bir sözlə, Ermənistan bilavasitə Ukraynadakı müharibədə Rusiyaya yardım etməkdədir”.


Sultan Zahidov

Politoloq bildirib ki, Ermənistan Rusiyaya qarşı sanksiyalar məsələsini nəzərə almalıdır:

“Burada əsas nüans odur ki, İrəvanın hər hansı materialı Moskvaya ötürməsi qarşısında ciddi maneə yoxdur. Həmin materiallar Ermənistandan Gürcüstana, oradan da Rusiyaya göndərilir. Bu proses isə Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz dəmir yolları vasitəsi ilə həyata keçirilir. Biz bilirik ki, bu şirkət Rusiyaya məxsusdur. Nəzər almaq ki, Ermənistan və Rusiya Avrasiya İqtisadi İttifaqının üzvləridir, yəni onlar arasında ticari baryerlər yoxdur. Lakin sanksiyalar var, İrəvan Aİ və ABŞ-la əməkdaşlıq xəttini rəhbər tutur, hətta Ai ilə tərəfdaşlıq razılaşması da imzalandı. Bu o deməkdir ki, Ermənistan Rusiyanın sanskiyalardan yayınmasını müxtəlif növ monitorinq və nəzarət mexanizmləri ilə önlənməlidir. İrəvan bunu edə bilər”.

S.Zahidov İrəvanın Qərbin istəklərini Rusiyadan çəkindiyi üçün yerinə yetirə bilmədiyini deyib:

“Bəs Ermənistan niyə Rusiyaya qarşı bu addımı atmır? Burada iki ssenari oraya çıxır. Birincisi, İrəvan rəhbərliyi Rusiyanı önləyə bilmir. Çünki Ermənistanın daxilində ticari-iqtisadi, hərbi sektorda hələ rəhbərliyin nəzarət mexanizmləri yoxdur. İkincisi ssenari isə odur ki, İrəvan əslində proseslərə nəzarət edə bilir, lakin Rusiyanın əks həmlələrindən çəkinir. Düşünürəm ki, ikinci ssenari vəziyyəti daha aydın şəkildə ifadə edir. Məlumdur ki, Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi və s. hələ də böyük ölçüdə Rusiyadan asılıdır. Onsuz da münasibətlərdə gərginliyin yaşandığı ölkə ilə münasibətlərini daha da pisləşdirməsi Ermənistan rəhbərliyində vahimə yaradır”.

“Üçüncü bir ssenari də var ki, İrəvanın hazırda ABŞ və Qərblə yaxın əlaqələri yayındırmadır. Bu, Rusiyanın razılığı ilə baş tutan bir prosesdir. Əslində İrəvan Moskvadan uzaqlaşmayıb, Rusiya tədarükünə sanksiya tətbiq edilən Avropa mallarını əldə etmək üçün bu addım atılıb. Lakin mən bu varianta o qədər də inanmıram. Çünki Rusiya-Ermənistan münasibətləri heç vaxt bu qədər pis vəziyyətdə olmamışdı”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az