Paşinyan telefon danışığı zamanı Putindən nəyi xahiş edib?

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib ki, ölkədə konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib.

Minasyanın bu açıqlaması bir çox məqama aydınlıq gətirir. Son zamanlar Moskva, Bakı, İrəvan arasında diplomatik trafik diqqət çəkir. Daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər etdi, sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdı, son olaraq isə Prezident İlham Əliyevə zəng etdi.

Putinin Bakıya səfəri və ardınca Paşinyanla telefon danışığının səbəbi artıq böyük ölçüdə bəllidir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi keçirdiyi brifinqdə bildirib ki, üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir. Yəni Putin 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edərək Zəngəzur dəhlizinin açılmasını istəyir. Ehtimal ki, dəhliz məsələsi Əliyev-Putin görüşündə müzakirə edilib və Bakının məsələyə münasibəti müsbət olub. Lakin Putin-Paşinyan telefon danışığında daha fərqli bir məsələ də müzakirə olunub.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi təqdirdə imzalana biləcəyini elan etmişdi. Bu, Bakının sülh üçün əsas şərti idi. Q.Minasyanın “Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır” ifadəsi ehtimal ki, Paşinyanın Putindən xahişidir. Bakının tələbi geri çəkməsini, daha doğrusu, 2027-ci ilə qədər möhlət verməsini xahiş edib.

Əsas sual isə budur: Azərbaycan bu tarixə qədər Ermənistanı gözləyəcəkmi?

Bakı İrəvandan fərqli olaraq mühüm qərarları hisslər yox, reallıqları nəzərə alaraq, yaxın və uzaq perspektivə hesablanan dövlət maraqlarını gözdən keçirərək və təbii ki, geosiyasi vəziyyəti təhlil edərək verir. Bəli, bir qədər əvvəl də Prezident İlham Əliyev sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi təqdirdə imzalana biləcəyini elan edib, ancaq Zəngəzur dəhlizinin açılması da məhz Prezidentin təşəbbüsü ilə 10 Noyabr bəyanatına salınıb. Yəni hər iki halda Bakı həm qazanclıdır, həm də risk faktorları var. Lakin bütün bunlar öncədən hesablanıb.

Rəsmi Bakı İrəvanın “2027-ci ildə referendum” açıqlamasına hələlik konkret cavab verməyib. Lakin həm Minasyanın son açıqlaması, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin brifinqdə dediklərinə baxsaq, Bakının seçiminin dəhlizdən, yoxsa konstitusiyanın dəyişdirilməsindən yana olduğunu müəyyən edə bilərik.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı