Regionda nəqliyyat və siyasi inteqrasiya ilə bağlı yeni açıqlamalar diqqət çəkir. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Axalkalaki–Qars dəmir yolu artıq ölkənin ixrac və idxal əməliyyatları üçün istifadəyə verilib. O, həmçinin Ermənistan–Türkiyə dəmir yolunun bərpasına başlanacağını qeyd edib. Bundan əlavə, seçicilərlə görüşlərdə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ən geci iki il ərzində ləğv olunacağı da vurğulanıb.
Bu gəlişmələr Ermənistan-Türkiyə münasibətlərinə necə yansıyacaq? Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Gürcüstan-Ermənistan oxu yaranır? Bu proseslər regionda bir zaman Rusiyanın xeyrinə olan qüvvələr balansını necə dəyişəcək?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Axalkalaki-Qars dəmir yolunun açılması olduqca mühüm hadisədir:
“Bu, faktiki olaraq Ermənistanın Türkiyə üzərindən Avropaya çıxış imkanlarının genişlənməsi deməkdir. Uzun onilliklər ərzində bağlı qalan tranzit və kommunikasiya xətlərinin açılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Paşinyan da öz çıxışında bunu xüsusi vurğulayaraq qeyd etdi ki, həm Axalkalaki-Qars dəmir yolunun fəaliyyəti, həm də Naxçıvan üzərindən İrana çıxış imkanlarının yaranması, eyni zamanda Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə kommunikasiyalarının açılması bölgə üçün mühüm inkişaf perspektivləri vəd edir.
Türkiyə-Ermənistan sərhədlərinin açılması və dəmir yolu əlaqələrinin bərpasından sonra Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, ümumilikdə regionda kommunikasiya xətlərinin tam şəkildə bərpası Ermənistan üçün də yeni iqtisadi imkanlar yaradır. Belə ki, Ermənistan həm Naxçıvan üzərindən İran və Körfəz regionu ilə əlaqələrini genişləndirə, həm də Azərbaycan vasitəsilə Orta Asiya, Rusiya və Çin bazarlarına çıxış əldə edə bilər”.
Oqtay Qasımov
Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan-Ermənistan formatında əməkdaşlıq platformasının formalaşması və kommunikasiyaların açılması olduqca vacibdir:
“Bunun reallaşması üçün kifayət qədər imkanlar mövcuddur. Əgər 7 iyun seçkilərindən sonra Ermənistan cəmiyyəti Paşinyanın siyasətinə dəstək verərsə və həmin xətt üzrə hökumət formalaşarsa, hesab edirəm ki, Cənubi Qafqazda normallaşma prosesinin daha sürətli inkişaf etməsi mümkündür. Bu halda, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dinamika əldə oluna, Türkiyə ilə münasibətlərin normallaşması sürətlənə, kommunikasiya xətləri açıla bilər. Bütün bunlar həm Ermənistan, həm də bütövlükdə region üçün ciddi iqtisadi və siyasi dividendlər vəd edir”.
Oqtay Qasımovun sözlərinə görə, dörd ölkə arasında əlaqələrin genişlənməsi bölgəmizdə təhlükəsizlik, sülh və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verə bilər:
“Təxminən 200 il ərzində Rusiya regionda dominant təsir gücünə malik olub. Lakin hazırda geosiyasi şərtlər dəyişir və Cənubi Qafqaz ölkələrinin bir-biri ilə əməkdaşlığının genişlənməsi, Türkiyə üzərindən Avropaya və dünya bazarlarına çıxış imkanlarının artması region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan belə bir əməkdaşlıq modelinin qurulması həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə regionun maraqlarına uyğundur. Çünki hazırda əsas məsələ Cənubi Qafqazın qarşıdurma məkanından sabitlik, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsidir. Mövcud şəraitdə region ölkələrinin hamısının bu prosesdə maraqlı olduğu görünür”.
Ləman İmran
Globalinfo.az