“Məmurların Teymur Əliyev küçəsindəki villaları sökülsün” – Partiya sədrindən şok təklif:

Bakı və Abşeronda məmurların Xəzər dənizini hasarlaması neçə ildir müzakirə edilir. Xalq bundan çox narazıdır. Demək olar, Abşeron çimərlikləri xalqın üzünə qapadılıb. Ötən ilin avqust-sentyabr aylarında qanunsuz hasarlama, şəxsi estakadalar, çimərliklər və s. söküldü. Eyni hal Naxçıvanda da yaşanırdı. Lakin Vasif Talıbov kreslosunu itirdikdən sonra Naxçıvan azadlığına qovuşdu. Ali Məclisin keçmiş sədri kəndlərdə evlərin qarşısından hasar çəkmişdi. Bu günlərdə Şahbuz rayonunun Kolanı kəndində uzunluğu 2 kilometrə çatan daş hasar söküldü.

Əcəba, Abşeron çimərlikləri, Xəzər dənizi məmur-oliqarxların işğalından nə zaman azad ediləcək? Ümumiyyətlə, xalq doğma Xəzərinə qovuşa biləcəkmi?

Həmçinin şəhərin mərkəzi küçələrində, görkəmli yerlərində yüksək çinli məmurların dəbdəbəli villaları, o villaları qoruyan hündür hasarları var. Ölkə bütövlükdə nazirlərin, başqa yüksək vəzifəlilərin hasar işğalına məruz qalıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Müasir Müsavat Partiyanın sədri Hafiz Hacıyev deyib ki, həmin oliqarxlar nəinki hasar çəkiblər, hətta artıq dənizin içinə də giriblər.

H.Hacıyev bildirib ki, bəzi məmurlar cənab prezidentin verdiyi göstərişi unudublar:

Təhsil nazirimiz ayaqyalındır" - Hafiz Hacıyev

Hafiz Hacıyev

“Xatırlayırsınızsa, bir neçə il bundan öncə ölkə başcısının əmrinə əsasən Bayıl qəsəbəsində böyük yaşayış massivi söküldü. Prezident göstəriş verdi ki, heç kim qanunsuz heç nə tikməsin. Görünür, həmin göstəriş kimlərinsə yadından çıxıb. Məmur-oliqarxların çəkdirdikləri hasarın içində böyük malikanələr var ki, mütləq əllərindən alınmalıdır. Hesab edirəm ki, Naxçıvandakı söküntülər təkcə çimərliklərdə deyil, eləcə də Həsən Əliyev küçəsində başlamalıdır. Aparılan söküntülər isə bir günlük kampaniya xarakteri daşımamalıdır”.

Siyasətçi bildirib ki, məmur özbaşınalığı ləğv edilməlilidir:

“Həmin oliqarxların milyardları əllərindən alınaraq xalq fondu yaradılmalı və bütün pullar ora köçürülməlidir. Məmurların dəniz kənarında yerləşən villaları, xaricdəki evləri maaşlarına uyğun olmalıdır. Ondan sonra dediyim kimi, qalan vəsaitləri əllərindən alınmalı, xalq fonduna köçürülməlidir.

Dəniz kənarında olan hasarlar da, tikdirdikləri villalar da dağılmalı, bəzi “artistlərə” və xaricdə yaşayan sevgililərinə aldıqları hər şey isə büdcəyə qaytarılmalıdır. Xalq da görməlidir ki, bəli, bu gün Vasif Talıbovun, Ramiz Mehdiyevin, Zakir Qaralovun və digərlərinin xalqdan oğurladığı pullar şəffaf şəkildə büdcəyə qayıtdı”.

Zaira Akifqızı
Globalinfo.az