Paşinyan hazırlaşır: Böyük “təmizlik” başladı

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbəri olduğu hakim Mülki Müqavilə Partiyasının sıralarında təmizləmələrə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, N.Paşinyan bu addımı 2026-cı il parlament seçkisində qələbəni təmin etmək üçün atıb.

“Mənbələrimiz bildirir ki, baş nazir bölgələrdə nüfuzu olanları və qarşılarına qoyulan məqsədi icra edə bilənlərə vəzifə verməyə çalışır. Bu, həm də Paşinyanın son günlər müxtəlif regionlara intensiv səfərlərinin səbəbini izah edir. Yaxın zamanlarda fərqli bölgələrdə Mülki Müqavilə Partiyasının üzvlərinin tutduqları vəzifələrdən kənarlaşdırılacağı gözlənilir”.

Qeyd edək ki, bundan öncə Ermənistan KİV Nikol Paşinyanın təcili seçki hazırlığına başladığını yazmışdı. Mətbuat erməni baş nazirin Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra özünə etibarlı dayaqlar təmin etməyə çalışdığını yazmışdı. Bu da kadr dəyişiklikliyinin səbəblərindən biri kimi göstərilir.

Əliyar Xəlil
Globalinfo.az